Gündəm

“Paşinyan hesab edir ki, KTMT-ni prosesə qatarsa, hadisələrin istiqamətini dəyişə bilər” — Deputat

“Paşinyan hesab edir ki, KTMT-ni prosesə qatarsa, hadisələrin istiqamətini dəyişə bilər” — Deputat

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son hadisələri müzakirə edərkən Ermənistanın baş naziri Nikol Paşinyan fürsətdən istifadə edib, Azərbaycan barədə böhtan dolu çıxışlar səsləndirib. Paşinyan Qazaxıstandakı son hadisələrlə İkinci Qarabağ müharibəsi arasında uyğun olmayan paralel söhbətlər aparıb. Ermənistan baş naziri bildirib ki, 44 günlük müharibə zamanı Azərbaycan tərəfindən xaricdən terrorçular gətirilib, hətta ölkəsinin beynəlxalq terrorla üz-üzə qalmasından bəhs edib.

Mövzu ilə bağlı fikirlərini Demokrat.az-la bölüşən Milli Məclisin deputatı Müşfiq Cəfərov açıqlamasında qeyd edib ki, ümumiyyətlə, Nikol Paşinyan hər zaman bu tip böhtan xarakterli açıqlamaları ilə bütün qüvvəsini sülh prosesinə mane olmağa səfərbər edir.

Deputat vurğulayıb ki, o, bütün tədbirlərdə Azərbaycana yönəlik ittihamlarla çıxış edir, yəni bu ilk deyil:

“Ermənistan baş naziri Nikol Paşinyanın KTMT iclasında absurd olaraq Qarabağla bağlı məsələyə toxunması ilk növbədə öz ölkəsinin maraqlarına ziddir. Azərbaycan və Ermənistan arasında bir neçə razılaşma var, bəyanatlar qəbul olunub. Düşünürəm Paşinyan hesab edir ki, KTMT-ni prosesə qatarsa, hadisələrin istiqamətini dəyişə bilər. Lakin özü də fərqindədir ki, yenə də bu cəhdi uğursuzluqla nəticələnəcək”.

M.Cəfərov əlavə edib ki, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində razılaşmalar əldə olunduqdan sonra Paşinyanın belə bir açıqlama verməsi onun nə qədər ziddiyyətli bir siyasi fiqur olduğunu göstərir:

“Nəzərə alsaq ki, KTMT Ermənistan-Azərbaycan münaqişəsindən hər zaman uzaq olub, bu səbəbdən də Ermənistan baş nazirinin cəhdləri uğursuz olacaq. Lakin Paşinyanın bu siyasəti Ermənistanın blokadada qalmasına gətirib çıxarır. Ona görə də Paşinyan Azərbaycanla münasibətləri qaydaya salsa, ölkəsi və region üçün böyük töhfə olacaqdır. Hətta qeyd edim ki, KTMT-nin nizamnaməsinin 4-cü maddəsinə əsasən, üzv dövlətlərdən birinə kənardan hər hansı bir təcavüz olarsa, onlar kollektiv müdafiə hüququna malikdirlər. Amma Qazaxıstanda heç bir xarici müdaxilə də olmadığı halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstana böyük kontingentlə daxil olmasının və bu məsələnin növbədənkənar iclasda müzakirə olunmasının hüquqi əsası yoxdur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az