Könül Nurullayeva: “İşğaldan azad edilən ərazilərin beynəlxalq əhəmiyyəti artır”

GÜNDƏM 06 may 2022, 13:29
“Bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda bərpa-quruculuq işlərini öz maliyyə imkanları hesabına edir. Təsadüfi deyil ki, bu vaxta qədər 4,4 milyard vəsait məhz bərpa-quruculuq üçün ayrılıb. Dövlət başçısı Zəngilan rayonunda xüsusi nümayəndənin təyin olunması zamanı çıxışında təxirəsalınmaz işlərin görülməsi üçün əlavə vəsaitin ayrılacağını bir daha diqqətə çatdırdı”. 

 Bu fikirləri Demokrat.az-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Deputat qeyd edib ki, əsas məqsəd təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və gələcək inkişafı təmin etməkdir:

“Həyata keçirilən kompleks tədbirlər nəticəsində Zəngilan beynəlxalq nəqliyyat logistika mərkəzinə çevriləcək. Burada beynəlxalq hava limanının inşası bu bölgənin əhəmiyyətini daha da artırır. Bu il  istifadəyə veriləcək hava limanı işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə inşa olunan ikinci aeroportdur. Hava limanlarının, avtomobil yollarının çəkilişi, bir sözlə əlverişli nəqliyyat infrastrukturunun qurulması bölgənin turizm imkanlarının, əhalinin məşğulluğunun inkişafına da töhfə verir”.

Onun sözlərinə görə, burada beynəlxalq yükdaşımalar xüsusi qeyd olunmalıdır:

“Belə ki, Rusiya-Ukrayna  müharibəsi fonunda alternativ marşrutların da əhəmiyyəti artıb. Bu mənada Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni beynəlxalq bir yol olacaq. Eyni zamanda dövlət başçımız bildirdi ki, Azərbaycana Xəzər dənizinin Şərq hissəsindən çoxlu müraciətlər daxil olub. Azərbaycan ərazisindən yük göndərmək istəyənlərin həm sayı, həm də yüklərin həcmi artır. Bu səbəbdən Zəngəzur dəhlizi bizim üçün və qonşu dövlətlər üçün əlavə imkanlar yaradacaq. Bu da Azərbaycanın işğaldan azad etdiyi ərazilərin beynəlxalq əhəmiyyətini göstərir”.

“Prezidentin qəbulda qeyd etdiyi kimi, işğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Zəngilandan keçməklə Cəbrayıla birzolaqlı kənd tipli bir yol çəkmək niyyətində idilər. Amma bu məkrli plan baş tutmadı. Azərbaycan isə Horadizdən Zəngilana dörd və altızolaqlı magistral avtomobil yolu çəkir. Məhz bu yoldan istifadə etməklə həm beynəlxalq yükdaşımalar, həm də əhalinin Cəbrayıl rayonuna, eləcə də rahat şəkildə Horadiz-Zəngilan, Zəngilan-Qubadlı, Qubadlı-Laçın marşurutu ilə hərəkət etmək imkanı təmin olunacaq”.  

Sonda deputat əlavə edib ki, yeni çəkilən yol əlverişli marşrutla keçir və məsafə baxımından da əlverişli olacaq:

“Bu da vətəndaşların rahatlığını təmin edəcək. Zəngilanın eyni zamanda zəngin turizm potensialı var. Rayonun turizm potensialı digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılacaq. Burada yaradılacaq turizm infrastrukturu, ümumiyyətlə, turizmin inkişafı ora qayıdacaq insanlar üçün məşğulluq və gəlir mənbəyi olacaq”.
 
Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top