Tarixi yaddaşımızdan silinməyən soyqırımı

GÜNDƏM 31 mar 2022, 11:58
Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq, bu günə qədər davam edir. Azərbaycanın ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuş və zaman-zaman ölkəmizə qarşı ərazi iddiaları irəli sürmüşlər. 

Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və soydaşlarımıza qarşı soyqırımı siyasətinin əsası qoyulmuşdur. Uydurma “böyük Ermənistan” ideyasını gerçəkləşdirməyə can atan erməni “alimləri” bu yalana həqiqət donu geyindirmək məqsədilə tarixi saxtalaşdırmış, əsl həqiqətləri isə təhrif etmişlər. Siyasi riyakarlığı özlərinə peşə etmiş bır sıra beynəlxalq təşkilatlar, o cümlədən islamofob qüvvələr erməni təcavüzkarlarına himayədarlıq etmiş və azərbaycanlıların soyqırımına məruz qalmalarına şərait yaratmışlar. Bundan ruhlanan erməni faşistləri XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçiriblər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə söyləyib.

Hüquq müdafiəçisi deyib ki, ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. Çar Rusiyasının himayədarlığı ilə torpaqlarımızda məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlayan ermənilər münbit əraziləri ələ keçirməyə çalışmış, əksəriyyət təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edən erməni qəsbkarları 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşında erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə yadda qalmışdır. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçayda on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə yeksan edilmişdir.

Ç.Qənizadə erməni vəhşiliyindən söhbət açaraq bildirib ki, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. Ermənilər xarici havadarlarının köməyi ilə 1948-1953-cü illərdə Ermənistanda öz tarixi dədə-baba torpaqlarında yaşayan 150 min azərbaycanlını zorla doğma ev-eşiklərindən didərgin salmışlar. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. Həmin vaxtdan başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən - dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi soydaşlarımızın məskunlaşdıqları kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın faciəli şəkildə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin salınması ilə nəticələnmişdir: “Xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20 faizini işğal etmişlər. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdir. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərdi.

Ç.Qənizadə dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində dünyada analoqu olmayan Xocalı qətliamını xatırladıb. Deyib ki, bu soyqırımı xüsusi qəddarlığı ilə seçilir: “1992-ci il fevralın 25- dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində dəhşətli soyqırımı həyata keçirmişdir. Amansız qətliam nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmüş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüşdür və onlardan 150-sinin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

Komitə sədri ermənilərin tarixi ərazilərimizdə həyata keçirdikləri soyqırımı siyasətinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini bildirib. Vurğulayıb ki, Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Hüquq müdafiəçisi şəhidlərimizin, soyqırımı qurbanlarının qanının yerdə qalmadığını söyləyərək deyib: “Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni döyüş meydanında diz çökdürüldü və şanlı Zəfər çaldı. 2020-ci il 10 noyabr tarixi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Ermənistanın siyasi və hərbi rəhbərliyi təslim olduğunu rəsmən təsdiqlədi. Hazırda dünya birliyi Azərbaycanı qalib, Ermənistanı isə məğlub ölkə kimi qəbul edir”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top