Respublika günündə növbəti əfv sərəncamı olacaq? — AÇIQLAMA

GÜNDƏM 06 may 2022, 11:45
Azərbaycanın əlamətdar günlərində bir qayda olaraq ölkə prezidenti İlham Əliyev əfv sərəncamları imzalayır. Ənənə halını alan bu addımlar nəticəsində minlərlə məhbus azadlığa buraxılır, yaxud cəzası azaldılır. Əfv sərəncamı nəticəsində beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi xeyli sayda tanınmış şəxslər də azadlığa buraxılıb. Qeyd edək ki, Prezidentin bu qərarı beynəlxalq təşkilatlar tərəfindən də təqdir olunub.

Görəsən növbəti əfv sərəncamı 28 May-Respublika günü münasibətilə imzalana bilərmi?

Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Demokrat.az-a bildirib ki, hazırda Əfv Komissiyasının iclasları gedir və artıq iki iclas yekunlaşıb. Onun sözlərinə görə, 200-dən artıq şəxsin müraciətlərinə baxılıb:



“Əlbəttə ki, qanunvericiliyin tələbinə görə, əfv sərəncamı prezidentin müstəsna səlahiyyətindədir. Onun nə zaman verilməsi prezidentdən aslı olan bir məsələdir. Biz komissiyaya daxil olan hər bir müraciətə də hər zaman olduğu kimi, diqqətlə yanaşırıq. Geniş müzakirələrdən sonra hər bir müraciət ətrafında rəy hazırlanır. Cənab Prezidentə təqdim olunması üçün müvafiq qərar qəbul olunur. Bilirsiniz ki, əfv sərəncamı vermək hüquqi cənab Prezidentin müstəsna səlahiyyətləri sırasındadır. Ölkə rəhbəri hər zaman fəaliyyətində şəffaflığa, humanizmə, mərhəmət hisslərinə söykənən prinsiplərə əsaslanıb. 28 May günündə əfv sərəncamı imzalana bilər. Yəni, belə bir mühüm hadisənin olması gözlənilir.Qeyd edim ki, əfv sərəncamının neçə şəxsi əhatə edəcəyi ölkə başçısı tərəfindən müəyyən edilir və bu barədə bəri başdan məlumat vermək səlahiyyətimiz yoxdur”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top