Tural Abbaslı: “Zelenski elə düşünür ki, bütün dünya bunlara borcludur”

GÜNDƏM 03 may 2022, 15:30
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyə ilə bağlı dediyi fikirlər nə Azərbaycanda, nə Türkiyədə birmənalı qarşılanır. Çünki Türkiyə bugün yeganə ölkələrdəndir ki, Rusiyanın Ukraynaya hücumunun qarşısının alınmasını və müharibənin dayandırılmasını istəyir. Bir sözlə, orada insanlar ölməsin, şəhərlər dağılmasın, infrastruktur sıradan çıxmasın deyə Türkiyə indi əlindən gələni edir”.

Bunu Pravda.az-a Ukraynana prezidenti Volodmir Zelenskinin Türkiyənin barədə səsləndirdiyi ittihamlarla bağlı məsələni şərh edərkən Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

T.Abbaslı bildirib ki, bugünə qədər Ukrayna və Rusiya arasında olan danışıqların ən effektlisi məhz Antalya və İstanbulda baş tutub: “Nəticəsində Rusiya Kiyevin mühasirəsini dayandırıb və bir çox əraziləri boşaldıb. Bugün görünən odur ki, Zelenski elə düşünür ki, bütün dünya bunlara borcludur. Ona elə gəlir ki, Ukraynaya münasibət bütün dünya dövlətlərinin vicdanlı və vicdansız olmasını ortaya qoyacaq. Amma dünyada başqa konfliktlər də var. Orada da kifayət qədər insan həlak olur, şəhərlər dağılır və bu ölkələrin heç biri digər ölkələrə qarşı ittihamla danışmır. Zelenski daha öncə azərbaycanlı jurnalistin verdiyi suala da təxminən eyni cavabı vermişdi ki, “Biz Azərbaycana təşəkkür edirik, amma daha çoxunu gözləyirik”. Bu onun siyasi təcrübəsinin az olmasından irəli gəlir. Təsadüfi deyil ki, Türkiyə ilə bağlı bu fikirləri o, məhz Yunanıstan jurnalistlərinə verdiyi müsahibə zamanı deyib. Türkiyə ictimaiyyətinin Ukrayna məsələsindəki mövqeyini dəyişməsi Zelenski üçün böyük bir itki olar. Bu, həm Ukraynaya, həm də Zelenskiyə böyük zərbə kimi qiymətləndirilər. Ümumiyyətlə, normal, özünü sivil dünyanın parçası hesab edən ölkələr Rusiya Ukrayna münaqişəsində Ukraynanın yanındadır və bu, sadəcə, Zelenskiyə görə deyil. Həm də digər ölkələrin ərazi bütövlüyünün tanınması və onların gələcəkdə belə təcavüzə məruz qalmaması üçün sərgilədiyi mövqedir. Bir daha qeyd etmək lazımdır ki, digər ölkələrin borcu imiş kimi qəbul edib onların üzərinə getmək doğru siyasət deyil. İndi bir nömrəli məsələ hansı ölkənin nə etdiyi deyil, atəşkəsin elan olunması, insan ölümünün qarşısının alınması və müharibəni dayandırmağa çalışmaqdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top