Gündəm

"Rusiya Qazaxıstanda proseslərin nəzarətdən çıxmasından çox, kontrolunda olmasının tərəfdarıdır"— MÜSAHİBƏ

Rusiya Qazaxıstanda proseslərin nəzarətdən çıxmasından çox, kontrolunda olmasının tərəfdarıdır— MÜSAHİBƏ

Qazaxıstanda son günlər baş verən hadisələrlə bağlı “Demokrat.az”ın müsahibi Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim, Kahraman Maraşdakı “Sütçü İman” Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayıldır. Professor son günlər baş verən hadisələrlə bağlı suallarımızı cavablandırıb. Müsahibəni təqdim edirik:

- İlk olaraq, Qazaxıstan hadisələri ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Bu gün Qazaxıstan heç də arzu edilməyən bir gündəm yaşayır. Hazırda proseslər sakitləşsə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının orduları ölkəyə daxil olsa da bu məsələlərin əslində sonlandığını deyə bilmərik, sadəcə ertələndi. Çünki problemlər, tələblər həllini tapmadı. Bilirsiniz ki, hər kəs bu hadisələrdən öz xeyrinə faydalanmağa çalışdı. Bu proseslərin sadəcə bir mərhələ geriyə çəkildiyini və hələlik sakitliyə doğru getdiyini gözləyirik. Ümumiyyətlə, hələlik tam sakitlik və tam nəzarət imkansızdır. Ümid edirik ki, Qazaxıstan üçün hər şey yaxşı nəticələnəcək, hələlik sükutun olması çox vacibdir.

- KTMT-nin Qazaxıstana yerləşdirilməsi nə dərəcədə doğru idi?

- Əlbəttə, bu qərarı Qazaxıstan prezidenti verdi. Bu, onun düşüncələridir, daha çox onun hüququdur. KTMT-nin də nizannaməsi buna qanuni olaraq haqq tanıyır və normalda burada beynəlxalq hüquqa zidd bir şey yoxdur. Amma bu, nə qədər Qazaxıstan xalqına xeyirlidir və Qazaxıstanın gələcəyi üçün uğurlu olacaq kimi bəzi məsələlər təəssüf doğurur. Çünki ölkəyə başqa dövlətlərin istər barış adı altında, istərsə də başqa bir ad altında daxil olmasının nəticəsini dünyada gördük. Bu gün Azərbaycanda da rus sülhməramlısı var və onların Azərbaycan qanunlarına nə qədər “itaət” etdiyini görürük. Mən bir mütəxəssis olaraq, bunu deyə bilərəm ki, əlisilahlı insan bölgəyə barış gətirə bilməz. Bölgədə barışın olması üçün əlisilahlı insandan daha çox diplomatiyaya, danışığa və görüşlərə ehtiyac var. Barış ancaq bu şəkildə təmin edilir. Çünki bir tərəfin əlisilahlı, bir tərəfin əlisilahsızsa, burada hələlik əlisilahlı olan öz zorbalığını göstərəcək. Dediyim kimi, bu hərbi təzyiqin arxasından da siyasi təzyiq gələcək və qarşı tərəfdən güzəştlər tələb olunacaq. Təbii ki, onun da bədəlini qazax xalqı ödəyəcək deyə, düşünürəm. Tokayev öz hakimiyyətini qorumaq üçün KTMT güclərini ölkəsinə dəvət etdi, yəni, hüquqi olaraq haqlıdır, amma, ümumi görünüşdə fikrimcə, qazax xalqının əleyhinə olan bir məsələdir. Biz mütəxəssis kimi fikrimizi söyləyirik, yanıla da bilərik.

- Baş verən olayları Rusiyanın “Parçala, hökm sür” siyasəti kimi dəyərləndirilə bilərikmi?

- Bu kimi fikirlər səsləndirilir, amma bunu doğru hesab etmirəm. Çünki hadisələr Qazaxıstanın içində baş verdi və bu hadisələr ilk başda sosial-iqtisadi məsələlərdən narazı olan bir xalq kütləsinin partlaması şəklində oldu. Daha sonra sosial tələblər irəli sürən,bu güclər arasına siyasi tələblər də girdi və nəticədə bir çox elementlər, çıxar qrupları, mənfəət qrupları öz maraqları doğrusunda hərəkət etməyə çalışdı. Eyni anda bütün xalqı bu qədər geniş əraziyə çıxartma heç bir disiplin təşkilatının imkanında deyil. Bu, mümkün deyil, bu sosial bir partlama idi. Onun üçün bəhanə lazım idi və bəhanə də yeni qiymət artımları oldu. Çox cüzi də olsa, bəlkə də, qazax vətəndaşına çox ciddi təsir eləməyən, amma dediyim kimi, bir qığılcım bəzən yetərli olur ki, sosial partlamaya səbəb olsun. Digər tərəfdən də gördük ki, bu hərəkətlərin başında nə siyasi partiya, nə həmkarlar təşkilatı, nə də işçi hərəkət liderləri var idi. Ümumiyyətlə, bu cür sosial partlamada siyasi tələblər qoyulsa da siyasi liderləri ortaya çıxarmadı. Əgər olsaydı, bu və ya digər şəkildə öz hərəkat liderləri ortaya çıxardı. Ona görə də bu daha çox siyasi ədəbiyyatda sosial partlama idi və önündə kimsə duranmadı. Görünən o idi ki, polis də, ordu da xalqla qarşı-qarşıya gəlmək istəmədi. Rusiya şimal qonşusu olaraq təbii ki, bu hadisələri yaxından izləyirdi. Amma buna “Parçala, hökm sür” siyasəti demək mənə elə gəlir doğru deyil. Buna başqa şəkildə dəyərləndirməyimizdə fayda vardır. Ümumiyyətlə, Rusiya göstərdi ki, bölgədə əsas söz deyən odur və onun hökmü, iradəsi olmadan hər hansı bir məsələ həll edilə bilməz, yəni Rusiya əslində Qazaxıstan içindəki bu sosial çaxnaşmanı çox məharətlə öz lehinə çevirə bildi.

- Ümumiyyətlə, Rusiya cənubda və bütün ittifaqlarında əsas müttəfiqi olan Qazaxıstanda proseslərin nəzarətdən çıxmasında maraqlıdırmı?

- Maraqlı deyil və maraqlı olmadığı üçün də açıq şəkildə bu müdaxiləni gərçəkləşdi. Normal bir dövlət üçün müttəffiqi olan və ona yaxın dövlətin siyasi elitasının və ya siyasi kursunun başqa yönə çevrilməsi maraqlı deyil. Qazaxıstanda da biz bunu görmədik. Qazaxıstanın sabiq prezidenti Nazarbayev uzun illər balanslaşdırılmış siyasət aparırdı, bu da rusları rahatsız etmirdi. Türk Dövlətləri Təşkilatının da qurulması ruslar üçün böyük problem deyil. Reallıq var ki, təşkilat yenidir, təhdidedici ölçüdə deyil. Tam əksinə, Rusiyanın öz müttəffiqidir. Çinin Mərkəzi Asiyada fəaliyyətləri Rusiya üçün daha böyük təhlükə və təhdid təşkil edir. Amma Rusiya buna da göz yumur, çünki başqa çarəsi yoxdur. Çünki Çinlə bu bölgədə ittiffaq etmək məcburiyyətindədir və qəbul edir bu məsələni. Türkiyənin də bölgəyə girməsi əslində Rusiyanın planlarını heç də alt-üst etmir. Dediyim kimi, Rusiya Qazaxıstanda proseslərin nəzarətdən çıxmasından daha çox, bu proseslərin öz kontrolunda olmasının tərəfdarıdır. Gördüyümüz kimi, eyni addımı da atdı. Bu münaqişənin, məsələnin ortaya çıxmasında iqtisadi məsələlər idi, amma daha sonrakı məsələlərdə siyasi çəkişmələr olunca, bütün dövlətlərin də marağı olduğu kimi Rusiyanın da var idi. Rusiya göstərdi ki, burada hakim odur və onun sözü keçir. Ümumiyyətlə, istənilən iğtişaş, qarşıdurma Rusiya üçün əlverişli vəziyyət deyil, əksinə Rusiyanın heç də işinə yaramayan bir məsələdir.

- Bir müddət öncə rus mediasında Qazaxıstanın şimalında “rusdilli əhali”nin qorunması ilə bağlı çağırışlar edilirdi, hətta Rusiya hökumətinin müdaxilə etməsinin vacibliyi gündəmə gətirilirdi. Bütün bunlar vəziyyətin daha kəskinləşməsinə səbəb ola bilərdimi?

- Sovetlər birliyini yenidən bərpa etmək Rusiyanın ən böyük arzularından biridir. Rusiya prezidenti Putin də dəfələrlə açıqlamalarında 20-ci əsrin ən böyük faciəsini SSRİ-nin dağılması ilə ifadə etmişdir. Halbuki, bundan da daha böyük faciələr yaşanıb o dönəmdə. Bu da o deməkdir ki, onların içərisində bir xislət var, bir bərpaetmə niyyəti var. Özü bunu deməsə də, ətrafdakı güclərin bu şəkildə ifadələrindən hiss edilir. Hətta, bir dəfə özünün ağzından Qazaxıstanın bir dövlət olmadığını və s. digər məsələlərdə söyləmişdi. Mətbuatda da yer almışdı. Bir məsələ var ki, Qazaxıstan Rusiyanın müttəffiqidir, eyni zamanda mütəffiqinə qarşı bu cür iddialar, bəzən ərazi iddiaları tələb edirdi ki, bu da Rusiyanın nə qədər “güvənli” partnyor olduğunu ortaya qoyur. Amma məsələ budur ki, Qazaxıstanda rus əhalisinə qarşı hər hansı bir etnik zəmində, kütləvi şəkildə basqı yoxdur, təzyiq yoxdur. Qazax xalqı müstəqilliyini edərkən dünyada az xalqlardan idi ki, öz əhalisinin sayı az idi. Xüsusilə, 30-cu illərdə Qazaxıstanın taleyində çox böyük faciələr yaşanmışdı, milyonlarla qazax ölmüşdü, amma indi müstəqillik dövründə bu cür hadisələr olmadığı üçün qazax əhalinin sayı da artmağa başladı. Qazaxıstanda qazax dilinin inkişaf etdirilməsi, latın əlifbasına keçirilməsi təbii ki, qazaxların öz işidir, heç bir dövlət buna nə diqtə edə bilər, nə meydan oxuya bilər. Rusiyanın bu söyləmələri, yaxud Rusiyadakı səsləndirilən bu fikirlər doğru deyil. Rusiyada rus dili hakimdir, çoxsaylı xalqlar olsa da, onlara öz dillərində oxunmasına imkan yaradılmır. Bu səbəbdən etiraz edərkən Rusiya ilk növbədə öz dövlətlərinin apardığı daxili siyasətə baxsınlar və ondan sonra təkliflərini etsinlər.

- Qazaxıstan ssenarisi Mərkəzi Asiyanın digər türkdilli ölkələrinə “görk olsun” nümunəsi idimi?

- Əslində, tək onlara deyil, bütün dünyaya görk olsun siyasətidir. Səbəb budur ki, Rusiya bir daha göstərməyə çalışdı ki, bu bölgənin sahibi odur. Bu bölgədə onun tütüyü ötər, bu bölgədə onun sözü keçir və o, istəməsə heç nə ola bilməz. Bu, göstəricidir. Əlbəttə ki, dolayı yolla bu türk dövlətlərinə də görk idi. Hətta, Azərbaycana, Türkiyəyə belə təsiri var. Çünki biz də xüsusilə Qarabağ müharibəsindən sonra eyforiya yaşadıq. Hardasa, Türk dünyası, “Turan” qurulur və s. havalarına girdik. Azərbaycan mətbuatında buna çox rast gəlinirdi. O vaxtı da xəbərdarlıq etdik ki, dəyərli dostlar belə bir şey yoxdur. Bu, normal regional iş birliyinin artırılmasıdır, sadəcə ad dəyişiklikliyi və vizual dəyişiklikdir. Tamamən struktur gücləndi və dünyaya meydan oxuyur deyə bir şey yoxdur. Çünki, yeni təşkilat zəifdir və ayaqları üstündə yeni durur. Yeni üzvlər gəldi, buna da uzun vaxt lazım oldu, amma bu təşkilat fəaliyyətini 2009-cu ildən bu yana sürdürür. Yəni, uzunömürlü təşkilat deyil. Şanxay işbirlyi təşkilatı da var, dünyanın o bölgədə güclü dövlətləri ona üzvdür, amma aralarında da problem var. Təşkilat olaraq hələ də, fəaliyyəti tam anlaşılmır. Ona görə də, bu tək türk dövlətlərinə deyil, bütün dünyaya mesaj idi. Biz də hər birimiz istənilən bölgədəki siyasi gedişatdan dərs çıxarmalıyıq və doğru qərarlar almalıyıq. Mənə görə də, Azərbaycan bundan doğru qərarlar alıb, xarici və daxili siyasətində bir sıra tədbirlər, islahatlar həyata keçirməlidir, qərarlar almalıdır.

- Niyə Rusiya keçmiş sovet bölgələrində “təhlükəsizlik çətiri” rolunu artırır?

- Bu, normaldır. Xüsusilə, Rusiya kimi, zamanında Sovetlər Birliyinin bir parçası olmuş, atom silahına sahib və özünü SSRİ-nin varisi kimi görən bir ölkə NATO-nun və ya düşmən saydığı güclərin sərhədinə birbaşa yaxınlaşmasını istəmir. O, ətrafından buffer bölgəsini olmasını istəyir, yəni bunu Avropa Birliyi də, ABŞ da etməyə çalışır. Ona görə də, Rusiyanın bu cür addımlar atması başa düşüləndir, amma burada fərq var. Avropa Birliyi bunu edərkən yumşaq güc dediyimiz gücdən, xüsusilə ekonomik gücdən istifadə edir, yəni cazibə olaraq yanına çəkməyə çalışır. Avropa Birliyinə yaxın qonşuluq siyasəti bunun göstəricisidir. Amma Rusiya ekonomik və ya texnoloji olaraq cazibə mərkəzi olmadığı üçün özünün edə bildiyi ən önəmli şeydən istifadə edir. Bu da nədir? Güc. Rusiyanın bu üsulu daha sərt, daha aqressiv olur. O səbəbdən də qonşular da rahatsız olmağa başlayır. Yoxsa metodlar arasında elə də ciddi fərq yoxdur. Həm Rusiya, həm Avropa Birliyi bölgədə yayılmaq istəyir, gücünü artırmaq istəyir, hələ ABŞ və NATO-nu demək istəmirəm. Bu səbəbdən də, bunların yayılması, gücünün artırılması politikasına baxdığımız zaman aralarındakı məsələ sadəcə istifadə etdiyi metod və yöntəmlərdir. Rusiya daha qaba, sərt elədiyi üçün hamı Rusiyadan rahatsızdır. Avropa Birliyi isə daha çox insanların qulağına xoş gedən demokratiya, insan haqları, iqtisadi cazibə və s. digər məsələləri edib, yenə də nüfuz dairəsinə, avtoritet sahəsinə, güc bölgəsinə yaxınlaşdırmağa çalışır. Yəni, metodlar fərqli, niyyətlər isə eynidir. O səbəbdən də, Rusiya həm ABŞ-NATO-nun, həm Avropa Birliyinin, eyni zamanda Türkiyənin də bu şəkildə genişlənməsini, güclənməsini və yayılmasını qəbul etmir. Qəbul etmədiyi üçün də bu cür sərt metodlardan istifadə edir.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az