YAP-da Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirildi — FOTOLAR

DAXİLİ SİYASƏT 28 apr 2022, 14:21
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.

Demokrat.az xəbər verir ki, toplantıda YAP sədrinin müavini - Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, səhiyyə naziri Teymur Musayev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan T.Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “O, gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə Əliyevanın adı ilə bağlıdır. O həmçinin Azərbaycanda oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı, Zərifə Əliyevanın ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı olub. O, Vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb. Bir sözlə, Prezident İlham Əliyev tarix yazıb və adını tarixə həkk etdirib”.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə Əliyeva üçün xeyirxahlıq hər zaman həyat tərzi olub: "Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirən Zərifə xanım bütün situasiyalarda ulu öndərə dəstək olub. Zərifə xanım ölkəmizdə geniş yayılan traxomanın ləğvi istiqamətində aparılan elmi araşdırmaları novator alimin dissertasiyasının əsasını təşkil etdi. İlk dəfə olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə xəstəlikləri öyrənilib”. Nazir deyib ki, dövlət başçısının həkim ailəsində böyüməsi bu gün onun fəaliyyətində səhiyyə sahəsinə xüsusi diqqət yetirməsində, əhalinin sağlamlığı üçün daim addımlar atmasında özünü göstərir: “Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə onun böyük zəhməti var. İnsanlara nur bəxş etmək funksiyası olan Zərifə Əliyevanın işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Akademik Zərifə Əliyeva - xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda nitq söyləyib: “Mən düşünürəm ki, o, bizim insan kapitalımızın əhəmiyyətli hissəsidir. Bu gün Zərifə xanım insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğulayıb ki, 40-cı illərin əvvələrində 50-ci illərin əvvəllərində dünyada 400 milyon insan traxoma xəstəliyinə tutulmuşdu və onlardan 80 milyonunun gözü tutulmuşdu: “Zərifə xanımın elmi fəaliyyyəti, elmi tədqiqatları ilə tanış olanda görürük ki, o, həmişə oftalmologiyanın ən çətin sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu, tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi. Zərifə xanımın bu sahədə iki monoqrafiyası var”.

Tədbirin sonunda Prezident İlham Əliyevin 7 mart tarixli sərəncamı ilə Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təltif edilmiş xanımlara “Tərəqqi” medalı təqdim edilib.

Bundan əlavə, Azərbaycan Prezidentinin 1 fevral tarixli sərəncamına əsasən Azərbaycanın ictimai və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Zərifə Teymur qızı Salahovaya “Şərəf” ordeni təqdim olunub.



Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top