Vaksin pandemiyadan sonra da bizimlə olacaq? — AÇIQLAMA

SOSİAL 02 apr 2022, 14:21
“Türkiyənin koronavirusa qarşı yerli vaksini olan “TURKOVAC”ın 3-cü faza sınaqlarının Azərbaycanda aparılması davam edir. Proses hazırda sənədləşmə mərhələsindədir. Sınaqların 15 ay davam edəcəyi bildirilib”.

Bu barədə Modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, bu, vaksinin uzunmüddətli dövrü əhatə edəcəyi anlamına gəlmir:

“TURKOVAC” bizim qardaş ölkənin brendi olan koronavirus əleyhinə vaksindir. Vaksinin Azərbaycanda sınaqdan keçirilməsi o demək deyil ki, mütləq istifadə olunacaq. Həmin vaksin bir neçə ölkədə sınaqdan keçdikdən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən beynəlxalq sertifikat alacaq. Ondan sonra vaksin dünyanın hər yerində istifadə edilmək hüququ qazanacaq. Bu o demək deyil ki, 15 ay sonra bizdə koronavirus olacaq, vaksinasiya davam etdiriləcək.

Vaksin hazırlanır və qeydiyyatdan keçiriləcək. Nə vaxtsa ehtiyac yaranarsa, istifadə olunacaq. Allah elə etsin ki, heç bir vaksinə ehtiyac olmasın. Ancaq heç kim deyə bilməz ki, bir ildən, üç ildən sonra virusun başqa mutasiyası çıxmayacaq. Yaxud Afrikada, Avstraliyada yayılmayacaq. Bunlar olsa, “TURKOVAC”dan istifadə olunacaq. Türkiyə qardaş ölkədir, buna görə də Azərbaycanda bu vaksinin sınaqdan keçirilməsi normaldır”.

Parlamentari vaksinasiyanın mövsümi xarakter daşıyıb-daşımayacağı barədə də fikirlərini bölüşüb:

“Mən hesab edirəm ki, pandemiya bitəndən sonra vaksinasiya könüllük əsasında təklif olunacaq. Qrip virusuna görə əhali mövsümi olaraq payız-qış aylarında vaksinasiyadan könüllü keçir. Koronavirus əleyhinə vaksin üçün də dövlət vəsaiti hesabına şərait yaradılacaq. Ancaq pandemiya yenidən kütləvi şəkildə yayılsa, vaksin məcburi də ola bilər. Təbii ki, bunu heç kim arzulamır”.

Qeyd edək ki, Azərbaycanda “TURKOVAC”ın 3-cü faza kliniki sınaqları ilə bağlı martın 9-da Türk Sağlamlıq İnstitutlarının prezidenti Erhan Akdoğanla (TÜSEB) Bakı Sağlamlıq Mərkəzinin direktoru Asiman Həsənov arasında protokol imzalanıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top