Siqaretin həm cana, həm də mala dəyən ziyanı...

SOSİAL 27 apr 2022, 16:57
Dünyada siqaret çəkən, onun aludəçisi olan milyonlarla insan var. Çəkənlərin çoxu bu vərdişdən imtina etmək arzusundadır. Siqaretdən imtina edə bilməməyin səbəbi nikotinin orqanizmdə yaratdığı asılılıq və ona psixoloji cəhətdən bağlılıqdı. Odur ki, bu zərərli vərdişi tərgitməyin əsas yolu qarşıya önəmli məqsəd qoymaq və ondan imtina etməkdir. Unutmayaq ki, bu mərəz orqanizmi sıradan çıxarmaqla yanaşı ailə büdcəsinə də ciddi maddi ziyan vurur. Zərərli asılılıqdan qurtulmaqla nələrə sahib olmaq mümkündür? 

Demokrat.az sualı iqtisadçı Əkbər Əsgərova ünvanlayıb:

“Siqaret çəkməyin iqtisadi zərəri siqaretdən istifadə edən əhali üçün 300 milyard dollara yaxındır. Bu məbləğ yalnız siqaretin alınması üçün xərclənən pullar deyil, həm də mütəmadi siqaret çəkən alüdəçilərin xəstəxanalara xərclədiyi pullardır. Xəstəxanalara xərclədiyi pullar dedikdə, birbaşa olaraq tütün alüdəçilərinin tütün istifadəsi səbəbindən sağlamlığında yaranan problemlərin həlli üçün xəstəxanalara müraciət etdikləri zaman ödədikləri pullar nəzərdə tutulur.”

Pis vərdişlərə xərclənən pullar gündəlik olaraq insanların gözünə böyük görünmür. Ancaq uzun müddət yatırım etsək, kifayət qədər vəsaitin toplandığını görə bilərik. Hətta 10 il ərzində siqaretə xərclənən pula avtomobil almaq mümkündür. 



İqtisadçı ekspert  Əkbər Əsgərov deyir ki, qiymətindən asılı olmayaraq bu vəsaiti toplayaraq investorlara çevrilə bilərlər: 

“Azərbaycanda olan siqaret qiymətlərinin gündəlik təxminən 4 manat olduğunu nəzərə alsaq, görərik ki, siqaret alüdəçiləri illik olaraq, siqaretə 1500 manata yaxın pul xərcləyir və 10 ildən sonra cibinə 15 minə yaxın zərər vurmuş olur. Aydın məsələdir ki, siqaret çəkən insanlar riskə daha meyilli olurlar. Çünki onlar öz sağlamlıqlarına risk etmiş olurlar. Yatırımlarda risk və gəlir mütənasib olduğunu nəzərə alsaq, siqaret istifadəçilərinin riskli alətlərə yatırım edərək daha çox gəlir əldə edə biləcəyini görə bilərik. Buna yeni yaranan şirkətlər, Azərbaycanda hazırda inkişaf edən start up aiddir. Siqaret alüdəçiləri bu zərərli vərdişi tərgitməklə investora çevrilə bilərlər.”

İndi siz düşünün. Pul xərcləyib həm cana, həm cibə zərər vurmaq, yoxsa sağlam həyata investisiya qoyub gələcəyi qurmaq? Seçim sizindir.
 
Gülçin Qorxmaz
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top