“44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi uğurlardan biri Şuşanın erməni işğalından azad olunması oldu. Şuşa azad olunduqdan sonra qısa müddətdə burada təmir, bərpa, abadlıq, quruculuq işlərinə başlanıldı və artıq Azərbaycan xalqının ürəyi Şuşa ilə döyünməyə başladı. Xatırladım ki, ötən il cənab Prezident 7 dəfə Şuşaya səfər etdi və Şuşada bir sıra tarixi abidələr bərpa olundu. Prezident İlham Əliyev Şuşanın bərpasını sürətləndirmək məqsədilə 2022-ci ili "Şuşa ili" elan etdi”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat vurğulayıb ki, Şuşa şəhərinin təməli 1752-ci ilə Pənahəli xan tərəfindən qoyulub:
“Bu il Azərbaycan xalqı tarixi Şuşa şəhərinin 270 illiyini qeyd edəcək. Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. Şuşa həm də bir çox dini abidələrlə zəngin tarixi şəhərlərimizdən biridir. Şuşa işğaldan azad olunduqdan sonra özünün yeni inkişaf mərhələsinə daxil olub. Ötən il Şuşada bir çox mədəni tədbirlər, festivallar keçirilib. Bu, həm də Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşaya verdiyi əhəmiyyətin və dəyərin göstəricisidir. Hazırda Şuşadakı dini-tarixi, mədəniyyət abidələrimiz sürətlə təmir və bərpa olunur. Şuşada yeni məscid, yaşayış binaları inşa olunur. Heç şübhəsiz ki, Şuşa tezliklə dünyanın ən abad və gözəl şəhərlərindən birinə çevriləcək”.
Millət vəkili diqqətə çatdırıb ki, Prezidentimizin 2022-ci ili “Şuşa ili” elan etməsini xalqımız çox yüksək qiymətləndirdi:
“Hesab edirəm ki, 2022-ci ildə Şuşada biz daha böyük tədbirlərin, layihələrin həyata keçirildiyinin şahidi olacağıq. Eyni zamanda 2022-ci ilin "Şuşa ili" elan edilməsi təkcə Azərbaycanda yox, Türkiyədə də müsbət qarşılandı. Biz 2021-ci ildə Türkiyədə Azərbaycan Prezidentinin iştirakı ilə Şuşa bəyannaməsinin imzalandığının şahidi olduq. Hesab edirəm ki, “Şuşa ili”nin elan olunması da bu baxımdan xüsusi əhəmiyyət daıyır. Hesab edirəm ki, belə bir qərarın verilməsi Şuşanın yenidən dirçəldilməsinə, yenidən inkişafa qədəm qoymasına öz ciddi töhfəsini verəcək”.
Aynurə Pənahqızı Demokrat.az


