Qazaxıstanda baş verən son proseslərlə bağlı siyasi şərhçi Şahin Cəfərli "Demokrat.az"a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Şahin müəllim, Qazaxıstandakı prosesləri yaxından izləyirsiniz. Hazırda hadisələr necə cərəyan edir?
- Qazaxıstan hüquq-mühafizə orqanlarının müdaxilələrindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrinin hərbi kontingentinin ölkəyə daxil olmasından sonra hadisələrin nisbətən səngidiyini müşahidə edirik. Bəzi şəhərlərdə hələ ki, etirazlar davam edir, əsasən də Qazaxıstanın qərbində. Amma aksiyaların nisbətən səngidiyini söyləyə bilərik. Təbii ki, bu da heç də o mənaya gəlmir ki, ölkədə gərginlik aradan qaldırılıb. Xeyr, bu gərginləyə səbəb olan faktorlar qüvvəsində qalır. Fikrimcə, bu gərginlik səngisə belə, aradan qalxmayacaq və gələcəkdə bu tip etirazların baş verməsinə zəmin yaradacaq. Bu faktorları əsasən iki hissəyə bölmək olar. Birincisi, ölkədəki sosial-iqtisadi problemlər və yoxsulluq məsələsi, hansı ki, etirazlar bu motivlə başladı. Yəni, bilirsiniz ki, qiymət artımına etiraz olaraq bu aksiyalar başlamışdı. İkincisi də, siyasi problemlər. Uzunmüddət ölkədə mövcud olan sərt avtoritar rejim, insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və s. bütün bunlar da təbii ki, Qazaxıstan əhalisini necə deyərlər, boğaza yığan, təngə gətirən əsas səbəblər kimi qeyd etmək olar. Hesab edirəm ki, nə qədər ki, bu problemlər qalır gərginliyin və problemlərin tam həllindən danışmaq mümkün olmayacaq.
- Bəzi politoloqlar hesab edir ki, bu hadisələrdən sonra Rusiya tərəfindən hansısa ittifaqın yaradılması mümkündür. Həmin ehtimallar nə dərəcədə realdır?
- Əslində, birliklər çoxdan var. İstər Avrasiya İqtisadi İttifaqı, istərsə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı. Hamıya məlumdur ki, bunlar keçmiş sovet məkanında Rusiyanın maraqlarına təmin etməyə yönəlmiş birliklərdir. Bir faktı da qeyd edim ki, hazırda yeni SSRİ-dən çox danışılır. Əslində, SSRİ-nin yenidən eyni adla, eyni sərhədlər çərçivəsində bərpasını gözləmək doğru deyil. Amma, faktiki olaraq bu təşkilatlar, bu inteqrativ birlikləri elə “Yeni SSRİ” kimi qiymətləndirmək olar. Yəni, bu iki təşkilat Moskvanın yenidən keçmiş sovet məkanında maraqlarını təmin edən təşkilatlardır. Qazaxıstan da həmin təşkilatların nəinki aktiv üzvü, hətta Rusiya ilə bərabər təsisçilərdən biridir. Bu baxımdan, əlbəttə ki, SSRİ-nin eyni ad altında bərpasından söhbət getmir. Amma, bu birliklər daxilində inteqrasiyanın daha da dərinləşdirilməsi təbii ki, mümkündür. Qazaxıstan da bu prosesdə hər zaman iştirak edib, yəni görünür bundan sonra da iştirak edəcək. Bu baxımdan yeni bir situasiya yoxdur.
- Hər kəs Ukraynada nələrinsə baş verəcəyini gözləyirdi, amma necə oldu ki, Qazaxıstanda bu olaylar baş verdi? Bu iğtişaşlarda Rusiyanın əli var idimi?
- Açığı, bu hadisələrin Rusiyanın törətdiyinə inanmıram. Ümumiyyətlə, Rusiya postsovet məkanında hökumətlərin xalq inqilabları yolu ilə devrilməsinə qəti şəkildə qarşıdır. Məncə, Rusiyanın bu mövqeyi sirr deyil və hər kəs bilir. O baxımdan, yəni Rusiyanın bu hadisələri təşkil etdiyi ilə bağlı fikirlərə qatılmıram. Rusiya bu hadisələrə təşkil eləməyib. Sadəcə olaraq, Rusiya baş verən hadisələrdən öz maraqları istiqamətində faydalandı, yəni düşünürəm ki, Rusiya Nazarbayevin əvəzlənməsində maraqlı idi. O baxımdan ki, Nazarbayev artıq xeyli yaşlanmışdı, 81 yaşında idi və sağlamlığında ciddi problemlər var idi. Yəni, hansısa məqamda Nazarbayev hakimiyyətdən ya təbii səbəbdən tutaq ki, vəfat etmə və yaxud da, başqa səbəbdən hakimiyyətdən getməli idi. Ona görə də, Rusiya Qazaxıstanda artıq bir varis planı reallaşdırmağa başlamışdı. 2019-cu ildə Nazarbayevin prezident kreslosunu Tokayeva təhvil verməsində Rusiya faktorunun ciddi rol oynadığını düşünürəm. Məlum oldu ki, Tokayev də əslində Rusiyanın adamı imiş. Göründüyü kimi, Rusiya 2019-cu ildən bəri Qazaxıstanda hakimiyyətin ötürülməsi siyasətini həyata keçirirdi və bu prosesə dəstək verirdi. İndi bu hadisələrlə də bir növ fürsət yarandı ki, hakimiyyət tamamilə Tokayevə ötürüldü və bu prosesi artıq başa çatdırdılar. Yəni, Nazarbayevin əlində qalan son hakimiyyət rıçaqlarını da alıb Tokayeva verdilər. Hadisələrdə Rusiya bu yöndən yararlandı və istifadə etdi.
Amma Ukrayna məsələsinə gəldikdə, qeyd edim ki, Ukraynadakı gərginlik hələ ki, davam edir və yanvarın 10-dan etibarən ABŞ və Rusiya arasında bu mövzuda dialoq başlayacaq. Təbii ki, Ukraynanın taleyi də həmin dialoqun gedişatında həll olunacaq.
- Qazaxıstan hadisələrində ABŞ-ın mövqeyini necə dəyərləndirirsiniz? Sizcə, bir az susqunluq müşahidə olunurmu?
- Bəli, susqunluq müşahidə olunur. Bu da ondan irəli gəlir ki, Orta Asiya regionunda Rusiya və Çin daha çox etkili oyunçular kimi çıxış edir. Bu region daha çox Rusiyanın nüfuz dairəsinə aidddir. Eyni zamanda, ötən müddətdə Çin də burada iqtisadi alətlərlə öz nüfuzunu xeyli möhkəmləndirib. Qərbin isə bu regiona təsir rıçaqları və imkanları çox məhduddur. Bu baxımdan, indiki hadisələrdə ABŞ-nin barmağının ola biləcəyi fikirləri səsləndirilir. Mən bu fikirlərin də doğru olmadığı qənaətindəyəm. Belə demək olar ki, ABŞ əslində Rusiya və Çin sərhədləri boyunca qeyri-sabitlik zolağının yaranmasında maraqlıdır. ABŞ-nin marağı bundadır ki, Rusiyanın başı mümkün qədər daha çox problemə, konfliktə qarışsın, eyni zamanda, Çinin də sərhədlərində çoxlu konfliktlər olsun ki, Çin öz ekspansionist siyasətini davam etdirə bilməsin. ABŞ-nin əsas marağı bundadır. İnanmıram ki, bu ölkənin hadisələri təşkil edə biləcək səviyyədə Qazaxıstanda gücü var.
- Bəs, Türk dövlətlərinin bu hadisələrdə susqunluğunun əsl səbəbi nədir?
- Əsas səbəbi odur ki, Türkiyə istisna olmaqla, Sovet coğrafiyasına daxil olan türk dövlətlərinin özü Rusiyanın nüfuz dairəsinə daxildir. Bayaq qeyd etdim ki, Orta Asiya ölkələri Rusiyanın nüfuz dairəsinə aiddir və onlar Rusiyanın iradəsi əleyhinə hər hansısa bir siyasət yeritmək cəsarətinə sahib deyillər, yəni ayrı-ayrı ölkələrdən söhbət gedirsə. Bütövlükdə, əgər Türk Dövlətləri Təşkilatından söhbət gedirsə, bu təşkilatın da hadisələrə və proseslərə təsir etmək üçün ciddi mexanizmləri yoxdur. Təşkilat hələ formalaşma mərhələsindədir. Son vaxtlara qədər əslində daha çox mədəniyyət sahəsində inteqrasiyanı təmin etməyə yönəlmiş bir təşkilat kimi çıxış edirdi. İndi sonuncu Zirvə toplantısında adı dəyişdirildi və bir qədər siyasi mahiyyət də qazandı. Hələ ki, bu təşkilatın əlində siyasi hadisələrə təsir edəcək səviyyədə güclü mexanizmləri yoxdur. Ona görə də, bu təşkilatın hər hansı bir ciddi rolundan danışmaq tezdir.
- Qazaxıstanda baş verən hadisələrdə kimlər qazandı? Ümumiyyətlə, buradakı proseslər necə səngiyəcək?
- Bu mərhələdə Rusiya qazanmış kimi görünür, çünki öz hərbi qüvvələrini Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlıları adı altında Qazaxıstana yeritdi, eyni zamanda Rusiyaya bağlı bir şəxs olan Tokayevin tamamilə hakimiyyəti ələ keçirməsi prosesi baş verdi və yekunlaşdı. Bu baxımdan, taktiki mərhələdə bu mərhələnin qazananı kimi Rusiyanı qeyd etmək olar. Ancaq, əsas itirən elə Tokayevin özü oldu. Çünki, əgər bir ölkə rəhbəri öz ölkə daxilindəki probleminin həlli üçün xarici qüvvələri yardıma çağırırsa, bu, o, deməkdir ki, həmin rəhbərin öz xalqı ilə bütün bağlantıları, əlaqələri qırılıb. O, həm öz xalqına, həm də dövlətinin güc strukturlarına güvənmir. Məncə, bu hadisə Tokayevin ölkə daxilindəki nüfuzuna çox böyük zərbə oldu. Hesab edirəm ki, Tokayevi bundan sonra Qazaxıstanı idarə etməsi xeyli çətinləşəcək. Əlbəttə ki, güc tətbiq eləməklə, tutaq ki, Rusiyanın köməyi ilə obrazlı ifadə eləsək, süngü ilə müəyyən müddət idarə edə bilər. Amma, Tokayevlə qazax xalqı arasında hansısa bir mənəvi əlaqə var idisə, o əlaqənin qırıldığını düşünürəm. Tokayev üçün çox çətin bir mərhələnin gəldiyini hesab edirəm. Qazaxıstanda vaxtı yetişəndə parlament, prezident seçkiləri keçiriləcək və o seçkilərdə xalqın Tokayevə və onun partiyasına dəstək verəcəyini gözləmirəm. Əgər həmin seçkilər saxtalaşdırılarsa, o hadisələr yenidən Tokayevə qarşı etiraz aksiyalarına təkan verə bilər. Məncə, bu hadiəsələrdə uduzan tərəf yalnız Tokayev özü oldu.
Aynurə Pənahqızı Demokrat.az


