“Azərbaycan 44 günlük Vətən müharibəsi ilə uzun illərdir Azərbaycan əraziləri üzərində davam edən Ermənistan işğalını başa çatdırdı. Ərazilərimiz üzərində suverenliyimiz və dövlət sərhədlərimiz tam bərpa olundu. Bunlar sadəcə Azərbaycan üçün yox, ümumillikdə regionda sülhü və əməkdaşlığı formalaşdırmaq, beynəlxalq hüququn öz yerini tutması üçün çox önəmli uğurlardır. Lakin uğurların əldə olunması yalnız dövlət sərhəd xəttində təxribatların ehtimalını təəssüf ki, ortadan qaldırmadı”.
Bunu Demokrat.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Analitik qeyd edib ki, Azərbaycanın əsas istəyi iki dövlətin daha çox iqtisadi əməkdaşlığa yönəlməsidir, nəinki silahlanma yarışına:
“Təəssüf ki, Ermənistan işğalçılıq siyasəti apardı, soyqırımı törətdi və sülh yoluna gəlmədi. Onun nəticəsi olaraq da, 44 günlük müharibə baş verdi. Ermənistan ilk növbədə bu prosesdən dərs alaraq sərhəddə təxribatdan uzaq durmalıdır. Eyni zamanda, Ermənistanı vaxtilə işğalçılıq siyasətində, hazırda təxribatçılıq siyasətini dəstəkləyənlər də, ümumi bu prosesdən dərs almalıdırlar. Yəni, Ermənistanın işğalçılıq siyasətinin və o siyasətə verilən dəstəyin düşdüyü durumdan dərs almalı və bu təxribatlara birdəfəlik son verməlidirlər”.
Araz Aslanlı əlavə edib ki, əgər bir tərəf həmişə pis niyyətlidirsə, o zaman həmin təxribatları tamamilə bitirmək də mümkün deyil:
“Təxribatları tam bitirmək üçün dövlətlər bir-birilə münasibətləri mehriban qonşuçuluq ruhunda, beynəlxalq münasibətlərə uyğun qurmalıdırlar. Yəni, Ermənistanın klassik və zərərli yanaşması dəyişməlidir, onun yerini müasir mütərrəqqi, sülhpərvər yanaşma almalıdır. Bu, həm Ermənistan hakimiyyəti, həm də onu dəstəkləyən dövlətlərlə bağlı bir məsələdir. Düzdür, həm 1991-ci və 1997-ci illərdə, həm də 44 günlük müharibədən sonra Ermənistanda həmişə müəyyən təbəqələr olub ki, onlar Ermənistan dövlətinin apardığı siyasətin səhv olduğunu düşünüblər, bu istiqamətdə fikirlər bildiriblər. Ermənistanı daha konstruktiv mövqeyə dəvət ediblər. Təbii ki, 44 günlük müharibədən sonra onların sayı artdı. Biz güman edirik ki, Ermənistan cəmiyyətində sülh və əməkdaşlıq mühitinin nə qədər müsbət olduğunu anlayanların sayı artar, həm də revanşizmin zərərli olduğunu anlayanların sayı. Eyni zamanda, Ermənistana dəstək verib, onu təxribatlara çəkən dövlətlər də, regionda sülhün vacib olduğunu anlayarlar. Birinci istiqamət budur. Bu olmadığı halda, Ermənistan təxribatlara davam etmək istəsə və müəyyən dövlətlər Ermənistanı bu təxribatlara təhrik etsə, o zaman Azərbaycan məcbur olacaq ki, daha sərt addımlara əl atsın. Bu bizim arzuladığımız bir variant deyil, amma Ermənistan buna məcbur edə bilər. Ermənistan elə vəziyyət yarada bilər ki, Azərbaycan Ermənistanı təxribat törədə bilməyəcək dərəcədə zəiflətsin. Belə bir zərurət yarana bilər, amma bu arzu olunmayan variantdır. Arzu olunan variant odur ki, Ermənistan beynəlxalq hüquqa və regiondakı mehriban qonşuçuluq münasibətləri ruhuna uyğun davransın və regionda kommunikasiya xətləri açılsın. Bununla da, dövlətlər bir-birinin ərazi bütövlüyünə tam hörmət etsinlər. Bundan sonrakı münasibətlər silahlı yarışma şəklində deyil, iqtisadi layihələr reallaşdırılması şəklində olsun”.
Politoloq əlavə edib ki, Rusiya son 200 ildə regionda potensialı, təsir imkanı həmişə ən yüksək olan dövlət olub:
“Məhz bu səbəbdən də, necə ki, müəyyən münaqişələrin, problemlərin ortaya çıxması Rusiya ilə əlaqələndirilir, münaqişələrin həlli problemlərin ortadan qalxmasında da, Rusiyadan gözləntilər çox olur. Potensialı, təsir imkanları çoxdursa, deməli o real sülhün əldə olunmasına, dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət göstərmələrinin təmin olunmasına daha çox töhfə verə bilər. Bu baxımdan Rusiyanın 44 günlük müharibədə və ondan sonrakı mərhələdəki mövqeyində biz qismi dəyişiklik görürük. Amma, Rusiyadan həm beynəlxalq hüquq baxımından, həm də regiondakı bu gedişatın daha müsbət ruhda davam etməsi baxımından gözlənilən, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin, Türkiyə-Rusiya münasibətlərinin xarakterində yola çıxaraq gözlənilən o idi ki, Rusiya daha konstruktiv olsun. Rusiya bütün respublikaların, o cümlədən Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə daha hörmətlə yanaşsın. Təbii ki, Rusiyanı narahat edən məqamlar olub. Soyuq müharibədən sonra NATO-nun keçmiş SSRİ ərazisində güclənməsi və s. Amma göründüyü kimi, Qafqazda, xüsusən Azərbaycanda və Ermənistanda bununla bağlı imkanlar məhduddur. Azərbaycan və Ermənisan Rusiya ilə normal münasibətlərə üstünlük verir. Ona görə də, Rusiya daha konstruktiv, daha qurucu bir mövqedə çıxış edə bilər”.
Aynurə Pənahqızı Demokrat.az


