Xətaidə Aprel döyüşləri şəhidlərinin ailələri ziyarət olundu — FOTOLAR

SOSİAL 03 apr 2022, 12:42
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının nümayəndələri rayon ərazisində yaşayan Aprel döyüşlərində  şəhid olmuş Vətən övladlarının ailələrini ziyarət ediblər.

Ziyarətlər zamanı Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov şəhidlərimizin  keçdiyi döyüş yolundan söhbət açaraq bildirib ki, Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsidir: “2016-cı ilin aprelin əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Bu döyüşlərin ən böyük tarixi əhəmiyyəti qələbə sayəsində Böyük Qayıdışa start verilməsi oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Aprel döyüşləri bütün dünyaya Azsərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.”

Anar Məmmədov vurğulayıb ki, Vətən oğulları hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əmrini gözləyirdilər: “44 günlük İkinci Qarabağ müharibəsində göstərilən qəhərəmanlıq, şücaət bunun bariz nümunəsidir. 44 gündə 30 ilin işğalına son qoymaq böyük hazırlığın, döyüş ruhunun, torpaq, Vətən sevgisinin, xalqımızın birliyinin, həmrəyliyinin nəticəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, torpaqlarımız tarixi sahibindədir, azaddır və yenidən canlandırılır, dirçəlir.  Şəhidlərimizin ruhu qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyirik.”

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə şəhidlərin valideynlərinə belə vətənpərvər, dövlətini, xalqını, torpağını sevən gənclər yetişdirdikləri üçün minnətdarlığını bildirib: “Şəhidlər unudulmur.  Azərbaycanın bugünkü və gələcək nəsilləri onların qəhrəmanlığından nümunə götürəcəklər. Gənclərimizdə vətənpərvərlik ruhunun Aprel döyüşlərində qazanılmış qələbədən sonra daha da yüksəldiyini və hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını böyük əminliklə qeyd edə bilərik.”

 Vüqar Rəhimzadə vurğulayıb ki,  2016-cı ilin Aprel döyüşləri işğal altında olan  torpaqlarımıza qayıdışın başlanğıcı, şanlı Zəfərimizin müjdəsi kimi tariximizə şərəfli bir qələbə səhifəsi kimi yazılıb: “Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi.Vətən, torpaq uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımız daim xalqımızın qəlbində yaşayacaq, xatirələri əziz tutulacaq.  Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, döyüş iştirakçılarına diqqət və qayğısı böyükdür. Dövlətimizlə yanaşı, hər bir Azərbaycan vətəndaşı şəhid ailələrini, qazilərimizi, döyüş iştirakçılarını diqqətdə saxlayır və saxlayacaqdır.”

YAP Xətai rayon təşkilatının sədri  bildirib ki,  Aprel qələbəsi  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident  İlham Əliyevin rəhbərliyi ilə biri-birindən mühüm uğurlara imza atan Azərbaycanın güclü, qüdrətli orduya malik olduğunu dünyaya nümayiş etdirdi: “Ordumuz Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını nəinki uğurla aldı, yüksək hərbi məharətlə əks-hücum əməliyyatı həyata keçirərək ölkəmizin minlərlə hektar torpağını işğaldan azad etdi. Hər bir qələbə Ali Baş Komandan İlham Əliyevin ən yüksək tribunalardan bəyan etdiyi “Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik” fikirlərinin reallıqda öz əksini tapacağına inamı artırırdı. 2020-ci ilin sentyabr ayının 27-də başlanan və  44 gün davam edən Vətən müharibəsi bunun təsdiqi oldu. Hər zaman dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyən Vətən oğulları silaha sarılaraq düşməni torpaqlarımızdan qovdu, üçrəngli bayrağımızı işğaldan azad edilmiş ərazilərimizdə dalğalandırdı, ərazi bütövlüyümüzü bərpa edərək tariximizin Zəfər səhifəsini yazdılar. Aprel döyüşlərində təməli qoyulan qələbəmiz  Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizlə işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi. Azərbaycan xalqı torpaqlarına qovuşduğu üçün  qürurludur.” 

Şəhid ailələrinin üzvləri  göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top