“Camaatda günah axtarmaq doğru deyil” — “Park Bulvar”da yaşanan izdihamla bağlı İLGİNC AÇIQLAMA

SOSİAL 18 apr 2022, 15:37
“Camaatda günah axtarmaq doğru deyil. Sosioloqlar, sosial psixologiya ilə məşğul olanlar üçün hər şey aydındır. Bu, ilk dəfə Bakıda baş vermir. Dünyanın müxtəlif ölkələrində belə eksperimentlər dəfələrlə aparılıb. Belə tədbirlər, bəzən, o kütlənin psixologiyasını müəyyənləşdirmək üçün təşkil edilir. Bilmirəm, bu blogerin bunu etməkdə məqsədi nə idi? Ola bilsin ki, bu, bir eksperimentdir. Telefon paylamaq istəyib, deyəsən.. Əhalidə günah axtarmaq düzgün deyil.” 

Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu, dünən “Park Bulvar”da yaşanan izdihamla bağlı Demokrat.az-a açıqlamasında bildirərkən deyib. 

O, 26 il öncə oxşar bir hadisə yaşadığını da qeyd edib: 

“Mən, 1994-cü ildə Qahirədə BMT-nin Əhali və İnkişaf Sammitində Azərbaycan Ekspert qrupunun rəhbəri kimi iştirak etmişəm. O sammitdə iştirak edənlər ən azı öz ölkələrində Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində çalışan insanlar idi. Amma orda da dəhlizdə bu eksperimenti keçirdilər. Baxmayaraq ki, hamısı ziyalı, imkanlı insanlar idi. Dedilər ki, üzərində sammitə aid şəkil olan köynəklər paylanacaq. Elə eyni “Park Bulvar”dakı kimi bir vəziyyət yarandı. Mən bir mütəxəssis kimi bilirdim ki, bu eksprimentdir, çünki Moskvada da belə hadisələrin şahidi olmuşdum, elmi ədəbiyyatdan da bilirdim. Belə təcrübələr vasitəsilə kütlənin səviyyəsi aydın olur. Kütlə təmkinlidirmi, bir hadisə olanda özünü necə apara bilər? 
Aydın məsələdir ki, əhali arasında təhsil səviyyəsi, mədəni davranış normaları eyni səviyyədə və qənaətbəxş olmayanda, belə hadisələr yaşana bilər. Bu hadisə Hüseyn Həsənov üçün özünü təbliğatdırsa, sosial psixologiya mütəxəssisləri üçün qiymətli bir təcrübədir”.

Gülçin Qorxmaz
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top