“Ağdamlılar öz el-obasına 2 saatlığına deyil, ömürlük qayıtmaq istəyirlər”

GÜNDƏM 28 yan 2022, 12:20
“Ağdamlılar avtobusla müəyyənləşdirildiyi kimi, öz el-obasına 2 saatlığına deyil, ömürlük qayıtmaq istəyirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ağdamlı jurnalist, “Qol.az” saytının redaktoru Aydın Bağırov  deyib. O vurğulayıb ki, Şuşanın hər bir azərbaycanlının qəlbində mənəvi yeri xüsusidir: 



“İndi mədəniyyət paytaxtımız olan bu şəhər həm də 44 günlük Vətən müharibəsindəki qələbimizin simvoludur. Ona görə də, hansı bölgədən olmasına baxmayaraq, insanlarımızın Qarabağa səfər zamanı Şuşaya daha çox üstünlük verməsi və ora can atması təbii və müsbət haldır. Ağdama səfərə gəlincə, rayon işğaldan azad olunandan  bu günə qədər şahidəm ki, ağdamlıların böyük əksəriyyəti birdəfəlik ora qayıdıb yaşayacağı günü gözləyir. Mən özüm 2020-ci ilin 20 noyabrdan sonra Ağdamda 2 dəfə olmuşam. Dağıntının miqyası o qədər böyükdür ki, onların içində sadəcə, keyiyib qalırsan, o xarabalıqda ruh kimi dolaşırsan. Son səfərimdə nə qədər axtarsam da, doğma ata evimi tapa bilmədim. Buna baxmayaraq, geri dönmək yox, 29 il həsrətində olduğum Ağdamın havasını uda-uda elə orada, o dağıntılar içində qalmaq, gecəni orada qalıb, səhəri doğma yurdumda açmaq istəyirdim”. 

Aydın Bağırov əmindir ki, bənzər hissləri artıq 200 minə yaxınlaşan Ağdamın əhalisinin əksəriyyəti yaşayır: “Yəni, demək istədiyim odur ki, ağdamlılar avtobusla müəyyənləşdirildiyi kimi, öz el-obasına 2 saatlığına deyil, ömürlük qayıtmaq istəyirlər. Avtobusla səfərlərə gəlincə, burada texniki səbəbləri qabartsaq daha yaxşı olar. Bundan əvvəl Prezidentin Ağdamdakı Xüsusi nümayəndəliyinin xətti ilə avtobuslarla Ağdama səfərlər təşkil olunub və həmin vaxt minlərlə ağdamlı həmin səfərdə olmağa can atıb. Sadəcə, texniki səbəbdən hamının ora getməsi mümkün olmayıb. 50 nəfərlik avtobusa 500 nəfəri necə yerləşdirəsən? İndi də Ağdama fərdi səfər üçün çoxsaylı müraciət olunur. Lakin görünür, təhlükəsizliyə görə hamıya müsbət cavab verilmir. Deyək ki, kimsə Muğanlı, yaxud Novruzlu kəndindəki evinə getmək istəyir. Amma həmin kəndlər hələ minadan təmizlənmədiyi üçün onlara səfər üçün mənfi cavab verilir. O da minadan təmizlənəcəyi günü gözləyir ki, dövlət qurumundan müsbət cavab alsın, sonra səfər etsin. Yaxud çox adamda elementar olaraq, hansı quruma müraciət etmək barədə məlumat yoxdur. Təşkil olunan müntəzəm avtobus reyslərinə gəlincə, artıq insanlarımızda arxayınlıq var ki, istədiyi gün Ağdam şəhərinə gedə biləcəklər. Yəni indi səfər marşrutuna hələlik yalnız şəhərin özünə və Qiyaslı kəndi salınsa da, əsas odur ki, daha ora 2 saatlığına da olsa səfər etmək problem deyil. Əsas odur ki, hamı Vətənə birdəfəlik qayıdacağı günün həsrəti ilə yaşayır. Avtobusla səfərə isə biri bu gün, biri sabah, o biri bir ay sonra getmək istəyir. Elə adam da var ki, heç avtobusla yola çıxmaq istəmir. Məsələn, 50 nəfərlə avtobusla uzun yolçuluğa çıxmaq kiminsə üçünsə rahat olmaya bilər. Aralarında yaşlıları, xəstə insanlar olur. Amma axı, ora qanuni yolla öz şəxsi maşınları ilə gedənlər çoxdur. İcazə alanda günü sabah yenə gedəcəklər. Yəni belə xırda texniki detallar var ki, biz bunu problemə çevirməməliyik”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top