Rusiyanın BTR və BMP-lərinə qarşı dünyanın ən bahalı maşınları: “Bushmaster”lə tanış olaq!

REGİON 12 apr 2022, 11:10

Ukrayna ordusu Rusiyanın köhnə BTR və BMP-lərinə qarşı dünyanın ən bahalı zirehli maşınları (MRAP) ilə döyüşəcək.

Alp.Az Associated Press-ə istinadla xəbər verir ki, hələ aprelin 8-dən başlayaraq, Avstraliya hərbi yardım formatında  Ukraynaya “Bushmaster” minaya davamlı maşınlarını göndərir.

Gözlənilir ki, aprelin sonuna qədər bütün partiya Ukraynaya çatdırılacaq.

20 ədəd “Bushmaster”in qiyməti Avstraliya dolları ilə 50 milyon, ABŞ dolları ilə isə 37 milyon dollardır.

Beləliklə, bir ədəd “Bushmaster” Avstraliya hökumətinə 1 milyon 850 min ABŞ dollarına başa gəlib, lakin bu MRAP-in bir ədədinin qiyməti “sifarişçi”nin təchizata dair istəyinə görə 2,5 milyon ABŞ dollarına qədər dəyişə bilir. “Bushmaster” hazırda ən bahalı MRAP hesab olunur.

Avtomobillər Ukraynaya əvvəllər verilmiş 116 milyon Avstraliya dolları (87 milyon dollar) hərbi və humanitar yardıma əlavə dəstəkdir.

Zelenski martın 31-də Avstraliya parlamentinə videomüraciət zamanı Ukraynaya “Bushmaster” zirehli maşınlarının verilməsini xahiş etmişdi.

Avstraliya baş nazirinin saytında bildirildiyi kimi, 20 zirehli texnika istismar şərtlərinə uyğun zeytun yaşılı rənginə boyanıb. Bundan əlavə, Ukrayna bayrağının hər iki tərəfində ingilis və ukrayna dillərində “Ukrayna ilə birləşdik” yazısı var.

Qeyd olunur ki, iyirmi zirehli maşından ikisi təcili tibbi yardım planında olacaq. Təcili yardım maşınları ənənəvi “Qırmızı” Xaç emblemini daşıyır.

“Bushmaster” zirehli maşınları radiolar, qlobal yerləşdirmə sistemi və onların mühafizəsini artıran əlavə zirehlərlə təchiz olunub.

Bushmaster 1990-cı illərdə Avstraliyanın Perry Engineering şirkəti tərəfindən hazırlanmış 4×4 zirehli maşındır. Bu avtomobil yüngül atıcı silahlardan və quru minalarından müdafiəni təmin edən xüsusi olaraq personalın daşınması üçün nəzərdə tutulub, salonda operatordan başqa 9 döyüşçü-desant daşıya bilir.

“Bushmaster”in  xüsusiyyətləri

Maksimum döyüş çəkisi: 15,4 tona qədər;
Mühərrik: 300 at gücü;
Maksimum sürət: 100 km/saat;
Zirehdən qorunma sinfi: 7,62 mm-ə qədər güllə keçirməz və 8 kq quru mina.
Ekipaj və desant: 1 + 9 nəfər
Silah: 12,7 mm pulemyot və ya 40 mm avtomatik qumbaraatan.

Eyni zamanda, Avstraliyada nəzəri cəhətdən ötürülə bilən və Rusiya Federasiyasının diktaturası və tiranlığı ilə mübarizəyə böyük töhfə verən müəyyən silahlar var. Ən əsası isə bu ölkənin müdafiə qabiliyyətinə böyük yük olmayacaq.

Qeyd edək ki, Böyük Britaniya hökuməti də Ukraynaya qiyməti 800 min – 1 milyon ABŞ dolları arası dəyişən “Masttif” zirehli maşınlarından 120 ədəd göndərəcəyini açıqlayıb (yazı linkdə)

Xatırladaq ki, bundan əvvəl ABŞ Rusiya Federasiyasına qarşı müharibədə müdafiə üçün minlərlə “Stinger” və “Javelin” komplekslərinin, yüzlərlə Switchblade kamikadze dronlarının Ukraynaya təhvil verilməsini təsdiqləyib. Həmçinin, bir neçə gün əvvəl ABŞ-dan Ukraynaya “Humvee” zirehli maşınlarının da göndəriləcəyi açıqlanmışdı.

Rusiyanın işğalı başlayandan bəri ABŞ-ın Ukraynaya ümumi yardımı təxminən 1,7 milyard dollara çatıb. Bura Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində təsdiq edilmiş 300 milyon dollar daxildir və bu layihə çərçivəsində Ukraynaya göndərilmək üçün müdafiə podratçılarından yeni silahlar alınacaq.
 



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top