“Mən Ukraynanın qələbəsinə inanıram” — Zərdüşt Əlizadə

GÜNDƏM 20 apr 2022, 19:03
Rusiya qoşunlarını Ukraynanın paytaxtı Kiyevdən çıxardıqdan sonra ölkənin şərqində müharibə qızışıb. Ukrayna lideri Zelenski Rusiyanın Donbasda genişmiqyaslı hücuma başladığını, bölgədə Xarkov və Dnepropetrovskda hücumların gücləndiyini açıqlayıb. Məlumdur ki, bu müddət ərzində Ukrayna böyük itkilər versələr də, hələ də Rusiyanın işğalçı ordusuna qarşı çox güclü müdafiə edirlər. Rusiyanın mühasirəsində olan ərazilərdə, xüsusən də Mariupolda humanitar böhran yaşanır. Həftələrlə olan bu vəziyyətə baxmayaraq, Rusiya hələ də Mariupolu ala bilməyib. Bəs, Putin niyə Donbasa nəzarət etmək israrlıdır?

Məsələ ilə bağlı Demokrat.az-ın suallını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirib ki, əgər Rusiya bu regionu tamamilə ələ keçirsə, Putinə “uğur” əldə etmək üçün böyük fürsət vermiş olacaq: “Putin rus xalqına “qələbə” raportu vermək istəyir. Buna görə də, Donbas onun üçün maraq kəsb edir. Yəni, bununla öz xalqını aldadacaq ki, biz oranı nasistlərdən, ukrayna millətçilərindən azad etdik.Əvvəlcə onun müstəqilliyini tanıdıq, indi də onun inzibati sərhədlərini bərpa etdik. Bununla da, biz müharibəni qurtardıq. Ondan sonra başlayacaq Rusiya Qərbə yalvarmağa ki, sanksiyaları ləğv edin, ancaq Qərb də etməyəcək”. 

Politoloq son döyüşlər barədə də danışıb: “Hazırda müharibə gedir, qəti bir söz söyləmək çətindir. Bilirik ki, Ukrayna xalqı öz torpağını, vətənini müdafiə edir, ruslar isə işğalçıdırlar. Düzdür, rusların hərbi gücü daha güclüdür, amma Ukrayna döyüşçüləri rəşadətlidirlər, canlarından keçməyə hazırdırlar. Ancaq müharibənin necə olacağını demək çətindir, hər şeyi döyüş meydanı həll edir. Kim üstün olsa, sonda o, iradəsini göstərəcək. Mən Ukraynanın qələbəsinə inanıram”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top