Könlü balıq istəyənlər, mövsüm bitir!

SOSİAL 29 apr 2022, 16:16
El arasında belə bir deyim var: “R” hərfi olmayan aylarda balıq yemək olmaz. Bu deyimi əsas tutaraq bir çox insanlar isti havaların gəlməsi ilə əlaqədar olaraq balıq yeməkdən imtina edirlər. Bəs görəsən bu nə dərəcədə həqiqəti əks etdirir? 23 ildir ki, balıqçılıq sənəti ilə məşğul olan Kamran Məmmədov Demokrat.az saytına məsələni belə izah edib.

“Babam və atam peşəkar balıqçı olublar. Elə uşaq olandan mən də onlara qoşulub balığa gedirdim. Təxminən 7 yaşım vardı. İndi özüm də bu sənətlə peşəkar şəkildə məşğul oluram. “R” hərfi olmayan aylarda balığın yeyilməməsinin heç bir məntiqi izahı yoxdur. Vaxtilə bu dinimizlə bağlı olub. Çünki o vaxt “r” olmayan aylarda hava isti olub, balıq kimlərisə zəhərləyib. Buna görə də bu deyimlərin heç bir əsası yoxdur, balıq bütün aylarda yeyilir. Bəzi balıqlar var ki, onların xüsusi təmizlənmə qaydası var. Belə ki, ağ balığın, nərə və bölgə balığının onurğa sümüyünün içində iliyi var, onu çıxartmasan o balığın bədəninə siflis verir və bu da zəhərlənməyə gətirib çıxarır. Bundan başqa balığın ödü də əzilməməlidir” deyə balıqçı bildirib. 

 Terapevt Arzu Hüseynova isə isti aylarda balıq yeyilməməsini belə izah edir:

“Bu deyimin elmi açılışı ondan ibarətdir ki, adında “R” hərfi olmayan aylarda, yəni isti aylarda balığı saxlamaq çətin olur. Yəni, onu alıb evə gətirənə qədər xarab olma ehtimalı var. Bir də onların kürü tökməsi ilə əlaqədardır. Kürü tökən balıq aqressiv olur və onları tutmaq çətin olur.” 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza bildirib ki, balıqdan hazırlanan məhsullarda diqqətli olmaq lazımdır.

“Balığın nə vaxt yeyilməsi barədə hər zaman söz-söhbətlər dolaşır. Uzun illər öncə, hətta qədim zamanlardan balıq qida olaraq yeyilir. Bəlkə də insanın əli çatdığı ilk qida elə balıqdır. Zəhərlənməsi digər qidalara nisbətən daha tez olduğuna görə balığın yeyilməsinə tarix boyu həssas yanaşılıb. Buna görə də, balıqdan zəhərlənmələr çox olduğu üçün onun yay aylarında yeyilməsi məsləhət görülməyib. Lakin buzxana və soyuducular əmələ gələndən sonra həmin mövzu nisbətən öz aktuallığını itirib. Bəli, balıq riskli yeməkdir, bir anın içində insan bu qidadan zəhərlənə bilər. Bu qidanı hisə verilmiş, buzlu və konservləşdirərək qəbul edirlər. Belə olan halda mikroblar, zəhərli maddələr, bakteriyalar arta bilər və insanın həyatına bir anlıq son qoya bilər. Təzə balıqla köhnə balığı seçmək o qədər də çətin deyil. Belə ki, təzə balığın gözü parlaq və aydın görünməlidir, çökək olmalı deyil, pulcuqları üzərində olmalıdır, qəlsəsəmələrin altı açıq-qırmızı rəngdə olmalıdır. Əlbəttə ki, balığı qoxulamaq da pis olmaz. Mütləqdir ki, köhnə balıqdan spesifik iy gələcək. Duza qoyulmuş balıqlar isə nisbətən təhlükəsiz olur, çünki duz mikrob və bakteriyaları öldürmək qabiliyyətinə malikdir” – deyə Eyyub Hüseynov bildirib.

İsti aylarda balıq ovunun tövsiyə edilməməsi qanunda da əksini tapır. Belə ki, balıqların kürütökmə dövrü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1 may 2021-ci ildən etibarən balıq ovuna4 aylıq qadağa qoyulub. Yəni ki may, iyun, iyul və avqust aylarında balıq ovlamaq qadağandır. Balıq ehtiyatlarının qorunması və artımı üçün bu qaydaya əməl olunmalıdır. 

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top