“Ölkəmizin təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter alıb”

GÜNDƏM 04 may 2022, 18:02
“Təhsil hər bir dövlətin gələcəyidir.  Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər  inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq görərik ki, əsas hərəkətverici qüvvə təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Ona görə  çalışırıq və bundan sonra da çalışmalıyıq ki, təhsilin səviyyəsi ən yüksək dünya standartlarına cavab versin. Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Bu əminlik də ifadə edilir ki,  təhsillə bağlı olan islahatlar, yeniliklər  öz nəticəsini verəcək və verir.

Təbii ki, cənab Prezidentin bu inamına  əsas verən  ölkənin təhsil sisteminin inkişafı üçün  möhkəm təməlin yaradılması və zamanın tələbinə uyğun olaraq təkmilləşdirilməsidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev təhsili millətin gələcəyi kimi dəyərləndirərək bu sahədə biri-birindən önəmli addımları atmaqla  bugünkü inkişafın əsasını qoymuşdur.  Ümummilli Liderin istər hakimiyyətinin birinci, istərsə də ikinci dövründə  Azərbaycan təhsilinin inkişafı prioritet məsələ kimi öndə dayanıb. Son 18 ildən artıq müddətdə bu xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  təhsil sahəsində  yeniliklərin, təkmilləşmənin davamlı olmasında  özünü qabarıq şəkildə büruzə verir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Demokrat.az-a açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə paralel addımlayır:  “Təhsilə göstərilən diqqət  büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bunun də səbəbləri aydındır. Təhsilə yatırılan  vəsait  gələcəyimizə yönələn investisiyadır.  Hər dövrün tələbinə uyğun olaraq qarşıya yeni vəzifələr çıxır ki, bunun da icrası kadr potensialını aktuallaşdırır.  Dövlət başçısı İlham Əliyev 2003-cü ildə «Neft kapitalını insan kapitalına çevirək!» tezisini irəli sürərkən bu hədəfi də açıqlamışdır ki, kadr hazırlığı  ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırılmalıdır.»

YAP Xətai rayon təşkilatının sədri  təhsilin  inkişafının  məktəbəqədər,  həmçinin orta təhsil müəssisələrindən başlandığını  önə çəkərək  məktəb binalarının   tikintisinin və yenidən bərpasının prioritet məsələ olduğunu vurğulayıb: “Dövlət başçısı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yeni məktəb binalarının tikintisinə, mövcud  məktəblər üçün əlavə korpusların  inşasına, onların əsaslı təmirinə,  müasir avadanlıqlarla  təchizatına, ümumilikdə  təhsil infrastrukturunun tam yenilənməsinə  göstərdikləri diqqət və qayğının nəticələri göz önündədir. Ölkəmizin  təhsil sistemində irimiqyaslı islahatlar prosesi artıq dönməz xarakter almış, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunaraq reallaşdırılmasına başlanmış,  təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər həyata keçirilmişdir. Qeyd etdiyimiz kimi, bu tədbirlər sırasında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi əsasdır. Bu istiqamətdə məktəb binalarının tikintisini əhatə edən digər proqramlar da təsdiq olunub.  Bakı və Bakıətrafı qəsəbələrin  sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, həmçinin regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına  əsasən ölkədə ümumtəhsil məktəblərinin infrastrukturunun əsaslı şəkildə yeniləşdirilməsi mümkün olmuşdur. Hər yeni tədris ilində cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə  onlarla   məktəb binası   istifadəyə verilir. Ən ucqar kəndlərdə,  qəsəbələrdə belə modul tipli məktəblərin  quraşdırılması təhsilə əlçatanlığı təmin edir. Qəzalı, istismar müddəti  başa çatmış  məktəblərlə bağlı problemlər də öz həllini tapıb.”  

“Təhsil islahatları təkcə məktəb binalarının tikintisi ilə məhdudlaşmır” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki,  məktəblərdə təhsilin keyfiyyəti də yüksəlməkdədir. Müəllim hazırlığı, kurikulumun tətbiqi, yeni dərsliklərin yaradılması və sair  istiqamətlərdə də  islahatlar davam edir. Yeni dərslik siyasətinin tətbiqi,  müəllimlərin işə qəbulu qaydaları ilə bağlı tətbiq edilən yeniliklər son illər qazanılan uğurlardır. Bir sözlə, istər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi təhsil sistemində keyfiyyətin yüksəldilməsidir. Hazırda respublika üzrə cəmi 4 mindən artıq məktəb var ki,  onların çox hissəsi yenidən tikilib və bu proses davam edir.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Heydər Əliyev Fondunun  təhsilin inkişafına xidmət edən  layihələri təqdirəlayiqdir: “Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində  2 mindən artıq yeni məktəb binası tikilib, eyni zamanda,   yenidən qurulub, bərpa edilib. Mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak etdilər. Heydər Əliyev Fondunun 2005-ci ildən  həyata keçirdiyi “Yeniləşən Azərbaycana  yeni məktəb» layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Kürdəxanı qəsəbəsində istifadəyə verilən 304 nömrəli məktəb də Fondun həmin proqramı çərçivəsində inşa olunub. Qəsəbədə tikilən yeni məktəb binasını Bakı şəhərinin, ətraf kənd və qəsəbələrin sosial- iqtisadi inkişafı ilə bağlı görülən işlərin davamı hesab etmək olar. Son dörd il yarımda Sabunçu rayonu üzrə yeni inşa edilən, əsaslı təmir olunan və əlavə korpuslar tikilən məktəblərin sayı 13-dür. Kürdəxanı qəsəbəsindəki 304 saylı tam orta məktəb isə sayca 14-cüdür. Ümumilikdə ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchiz edilməsi gənc nəslin daha savadlı və bilikli yetişməsinə hesablanıb. Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır.”

Vüqar Rəhimzadə  dünyada innovasiyalar ölkəsi kimi tanınan Azərbaycanda  ali təhsil müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi, həmçinin  tələbələrin elmin sirlərinə daha dərindən yiyələnmələri üçün  atılan addımlardan da bəhs edib: “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi,  ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Dövlət başçısı İlham Əliyevin bu il imzaladığı müvafiq Sərəncamla təsdiqlənən  “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın  da əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycanın  dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir.”

YAP Xətai rayon təşkilatının sədri diqqətə çatdırıb ki,  tarixi Zəfərimizin yaratdığı reallıqlar  islahatlar prosesinin digər sahələr kimi, təhsildə də davam etdirilməsini bir zərurətə çevirir. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri çərçivəsində bərpa edilən işğaldan azad olunmuş ərazilərimiz müasir dövrün yeniliklərini özündə əks etdirir. Bu baxımdan  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in iqtisadiyyatın uzunmüddətli inkişafının müasir və güclü təhsilə arxalanmasına,  insan kapitalının milli sərvətdə iştirak payının davamlı şəkildə artırılmasına dair müddəaları ölkədə insan kapitalının inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top