Partiya sədri: "Paşinyan Azərbaycan dövlətinin maraqlarına sərf edən adamdır"

GÜNDƏM 06 may 2022, 18:42
Ermənistanda Baş nazir Nikol Paşinyana qarşı kütləvi aksiyalar get-gedə intensivləşir. Müxalifətin mayın 2-dən aktiv şəkildə başlatdığı mitinqlər bu gün də davam edib. Saytlar "Müqavimət hərəkatı"nın bu gün Fransa meydanından 4 istiqamətdə yürüş etdiyini yazıb. Maraqlıdır, bəs bu aksiyalarla Paşinyan hakimiyyətdən devriləcəkmi? Bütün bunlar Qarabağda yenidən müharibənin başlama ehtimalını artırır? 

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın bu proseslərdən sonra devriləcəyi inandırıcı görünmür. Partiya sədri Paşinyanın kifayət qədər güclü dəstəyinin olduğunu vurğulayıb: “Ümumiyyətlə, Nikol Paşinyan Ermənistan üçün çox şeylər edib. İnanmıram ki, bu aksiyalar zamanı o devrilsin. Əslində, biz Ermənistanda gedən siyasi proseslərə qonşu dövlət kimi yox, düşmən kimi baxmalıyıq. Çünki onlar bizim düşmənimizdir! Qeyd edim ki, düzü Paşinyan Azərbaycan dövlətinin maraqlarına sərf edən adamdır. Ona görə də, bizim mediamız çalışmalıdır ki, Paşinyanın yıxılacağını, devriləcəyini tirajlamaqdansa, onun yürütdüyü siyasətin Azərbaycana daha çox xeyir ətirəcəyini vurğulasınlar”.

Partiya sədri bildirib ki, Qarabağda yenidən müharibə başlanıla bilər:

“Bilirsiniz ki, torpaqlarımızı işğaldan tam azad etməmişik. Hələ də, ərazilərimizdə separatçılar, işğalçı qoşunlar var. Həm də çox təəssüf ki, bizim ziyanımıza olan “sülhməramlı” adı altında olan işğalçılar da mövcuddur. Hələ başlanğıcda işğalçı qoşunların sülhməramlı adı ilə Qarabağa gətirilməsi çox şeydən xəbər verirdi. Biz bunun ilk gündən əleyhinə olmuşuq. Bundan başqa, ərazimizdə qondarma dövlət və onun bayrağı da var. Təbii ki, onların arxasında duranlar həm İrəvan, həm də Moskvadır. Ona görə də, ilk növbədə bu məsələlər həll olunmalıdır. Biz ordumuzun qələbəsini davam etdirməli, ondan sonra sülh sazişinə getməliyik. Ümumiyyətlə, biz sülhü diktə etməliyik. Biz sülhü diktə etməkdən ötrü də mütləq torpaqlarımız tam azad olunmalı, ərazi bütövlüyümüz tam təmin olunmalıdır”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top