AMEA-dakı problemlər — Akademik təkliflər paketini açıqladı

GÜNDƏM 27 aprel 2022, 15:00
Bu gün AMEA-nın ümumi yığıncağı keçirilib.

Yığıncaqda çıxış edən akademiyanın vitse-prezidenti akademik Rasim Əliquliyev bir sıra təkliflərlə çıxış edib.

Dövlət tapşırıqlarının icrası, mövcud vəziyyət və problemlərdən danışan akademik bildirib ki, dövlət tapşırıqları (dövlət proqramları və s.) Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) elmi müəssisələrinə heç bir maliyyə resursu ayrılmadan təmənnasız olaraq həyata keçirilib.

O vurğulayıb ki, müxtəlif təyinatlı sənədlərin, tədris materiallarının elmi-texniki ekspertizasına görə dövlət qurumları tərəfindən ödənişlər həyata keçirilmir. Ümumiyyətlə, dövlət proqramlarının icrası üçün müəyyən maliyyə resursları ayrılsa da, AMEA üçün bu nəzərdə tutulmur.

Lakin eyni xarakterli işlər müxtəlif təşkilatlar və biznes qurumları ilə onlarla kontraktlar əsasında maliyyə münasibətləri qurulur.

Rasim Əliquliyev AMEA-da həyata keçirilməsi nəzərdə tutulan islahatlar paketinə bir neçə bənddən ibarət olan təkliflər irəli sürüb.

Həmin təkliflər aşağıdakılardır:

“İSLAHATLAR PAKETİNƏ 1-ci TƏKLİF:

AMEA elmi müəssisələrinin bu istiqamətdə plandan və büdcədən kənar fəaliyyətinin dəstəklənməsi üçün müvafiq normativ-hüquqi sənədlər işlənilməli, lazımi maliyyə resursları nəzərdə tutulmalıdır.

KADR POTENSİALININ VƏZİYYƏTİ

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:

Gənc və orta yaşlı alimlərin sayında ciddi problem yaranıb.

Əmək haqlarında ciddi fərq olduğu üçün çoxlu sayda elmlər və fəlsəfə doktorları ali təhsil və digər qurumlara işləməyə gedirlər.

Eyni səbəbdən də AMEA-nın elmi müəssisələrinə işləməyə gəlmirlər.

İSLAHATLAR PAKETİNƏ 2-ci TƏKLİF:

Bu vəziyyətin yaranmasının səbəbləri dərindən araşdırılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

AMEA-ya seçkilər   keçirilməlidir və s.

TƏTBİQİ VƏ İNNOVATİV  FƏALİYYƏT

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:

2021-ci ildə FRTEB-in 7 elmi müəssisəsi üzrə kontraktlar üzrə görülən işlərin məbləği cəmi 341 min manat olub.

Niyə bu qədər az? Çünki mövcud normativ-hüquqi sənədlər elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyətinə ciddi problemlər yaradırlar:

Mövcud olmayan kontraktlar haqqında əvvəlcədən smeta tələb olunur.

Qazanılmış məbləğ növbəti ilə keçirilə bilmir, avtomatik olaraq dövlət büdcəsinə köçürülür.

Tenderlərdə iştirakla bağlı vəsait nəzərdə tutulmur.

Qazanılan vəsaitin xərclənməsində sərbəstlik yoxdur və s.

Bu problemlərdən yan keçmək üçün ən müxtəlif üsullardan, bəzən də qanundankənar fəaliyyət mexanizmlərindən istifadə edirlər və s.

İSLAHATLAR PAKETİNƏ 3-cü TƏKLİF:

Ölkənin mövcud qanunvericiliyi əsasında biznes qurumları ilə normal rəqabət apara bilmək və büdcədənkənar əlavə vəsaitlər qazanmaq imkanlarına malik olmağı təmin edən yeni normativ-hüquqi baza işlənilməli, xüsusən də, «Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə» təkmilləşdirilməlidir.

DƏRC OLUNMUŞ ELMİ ƏSƏRLƏR

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:

Son bir neçə ildir ki, AMEA əməkdaşlarının WoS beynəlxalq elmi   bazasına çıxışı bağlanıb.

Son bir neçə ildir ki, beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə müəlliflərə mükafat verilmir (əvvəllər verilirdi), digər zəruri xərclər (tərcümə, dərc haqqı və s.) ödənilmir.

Elmi jurnalların dərci üçün təşkilati-texniki və maliyyə dəstəyi göstərilmir.

İSLAHATLAR PAKETİNƏ 4-cü TƏKLİF:

Beynəlxalq elmi bazalara  (WoS, SCOPUS və s.) çıxış  məsələsi ölkə səviyyəsində, dövlət büdcəsi çərçivəsində həll olunması məqsədəuyğun olardı.

Beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirən alimlərin stimullaşdırılması və digər zəruri xərclərin ödənilməsi çox vacibdir.

Beynəlxalq elmi bazalara (WoS, SCOPUS və s.) daxil edilmiş Azərbaycan jurnallarına   ünvanlı   maliyyə  dəstəyi verilməlidir.

ELM VƏ TƏHSİL ƏMƏKDAŞLIĞI

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:

Müasir dövrün qlobal çağırışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranıb.

Bu bilik sahələrinin və ixtisasların əksəriyyəti riyaziyyatın, informatikanın geniş tətbiqi ilə xarakterizə olunurlar:

BİLİK SAHƏSİ + RİYAZİYYAT + İNFORMATİKA

İSLAHATLAR PAKETİNƏ 5-ci TƏKLİF:


Xaricdə təhsil üzrə dövlət proqramında bu yeni ixtisaslara xüsusi  diqqət verilməlidir.

AMEA və Təhsil naziri bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər.

AMEA-da lazımi potensialın (maddi, kadr və s.) mövcud olduğunu nəzərə alaraq, ali təhsil müəssisəsinin təşkili məqsədəuyğun  olardı.

AMEA-da İSLAHATLAR

AMEA ƏMƏKDAŞLARININ ƏMƏKHAQLARININ TƏKMİLLƏŞDİRİLMƏSİ

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:


Qüvvədə olan normativ-hüquqi sənədlərə əsasən AMEA-da əməkhaqqının ödənilməsinin 2 növ mexanizmi vardır:

AMEA Rəyasət Heyəti və aparatının, Gəncə bölməsinin aparatının işçiləri üçün xüsusi cədvəl üzrə

AMEA-nın elmi müəssisə və təşkilatlarının işçiləri üçün vahid tarif cədvəli əsasında

Bu mexanizmlərə görə AMEA Rəyasət Heyəti aparatının sıravi işçiləri elmi müəssisələrin baş direktorlarından, icraçı direktorlarından, elmi katiblərdən, elmi şöbələrin rəhbərlərindən çox maaş alırlar.

Elmi müəssisələrdə İnzibati-İdarəetmə  və köməkçi heyətin elmi yaradıcı heyətlə əmək haqlarının  Vahid Tarif Cədvəli üzrə eyni mexanizm ilə ödənilməsi elmi işçilərdə motivasiya  yaratmır.

İSLAHATLAR PAKETİNƏ 6-cı TƏKLİF:

Elmi işçilər kateqoriyasının əməyi baza əmək haqqı saxlanılmaqla elmi problemlərin (layihələrin, qrantların və s.) ünvanlı maliyyələşdirilməsi əsasında motivasiya yaradıcı, stimullaşdırıcı mexanizmlər əsasında müəyyənləşdirilməsi üçün zəruri normativ-hüquqi baza yaradılmalıdır.

AMEA üzrə inzibati-idarəetmə və köməkçi heyətlərin əmək haqları vahid mexanizm əsasında ödənilməsi üçün müvafiq tədbirlər görülməlidir.

ELMİN TƏŞKİLİ, İDARƏOLUNMASI VƏ KOORDİNASİYASININ TƏKMİLLƏŞDİRİLMƏSİ

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:


Elmi fəaliyyəti, nəticələri və nailiyyətləri qiymətləndirmək üçün mövcud mezanizmlər beynəlxalq təcrübəyə və standartlara uyğun gəlmir.

1945-ci ildən başlayaraq AMEA-da tətbiq olunan hesabatlılıq proseduru müasir dövrün tələblərinə cavab vermir, əsas vaxt itkisinə, bürokratik əngəllərə, digər resursların səmərəsiz istifadəsinə səbəb olur:

Hər ilin noyabr ayından başlayan hesabat «Laboratoriya – İnstitut – Elmi Bölmə – Rəyasət Heyəti – Ümumi Yığıncaq» trayektoriyası ilə növbəti ilin aprel  ayına  qədər davam edir

Halbuki müasir texnologiyaların və elmmetrik mexanizmlərin köməyi ilə elmi müəssisələrin də, alimlərin də, elm sahələrinin cari vəziyyətini çox qısa müddətdə qiymətləndirmək, müəyyən təkliflər və tövsiyələr işləmək olar.

Son zamanlar AMEA-nın strukturuna daxil edilən bir sıra mühüm vəzifələr (baş direktor, icraçı direktor, baş menecer və s.) iş prosesində ciddi problemlər yaradır.

Elmin koordinasiyası işi, dissertasiyaların qeydiyyatı istisna olmaqla, demək olar ki, aparılmır.

İSLAHATLAR PAKETİNƏ 7-ci TƏKLİF:

Elmin təşkili və idarə olunması işləri müasir texnologiyaların tətbiqi ilə yenidən qurulmalıdır.

Elmi fəaliyyətin kompleks analizi, qiymətləndirilməsi və analitik hesabatların hazırlanması üçün beynəlxalq təcrübə və standartların geniş tətbiqi təmin olunmalıdır.

Elmin koordinasiyası işləri tamamilə yenidən təşkil olunmalı, zəruri tənzimləyici mexanizmlər işlənilməlidir.

AMEA-nın HÜQUQİ  STATUSUNUN TƏKMİLLƏŞDİRİLMƏSİ

MÖVCUD VƏZİYYƏT VƏ PROBLEMLƏR:


AMEA-nın Nizamnaməsində qeyd olunur ki, AMEA dövlət ali elm təşkilatıdır, mülkiyyəti dövlət mülkiyyətidir, dövlət büdcəsindən maliyyələşdirilir, yəni, dövlət sektoruna aiddir.

Bəs onda dövlət qurumlarına, dövlət qulluğunda çalışanlara aid olan normativ-hüquqi baza niyə tam   həcmdə  AMEA-ya  tətbiq  edilmir?

Digər tərəfdən, Nizamnaməyə görə AMEA qeyri-kommersiya qurumudursa, bəs onda nə üçün elmi müəssisələrdən, alimlərdən elmi nəticələrin kommersiyalaşmasını, innovativ potensiala malik məhsulların tətbiqini, pul qazanmalarını tələb edirik, ölkəmizdə biliklər iqtisadiyyatının formalaşmasında fəal olmalarının təbliğ və təşviq edirik?

Əməyin ödənilməsi dövlət qulluğundakı kimi olsaydı, istedadlı elmi işçilər, xüsusən də gənclər AMEA-dakı tədqiqat prosesindən uzaqlaşıb yüksək maaşlı işlərə getməzdilər.

Sosial müdafiə mexanizmləri dövlət qulluğundakı kimi olsa idi, AMEA-da çalışan işçilər də könüllü olaraq təqaüdə gedərdilər, ömürlərinin sonuna kimi iş yerlərindən bərk yapışmazdılar.

Gənc yaşlarından xarici ölkələrdə fəaliyyət göstərərək təqaüdə çıxan həmkarlarımız 70-80 yaşlarında AMEA-da işə   düzəlməyə   cəhd   etməzdilər.

65 yaşında elmə aidiyyəti olmayan insanlar dövlət qulluğundan təqaüdə çıxıb müxtəlif yollarla AMEA-ya işə düzəlməzdilər.

Bu boşluqdan istifadə edib, Nazirliklərin aparatında 70-80 nəfər ştatda olduğu halda, AMEA Rəyasət Heyətinin aparatında işləyənlərin sayını 465 nəfərə çatdırmazdılar (Xızı sektoru, Şamaxı sektoru və s.)

Təcrübə göstərir ki, bir tərəfdən, mövcud normativ-hüquqi bazanın mükəmməl olmamasi, digər tərəfdən AMEA-nın nizamnaməsi bu problemləri nizamlamaq, tənzimləmək   iqtidarında  deyil.

İSLAHATLAR PAKETİNƏ 8-ci TƏKLİF:

Yuxarıda qeyd olunanlar və digər səbəblər, AMEA-nın hüquqi statusuna yeni baxmağı, yaradıcılıq azadlığı, demokratik idarəetmə, biliklərin kommersiyalaşdırılması prinsiplərini əsas götürməklə AMEA-nın fəaliyyətini tənzimləyən, həyata keçiriləcək islahatlara yol açan, bürokratik maneələr yaratmayan yeni normativ-hüquqi bazanın işlənilməsini zəruri edir.

AMEA-da İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİ İŞLƏRİNİN TƏŞKİLİ

MÖVCUD VƏZİYYƏT VƏ  PROBLEMLƏR:


Son illərdə AMEA-da kompleks islahatların keçirilməsinə dair müxtəlif səviyyələrdə çoxsaylı müzakirələr aparılır, təkrar-təkrar təkliflər toplanılır, ideyalar irəli sürülür, müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşlər keçirilir.

Narahatlıq doğuran məsələ ondan ibarətdir ki, bu ideyalar, təkliflər müxtəlif aspektlərdən (qanunvericilik, hüquq, maliyyə, iqtisadi, sosial və s.) ekspertizası və qiymətləndirilməsi aparılmır, sistemləşdirilərək vahid bir konsepsiya, proqram halına gətirilmir, ölkə rəhbərliyi qarşısında təşəbbüs qaldırılmır.

Aparılacaq islahatlar təkcə AMEA-ya yox, bütövlükdə Azərbaycan elminə, onunla digər strateji sahələrə (təhsil, maliyyə, iqtisadiyyat, əmək bazarı və s.) aid olduğundan maraqlı qurumlarla birgə müzakirələr təşkil olunmur, təşəbbüslər, baxışlar koordinasiya olunmur, ortaq mövqelər, qərarlar formalaşdırılmır və s.

İSLAHATLAR PAKETİNƏ 9-cu TƏKLİF:

Qısa müddət ərzində irəli sürülmüş təkliflərin analizi, qiymətləndirilməsi, sistemləşdirilməsi, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi, mükəmməl bir konsepsiyanın hazırlanması üçün peşəkar alim və mütəxəssislərdən ibarət islahatlar komissiyası yaradılmalıdır.

Eyni zamanda, AMEA-da bu islahatların təşkilini, qarşıya qoyulacaq vəzifələrin həyata keçirilməsini təmin etmək potensialına, dinamik, çevik iş qabiliyyətinə malik yeni kadrlar cəlb olunmalıdır.(konkret.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 noyabr 2024, 21:47
Top