"Ağ ölüm" faciəsi — Penitensiar Xidmətin məhbus və islah problemi...

GÜNDƏM 11 apr 2022, 10:54

2021-ci il aprel ayının 8-də Avropa Şurasının məhbusların sayı barədə açıqladığı hesabatında Azərbaycanda 21012 məhbusun olduğu göstərilir. Bu ilin mart ayının 31-də Musavat.com-da dərc olunan “İlginc “ağ ölüm” statistikası - son 2 ayda 38 milyon manatlıq narkotik ələ keçib” başlıqlı məqalədə qeyd olunur ki, 21012 məhbusun 5 min 108 nəfəri narkotik cinayətlərinə görə həbs olunan şəxslərdir. Ancaq 2021-ci il 19 aprel tarixində Azsiyaset.com saytında dərc edilən “Penitensiar Xidmət: islahatlardan kənarda bir “ada” - Azərbaycanı hədəfə çevirən sistem və məhbus faciəsi” sərlövhəli məqalədə bildirilir ki, ölkədə məhbusların təxminən yarısı - 48%-i, yəni 10 min 85 nəfəri narkotik cinayətlərinə görə həbs olunanlardır.

Ölkədə qeydə alınan cinayət hadisələrinin narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olan hissəsində hər il müşahidə olunan artım ikinci ehtimalın doğruluq yükünü daha da gücləndirir.

Məsələn, 2020-ci ildə ölkədə qeydə alınmış 26004 cinayət hadisəsinin 5252-si və ya 20,2 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Bu da 2019-cu ilin göstəricisindən 19,8 faiz  çoxdur.

2021-ci ildə ölkədə qeydə alınmış 31131 cinayət hadisəsinin 8571-i və ya 27,5 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, bu isə 2020-ci ilin göstəricisindən 1,6 dəfə çoxdur. Göründüyü kimi, narkotik cinayətlərinə görə həbs edilən şəxslərin sayı ilbəil artmaqdadır.

Ölkədə məhbusa xərclənən pulların “qara taleyi...”

Azərbaycanda bir məhbusa xərclənən bir günlük xərc 15 manat 80 qəpikdir. Ölkədəki 21012 məhbusun günlük xərcləri 332 min manat təşkil edir. Narkotik cinayətlərinə görə həbs edilən 10 min 85 məhbusun bir günlük xərci isə təxminən 160 min manatdır. Rəqəmlər açıq şəkildə ifadə edir ki, Azərbaycan dövləti məhbusların islah olunmasına fantastik məbləğdə pul xərcləyir. Amma cinayət hadisələrinin, eləcə də narkotik maddələrlə bağlı cinayətlərin sayının artması göstərir ki, Azərbaycan cəzaçəkmə müəssisələrində məhbuslar islah olunmur, onlar daha “peşəkar” və “təcrübəli” cinayətkar kimi yenidən cəmiyyətə transfer olunurlar. Minlərlə təkzibolunmaz faktlar var ki, məhbus həyatı yaşayan bir şəxs azadlığa çıxandan sonra yenidən eyni əməli törədir və dövlət hər gün ona yenidən hər gün 15 manat 80 qəpik pul xərcləməli olur. Sanki Azərbaycan həbsxanalarında cinayətkarlar dövlətin pulu ilə bəslənilir. Dövlətin pulundan bu kimi sui-istifadə halları ən böyük zərbəni elə dövlətə vurur. Məhbus cəzaçəkmə müəssisələrində dövlətin pulu hesabına yaşayır, azadlığa çıxandan sonra yenidən cinayət əməli törədir. Və əsas vəzifəsi məhbusları islah etməli olan Penitensiar Xidmət bütün bunları bilə-bilə dövlətin pulunun göyə sovrulmasının əsas icraçısına çevrilir.

Məhbusların dəyişməyən taleyi, həbsxanalarda qurulan biznes və göyə sovrulan dövlət vəsaitləri…

- Azərbaycan cəzaçəkmə müəssisələrində məhbusların ən azı 70%-i onların ailə üzvlərinin gətirdiyi ərzaqlarla qidalanır. Yerdə qalan 30% məhbus isə keyfiyyətsiz yeməklə (su və vermişel) təmin edilir. Buna da məhbuslar öz aralarında “balanda” deyirlər.

- Cəzaçəkmə müəssisələrində istehsalat sexləri fəaliyyət göstərir. Bu sexlərdə xüsusi bacarığı olan məhbuslar müxtəlif suvenirlər (nərd, gəmi və s.) hazırlayırlar. SSRİ vaxtında həbxsxanalarda mövcud olan istehsalat sexlərində işləyən məhbuslara pul ödənilirdi. Amma indi məhbusların əməyi tamamilə istismar olunur, həbsxana rəisləri sadəcə materialları məhbuslara verir, əvəzində hazır məhsul alır və onları kənarda satışa çıxarırlar. Bu, onların cəmiyyətə bəlli olmayan bizneslərinin bir hissəsidir.

- Cəzaçəkmə müəssisələrində “mağaza”lar (“laryok”) fəaliyyət göstərir və məhbuslar onlara ayrılan ayrılan ərzaqların bu “mağaza”larda satışa çıxarılmasının şahidinə çevrilib. Bir çox məhbuslar ikiqat qiymətlərlə məqsədli şəkildə bu “mağaza”lara borclandırılır.

- Hamam, telefon, ailə üzvləri ilə görüş, paltarların yuyulması və s. pulludur.

O zaman Penitensiar Xidmət dövlətin ayırdığı külli miqdarda vəsaiti hara xərcləyir?

Azərbaycan həbsxanalarındakı rüşvət prosesi məhkəmə salonlarından başlayır. "İş alan" şəxsin qandallı əllərinin arasında pul olmalıdır ki, onu məhkəmədən həbsxanaya aparan "konvoy"lara "hörmət" edə bilsin. 

Ödənişli həbsxanalar.... Penitensiar Xidmətin büdcəsinin “ağ teleyi..”, bəs “ağ ölüm?”

Azsiyaset.com-a daxil olan məlumata görə, Penitensiar Xidmətin 2022-ci il üçün olan büdcəsi 133 milyon manatdır.

2019-cu ildə ölkədə həbsxana administrasiyasının büdcəsi 55 091 752 avro təşkil edirdi. Yəni 101 milyon 682 min 846 manat...

Bu, 30,4% artım deməkdir.

Belə çıxır ki, dövlətin milyonlarla vəsaitini genefondumuzu dağıdan şəxslərə yedirdirik. Ola bilməzdimi ki, dövlətin məhbuslara ayırdığı külli miqdarda vəsait onların islah olunmasına, müalicəsinə xərclənsin?! Heç şübhəsiz, dövlətin əsas niyyəti də elə budur. Amma görünən odur ki, bu vəsaitləri təyinatı üzrə xərcləməmək, cinayətkarların həbsxanalarda bəslənilib yenidən cəmiyyətə daha “təcrübəli” şəxs kimi transfer olunması kimlərinsə şəxsi maraqlarının təmin olunmasının ifadəsi kimi meydana çıxır.

Bəlkə elə narkotik maddələrə görə həbs edilən şəxslərin yenidən eyni əməllə məşğul olması üçün onlar məqsədli şəkildə islah olunmur?! Bu şəxslər islah və müalicə olunsa, deməli, onlar təkrar cinayət törətməyəcəklər və narkotikin dövriyyəsi (satışı, istifadəsi), eləcə də digər cinayətlərin sayı ciddi şəkildə aşağı düşəcək...

Xeyli sayda məhbusun cəzaçəkmə müəssisələrində də narkotikdən istifadə etdiyi heç kəsə sirr deyildir. Hətta bəzi məhbuslar çöldə baş verən “prosesləri” (narkotik ticarətini) həbsxandan telefon danışıqları ilə həll edir.

Polis həbs edir, prokuror istintaqı aparır, məhkəmə hökm verir, Bəs Penitensiar Xidmət cinayətkarı islah edirmi?

Demək olar ki, hər gün polis orqanlarının narkotiklərin dövriyyəsi ilə bağlı həbslərinin şahidi oluruq. Bu barədə DİN davamlı olaraq ictimaiyyəti məlumatlandırır. Bu məsələdə Dövlət Sərhəd Xidməti (DSX), Gömrük Komitəsinin də üzərinə böyük yük düşür. Verilən məlumata görə, son günlərdə DSX tərəfindən təxmini çəkisi 34 kiloqram 370 qram narkotik vasitəyə, 3557 ədəd psixotrop tərkibli həbə bənzər maddələrin və 957 ədəd dərman preparatının qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Polis orqanlarının işi cinayət əməli törədən şəxsi həbs etməkdir, prokurorluq bu şəxsin cinayət əməlinin istintaqını aparır, məhkəmə bu şəxsin törətdiyi əmələ yekun hüquqi qiymət verərək hökm oxuyur və cəzaçəkmə müssəsisəsinə göndərir. Bundan sonra bu məhbusun islah olunmasının, onun müalicəsinin məsuliyyəti Penitensiar Xidmətin üzərinə düşür. Həbsxanaların qapalı müəssisələr olmasından sui-istifadə edərək dövlətin ayırdığı vəsaitləri göyə sovurmaq bağışlanılması mümkün olmayan ağır hüquqi və mənəvi məsuliyyət yarada bilər.

Narkoticarətin, narkomaniyanın qarşısını almaq üçün cəzalar sərtləşdirilir...

Azsiyaset.com-a daxil olan məlumata görə, narkotik maddələrlə bağlı Cinayət Məcəlləsinin maddələri ağırlaşdırılacaq. 

2021-ci il 6 sentyabr tarixində Azsiyaset.com saytında dərc olunan “Azərbaycanda narkotiklə bağlı cəzalar sərtləşdirilməlidir, yoxsa...- Rəylər” başlıqlı məqalədə cəzaların sərtləşdirilməsinin problemin həllində nə dərəcədə effektiv olub-olmayacağından, narkotik cinayətləri ilə bağlı cəzaların hüquqi və fəlsəfi aspektlərindən bəhs olunur. Məqalədə cəzaların sərtləşdirilməsinin tərəfdarı olmayan, alternativ tədbirlər planının tətbiq olunmasını təklif edən və ölkədə narkomaniyanın qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq maddələrin daha da ağırlaşdırılmasının tərəfdarı olan ekspertlərin fikirləri yer alır.

Söhbət 206-cı (qaçaqmalçılıq) və 234-cü maddələrindən (narkotik maddələri satma, saxlama, istehsal etmə və s.) gedir.

Məlumdur ki, Azərbaycana narkotik İrandan quru və su yolu ilə gətirilir. Ölkədə narkotik maddələrin satışı, daşınması xüsusi şəkildə və zərgər dəqiqliyi ilə həyata keçirilir. Həmçinin, Azərbaycan tranzit ölkə kimi istifadə olunur. Cəzaların sərtləşdirilməsi narkotik cinayətlərinin statistikasına hansı yeniliklər gətirəcək, bunun da tezliklə şahidi olacağıq.

Müəllif: Samir Feyruzov
Azsiyasət.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top