“Qazaxıstanda baş verən hadisələrin səbəbi kimi sosial məsələlər, konkret olaraq sıxılmış qazın qiymətinin iki dəfə artırılması göstərilsə də, amma görünən odur ki, dərin qatlarda başqa proseslər baş verir. Bunun arxasında tamamilə başqa planlar mövcuddur. Bu baxımdan əgər doğrudan da, etiraz sırf qiymət artımı ilə bağlı idisə, Qazaxıstan hökuməti əslində bu etirazlara operativ reaksiya verdi. Qiymətlər iki dəfəyədək aşağı salındı, o cümlədən Qazaxıstan Nazirlər Kabineti tam tərkibdə istefaya göndərildi. Nə qədər qəribədə olsa qiymət artımında günahlandırılan zavod direktoru da vəzifəsindən çıxarılaraq həbs edildi. Yəni, prinsipcə, məntiqlə belə çıxır ki, əgər doğurdan da, etirazlar məhz sosial məsələlərlə bağlı idisə, prinsip etibarilə aksiyaçıların tələbləri həyata keçiriləndən sonra aksiyalar dayandırılmalı idi. Biz bunun tamamilə əksini gördük. İqtisadi tələblər yerinə yetiriləndən sonra etiraz aksiyasına qoşulan kütlələr daha da radikallaşdı və onlar dövlət strateji obyektlərə hücum etməyə başladılar”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. Politoloq qeyd edib ki, ən azı son 5 ili götürdükdə Rusiya prezidenti, Rusiyanın tanınmış siyasi elita nümayəndələri və ekspertlər sosial şəbəkələrdə Qazaxıstana qarşı aparılan bir kampaniyanın şahidlik edirdilər və bu kampaniyalarda Qazaxıstanda yaşayan “rus” əhalisinin hüquqları məsələləri, o cümlədən Qazaxıstana qarşı konkret olaraq torpaq iddiaları irəli sürülürdü:
“Bu da Rusiyanın hansısa planlarının xəbərçisi kimi qəbul edilə bilərdi. Digər tərəfdən, Qazaxıstan müstəqil olandan sonra son 30 ildə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin apardığı siyasət nəticəsində Qazaxıstanda qazaxlar azlıq durumundan milli çoxluğa artdı, yəni onlar Qazaxıstan əhalisinin 70 faizə qədərini təşkil etdilər. Digər tərəfdən Nazarbayev dünyanın müxtəlif yerlərinə yaşayan qazaxları öz ölkəsinə qaytarmağı bacardı və ölkəyə xarici investisiyaların axını təşkil etdi ki, bu da Qazaxıstan dövlətinin iqtisadi imkanlarının artmasına gətirib çıxardı”.
Politoloqun sözlərinə görə, Qazaxıstanda milli şüurun inkişafı əslində Rusiyanı məmnun edəcək hadisə deyildi:
“Bundan başqa Qazaxıstanda qazax dilinin dövlət dili kimi bütün dövlət qurumlarında və idarələrində işlədilməsinin məcburiliyi haqqında qanunun qəbulu, Qazaxıstanda kiril əlifbasından imtina edilərək, latın əlifbasına keçid məsələsi, o cümlədən Türk dünyası ilə əlaqələrin genişləndirilməsi və Qazaxıstanın Türk dünyasının əsas mərkəzlərindən birinə çevrilməsi təbii ki, Rusiyanın məmnun etmirdi. Həmçinin, Qazaxıstanın həm Qərblə, həm Çinlə, eyni zamanda Rusiya ilə normal münasibətləri, diplomatik əlaqələri davam etdirməsi çox da Rusiyanın məmnun qalacağı hadisələr deyildi. Bu baxımdan Rusiya Qazaxıstanın özünün tam təsiri altına salmaq, ən azı xiffət çəkdikləri SSRİ-nin yaranmasının 100 illiyini ərəfəsində Qazaxıstanı özünün yaratdığı Belarus İttifaqına daxil etmək üçün məqam axtarırdı və buna cəhdlər edirdi. Hansı ki, yayılan məlumatlara görə, dekabrın 28-də Sankt-Peterburqda MDB başçılarının görüşündə Putin tərəfindən Nazarbayeva belə bir təklif verilsə də, Nazarbayev yayılan məlumatlara görə bundan imtina edib. Bu da Rusiyanın daha sürətli hərəkət etməyə sövq edib, yəni Rusiyanın Amerika Birləşmiş Ştatlarına qarşıda gözlənilən görüş, o cümlədən Rusiya NATO danışıqları ərəfəsində bu görüşlərə əlidolu getmək istəyirdi. Ona görə də, Qazaxıstandakı qarışıqlıqların yaradılmasında Rusiyanın iştirakını mümkün, real hesab edirəm. Bu qarışılıqların nəticəsində Qazaxıstan prezidenti Rusiya qoşunlarının KTMT adı altında Qazaxıstana yerləşməsinə razı oldu. Artıq bu qoşunlar ora yerləşiblər. Mən bütün bu proseslərin fonunda Rusiya faktorunu, Rusiyanın burada hansı planlar cızdığını inananlardanam. Rusiyanın bu proseslərdə hökmən iştirakı olub və məqsədinə də bir formada hələlik çatdı”.
O.Qasımov qeyd edib ki, Rusiya bütün dünyanın diqqətini Ukraynaya yönəldərək zərbəni Qazaxıstana vurdu və Orta Asiyada özünün nüfuzunu kiminləsə bölüşməyəcəyi mesajını verdi.
Aynurə Pənahqızı Demokrat.az


