Gündəm

Aydın Mirzəzadə: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına artıq prinsipial şəkildə razılıq verdi”

Aydın Mirzəzadə: “Ermənistan Zəngəzur dəhlizinin açılmasına artıq prinsipial şəkildə razılıq verdi”

“Ermənistan təxribata görə saxlanılan hərbi qulluqçularının bir hissəsinin qaytarılması əvəzinə Zəngəzur dəhlizinin açılmasına artıq prinsipal şəkildə razılıq verdi”.

Bunu Demokrat.az-a Azərbaycanın 10 erməni hərbi qulluqçusunun Ermənistana təhvil verilməsi məsələsini şərh edərkən Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Deputat qeyd edib ki, 10 nəfəri geri qaytarmaqla, Azərbaycan böyük bir layihənin həyata keçirilməsinə şərait yaratdı:

“Göründüyü kimi, burada atılan birtərəfli addım deyil. Bu, artıq yolun açılması istiqamətində Ermənistan tərəfindən ciddi işlərin görülməsidir. Hətta, Ermənistan öz ərazisində olan dəmir yolu xəttinin artıq yaxın zamanlarda bərpası ilə bağlı konkret işlər də görəcək. İkinci məsələ isə burada həmin saxlanılan erməni hərbi qulluqçularının buraxılması xahişinin Avropa Birliyi rəhbərliyi tərəfindən edilməsidir”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın Avropa Birliyi ilə münasibətləri həmişə yüksək qiymətləndirilib: “Bu səbəbə görə, Azərbaycan bu istəyi nəzərə aldı. Həmçinin, Avropa rəhbərliyi ilə görüşdə Azərbaycan Avropa rəhbərliyinin işğaldan azad olunan zonanın minalardan təmizlənməsini öz üzərinə götürülməsini xahiş etdi. Bu məsələ Avropa Birliyi tərəfindən öyrənilir. Göründüyü kimi, Azərbaycan sadəcə olaraq 10 nəfəri qaytarmadı. Azərbaycan bu addımı ilə qarşı tərəflərin də post-münaqişə dövrünün bir sıra məsələlərinin həllinə səbəb olan addımlar atmasıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az