“Bu bir az mürəkkəb məsələdir. Təsəvvür edin ki, müstəqil bir ailədə hansısa xoşagəlməz hadisə baş verib. Biz onu dərhal polisə xəbər veririk, yoxsa öz aramızda həll edirik? Təbii ki, öz aramızda həll edirik. Mən də elə bilirəm təhsil sistemi də bu problemi öz arasında həll etməli idi” Bunu Moderator.az-a açıqlamasında professor Şahlar Əsgərov 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın şagirdlərə əl qaldırması məsələsinə münasibət bildirərkən deyib. Bununla yanaşı, professor müəllimin şagirdə əl qaldırmasının yolverilməz olduğunu bildirib: “Əlbəttə ki, direktorun fəaliyyəti tənqid olunmalıydı. Şagirdi fiziki üsulla tərbiyələndirmək qəbulolunmazdır. Biz şagirdi intellektual, mənəvi üsulla tərbiyələndirməliyik. Bu baxımdan hesab edirəm ki, Təhsil Nazirliyinin xüsusilə yeni seçilmiş İctimai Şuranın yeni işlərindən biri bu olmalı idi. İctimai Şura bunu müzakirə edib, təhsil nazirinin qarşısında çıxış etməli idi. Müəllim ordusu 1, 2, 3 nəfər deyil, iki yüz minə yaxındır. Məktəblərin sayı isə dörd min beş yüzə yaxındır. Bu isə əhalinin çox böyük qismi deməkdir. Əgər əhalinin bu qismində ehtimal var ki, hardasa, nəsə düz getməyə bilər. Ona görə bu sistem daim nəzarətdə olmalıdır. Belə qüsurlar bu gün var, sabah da, o biri gün də olacaq. Bütün bunlar müxtəlif səbəblərdən törəyir. Cəmiyyətdə olan proseslər də məktəbə təsir edir”.
“Biz şagirdi fiziki yox, intellektual, mənəvi üsulla tərbiyələndirməliyik”
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


