Səfir: “Atəşkəsin əldə olunması üçün Türkiyə üzərinə düşən işi davam etdirir”

REGİON 25 apr 2022, 14:47
Ukraynada başladılan hərbi əməliyyatlar zamanı ölkədə yaşayan Türkiyə vətəndaşlarının təhlükəsizliyi və onların təxliyəsi istiqamətində müəyyən işlər həyata keçirilib. Eyni zamanda, Türkiyə Ukraynaya ən çox humanitar yardım edən ölkələr sırasındadır, müharibənin bitməsi üçün vasitəçilik missiyasını üzərinə götürüb.

AZƏRTAC-ın mövzu ilə bağlı suallarını Türkiyənin Ukraynadakı səfiri Yağmur Əhməd Güldərə cavablandırıb.

Müharibənin başlaması ilə birlikdə böyük bir qeyri-müəyyənliyin ortaya çıxdığını qeyd edən səfir deyib: “Hər kəs gedib, ya da qalmaq arasında tərəddüd edirdi. Bu zaman içində biz də soydaşlarımız üçün ən uyğun və təhlükəsiz dəhlizlər, marşrutlar müəyyən edib, vətəndaşlarımızla bölüşməyə çalışdıq. Təbii ki, Ukraynada 20 minə yaxın türk olduğu üçün bu proses çox çətin oldu. Buna baxmayaq, qısa bir vaxt içində Ukraynaya çoxlu avtobuslar gətirərək vətəndaşlarımızı təxliyə edə bildik. Əlbəttə ki, təxliyə zamanı Ukraynaya qonşu olan ölkələrin səfirlikləri də əlbir olub sərhəddən keçən soydaşlarımıza kömək etdilər. Hətta, Türkiyənin “Qızılay” kimi bəzi xeyriyyə qurumları sərhəd bölgələrinə gedib, müharibədən qaçanların hamısına qida dəstəyi verdilər. İlk olaraq, Ukraynada qalan vətəndaşlarımızın siyahısını hazırlayıb avtobuslarla Lvov və Çernivtsi şəhərlərinə, sonra isə sərhədlərdən keçirdik. Bu zaman içində dəmir yollarından da istifadə etdik. Müharibənin başlamasından etibarən təxminən 18 minə yaxın vətəndaşımızı, soydaşımızı təhlükəsiz ərazilərə çıxarmağı bacardıq. Ancaq hələ də Ukraynada qalan vətəndaşlarımız var. Ukraynadan getmək istəyən Türkiyə vətəndaşlarının müraciətləri hələ də səfirliyimizə daxil olur”.

Hazırda ən çətin şəraitin Mariupol şəhərində olduğunu diqqətə çatdıran Yağmur Əhməd Güldərə bildirib: “Mariupolda təxliyə prosesi davam edir. Mariupoldakı türk məscidi bizim vətəndaşlarımız üçün görüşmə yeri olaraq müəyyən edilmişdi. Maripoldan vətəndaşlarımızın təxliyəsi ilə bağlı problem martın əvvəlindən başladı. O dövrdən rabitə əlaqəsi kəsildi, lakin biz çətin də olsa, koordinasiyamızı davam etdirdik. Bir çox vətəndaşlarımızı Mariupoldan çıxarmağı bacardıq. Orada qalan Türkiyə vətəndaşlarının durumunu izləyirik, təhlükəsiz dəhliz yaranan kimi onların təxliyəsini həyata keçirəcəyik”.

Səfir vurğulayıb ki, Türkiyə Ukraynaya ən çox humanitar yardım edən ölkələrdən biridir. O deyib: “Türkiyə Ukraynaya indiyə kimi fərqli şəkillərdə humanitar yardımlar edib. Ən böyükləri Türkiyədən gələn böyük yardım tırlarıdır, bura əsasən ərzaqlar, geyimlər, tibbi ləvazimatlar daxildir. İndiyə kimi gələn tırların sayı 69-dur, bu yardım tırlarının sayı artacaq. Burada həm dövlətin, həm də vətəndaşlarımızın, özəl şirkətlərinin dəstəyi var. Digər dəstəyimiz isə Ukraynadan çıxan insanlara sərhədlərdə köməkdir. Bu istiqamətdə də Türkiyə geniş yardımını davam etdirir. Bundan başqa Ukraynanın 150 uşaq futbolçusu Türkiyəyə aparılaraq oradakı klublarda təlim məşq toplanışlarını davam etdirir. Həmçinin, çoxsaylı ukraynalı uşaqlar Türkiyənin müxtəlif bölgələrində yerləşdirilib, onların normal həyatı üçün bütün şərait yaradılıb”.

Türkiyənin münaqişənin həllində vasitəçilik missiyasından söhbət açan səfir bu istiqamətdə aparılan işlərdən danışıb: “Bildiyiniz kimi, Türkiyə həm Ukrayna ilə, həm də Rusiya ilə normal əlaqələri olan bir ölkədir və biz bu əlaqələrimizi Ukraynada silahların susması üçün aktiv şəkildə istifadə etmək əzmindəyik. Müharibə başladıqdan sonra iki ölkə arasındakı ilk üst səviyyədə görüş martın əvvəli Antalyada xarici işlər nazirləri arasında baş tutdu. Bu görüşün ardınca bizim nazir Moskvaya və Lvova səfər etdi və bunun nəticəsində də iki tərəfin müzakirələrini İstanbulda bir araya gətirdik. İstanbuldakı görüşdən sonra bəzi perspektivlər meydana gəldi, lakin təəssüf ki, bundan sonra Buça və İrpendə baş verən üzücü görüntülər ortaya çıxdı. Təbii ki, biz də Türkiyə olaraq bu müzakirələrin davamı və maksimum pozitiv nəticələr qazanmaq üçün əlimizdən gələn hər şeyi etməyə hazırıq. İstər xarici işlər nazirləri, istərsə də prezidentlər səviyyəsində görüşlərin baş tutması üçün Türkiyə üzərinə düşən hər bir vəzifəni yerinə yetirməyə hazırdır və bu gün də bu işi davam etdirir”.

Daha sonra Türkiyə iqtisadiyyatına Ukrayna-Rusiya müharibəsinin vurduğu ziyana toxunan Yağmur Əhməd Güldərə əlavə edib: “Həm Ukrayna, həm də Rusiya Türkiyənin önəmli iqtisadi tərəfdaşlarıdır, hər iki ölkədə ciddi sərmayələrimiz vardır, hər iki ölkə ilə turizm sahəsi də çox inkişaf edib, buna görə də sözügedən müharibə Türkiyə üçün də iqtisadi cəhətdən ciddi problemlər yaratdı. Ən əsası da turizmə çox mənfi təsir edəcək. Bundan başqa kənd təsərrüfatına və enerji sektoruna da təsir edir. Buna görə də bir çox ölkələr kimi biz də bu müharibənin iqtisadiyyatımıza təsirini ciddi şəkildə hiss edirik”.

Qara dənizdə Türkiyəyə məxsus gəmilərinin taleyi barədə suala cavabında isə səfir deyib: “Müharibə Qara dənizdə gəmi ticarətinə də mənfi təsir edib, bir çox türk şirkətlərinə aid gəmilər yükləri ilə bərabər hələ də Qara dəniz sularında qalıb. İyirmidən çox gəmimiz limanlardan çıxış gözləyir. Biz də bunun üçün Rusiya və Ukrayna tərəfi ilə danışıqlarımızı davam etdiririk. Gəmilərin ilk fürsətdə limandan çıxmaları istiqamətində ciddi səylə çalışırıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top