“Qazaxıstanda baş verən hadisələrin arxasında birbaşa Rusiya izi axtara bilərik. Çünki hadisələr ilkin olaraq qazın qiymətinin yüksəldilməsinə qarşı etirazlarla başladı, amma son baş verənlər onu göstərdi ki, heç də əsas məqsəd qiymət artımına etiraz deyilmiş. Üstəlik, bu hadisələrin zirvəyə çatdığı bir dövrdə Qazaxıstan prezidenti Qasım Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi güclərini ölkəyə sülhməramlı kimi dəvət etdi. Bunun özü qanunsuzluq idi, çünki KTMT-i yalnız üzv ölkələrə xaricdən təcavüz olduğu halda kömək etməlidir, yəni onun nizannaməsində belə yazılıb. Yalnız göründüyü kimi, Qazaxıstanda daxildə baş verən hadisələrə görə KTMT dəvət edildi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. Analitik qeyd edib ki, əsas diqqət çəkən hadisələrdən biri də bu dəvətə sadəcə olaraq, digər dövlətlərin deyil, əsasən Rusiyanın nəzərdə tutulması idi:
“Kontingentə baxanda da bilinir ki, burada Rusiya üstünlük təşkil edir. 3950 nəfərlik kontingentin 3 min nəfəri təkcə Rusiyaya məxsusdur. Düzdür, bu gün ümumi hadisələr səngiyib və faktiki olaraq, bu gün Qazaxıstanın hansısa kənar yardıma ehtiyacı yoxdur. Lakin indi görünür ki, Rusiyanın müxtəlif siyasi xadimləri iddia edir ki, hələ o kontingentin orada qalması üçün zərurət var”.
A.Həsrət qeyd edib ki, bu hadisələrin fonunda qazaxlarla qırğızlar, özbəklər arasında ikitirəlik yaradılmağa cəhd edilir: “Yəni, bu da birbaşa Rusiyanın “Parçala, hökm sür!” siyasətinin görsənişidir. Rusiya istər imperiya dövründə, istər sovet dövründə, istərsə də, indiki dövrdə qonşu xalqlara münasibətdə həmişə bu siyasəti yürüdüb. Orta Asiya, türk xalqlarını da bir-birinə qarşı qoymaqla, Rusiya orada mövqelərini möhkəmləndirmək istəyir. Hesab edirəm ki, Qazaxıstan hadisələrinin arxasında Rusiyanın yeni imperiya iddiaları dayanır və nəticədə rus qoşunlarının ora yeridilməsi də, məhz bu fikrimizi təsdiqləyir. Ümumillikdə isə düşünürəm ki, qazax xalqı və Qazaxıstan dövləti toparlanmalıdır. Çünki belə davam edərsə, Rusiya əvvəllər olduğu kimi, yenə də qonşu xalqları əsarət altında tutmağa davam edəcək”.
Aynurə Pənahqızı Demokrat.az


