Bakının Qaradağ rayonunda Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Fərman qeyri rəsmi münasibətdə olduğu Səmayəni döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 3 iyun 2021-ci ildə, saat 05 radələrində Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi 14 saylı binanın qarşısında baş verib.
Fərman şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə zamanı qeyri-rəsmi münasibətdə olduğu Səmayənin sol göz nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi vurub.
İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, hazırda fərdi taksi fəaliyyəti ilə məşğul olur: “Əvvəllər cinayət məsuliyyətinə cəlb edilmişəm. Qaradağ rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəmdə olan cinayət təqibi üzrə icraata xitam verilib.Təxminən 3-4 ildir ki, Səmayə ilə qeyri-rəsmi münasibətdəyəm. Bu müddət ərzində ailə kimi olmuşuq. Bir neçə dəfə aramızda söz-söhbət olsa da, hər ailədə olduğu kimi yenə barışmışıq. Gündüzlər istirahət edib, gecələr taksi fəaliyyəti ilə məşğul oluram”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, iyunun 3-də, saat təxminən 04-05 radələrində Səmayə ilə alış veriş etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketə gediblər: “Marketdən evə qayıdanda aramızda alış-veriş üstündə narazılığa görə mübahisə yarandı. Səmayəni yaşadığımız binanın həyətində maşında olarkən əsəbləşdiyimdən əlimin arxa hissəsi ilə üz nahiyəsinə şillə vurdum. Səmayə maşından düşdü, evə girdi. Sonradan həmin vaxt 102 xidmətinə zəng vuraraq məndən şikayət etdiyini bildim”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səmayənin sözlərinə görə, iyunun 3-də Fərman ilə alış veriş etmək üçün Lökbatan qəsəbəsində yerləşən “Bravo” marketə gediblər: “Marketdə olan zaman Fərmana çox bazarlıq etməməyini, 30 manat pulum olduğunu dedim. Fərman marketdən çox şey götürdüyü üçün pulum çatmadığından məcbur olaraq geri qaytarmalı olduq. Buna görə də Fərman əsəbləşdi, maşına oturarkən mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı maşının içində olarkən Fərman sol gözümdən bir dəfə yumruq zərbəsi ilə vurdu. Bundan sonra mübahisə eliyə-eliyə Fərmandan məni evə aparmağını istədim, yaşadığımiz evə çatdıqda maşından düşdüm, evə girdim. 102 xidmətinə zəng vuraraq döyülməyim barədə məlumat verdim. Sonra polis əməkdaşları gələrək bizi polis bölməsinə dəvət etdi”.
Zərərçəkmiş ifadəsinin sonunda təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti olmadığını deyib.
Bu cinayət işinə Qaradağ rayon Məhkəməsində hakim İslam Həsənovun sədrliyi ilə baxılıb.
Fərman 300 saat ictimai işlər növündə cəzaya məhkum edilib. Onun üzərində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulub.
Hökmün icrası Fərmanın yaşayış yeri üzrə Füzuli rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli Demokrat.az


