Deputat: “Dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”

GÜNDƏM 15 apr 2022, 12:37
Milli Məclisin plenar iclasında çıxış edən deputat Razi Nurullayev əvvəldə Danimarkada baş verən hadisəyə diqqət çəkdi. 

“Danimarkanın “Starm Kurs” ultra-millətçi hərəkatının lideri Rasmus Paludan yenidən müqəddəs kitabımız olan Qurani-Kərimi İsveçin müsəlmanlar yaşayan məhləsində polisin iştirakı ilə yandırıb. Oraya da polislərin əhatəsində gəlib. Hadisəyə polisin seyrçi yanaşması dinlərarası uçurumu dərinləşdirir, terror qruplarını daha da radikallaşdırır”-deyə, deputat bildirdi.

R.Nurullayev qeyd etdi ki, bu aktın özü də bir terror haidsəsidir, terrora çağırışdır, ölkələri, dinləri üz-üzə qoymaqdır: “Mən yalnız bu radikal millətçinin hərəkətini yox, həm də İsveç hökumətinin və polisinin bu vandalizmə qarşı seyrçi qalmasını şiddətlə pisləyirəm. İsveç dünyada din, vicdan, insan hüquqlarını müdafiə edən nümunəvi ölkədir. İsveç bu hadisəni də söz azadlığı hesab edir. Bu söz azadlığı deyil, əksinə yeni münaqişə ocaqları yaratmaqdır. İndi radikal müsəlmanlar da bu radikal şəxsə qarşı “insan ovu” elan edib. Bu cür təşəbbüslərin sonunu pis görürəm və dünyanı İsveç hökumətinin və polisinin bu vandalizmə seyrçi qalmasını psiləməyə çağırıram”.

R.Nurullayev ardınca ölkə daxilindəki problemdən bəhs etdi: “Yaz-yay mövsümü gəlib və istilər başlayıb. Vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyırlər. Amma, hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahilləri işğal altında qalmaqda davam edir. Son illər İDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çəmərliklərin yaradılmasına başlanılıb və bunu alqışlayıram. Bu isə kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvət, Konstitusiyamız tərəfindən isə istifadəsinə maneəsiz verilən bir hüquqdur. Hər kəs dənizin beş-on hektarını çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq və hər kəsin də qanun qarşısında bərabər hüquqlu olduğunu deyirik.

Xalq da görür ki, bu fikir doğru deyil. Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə endirilib. Bu məsələni əsaslandırıb cənab prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbiq edilsin və dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top