Gündəm

“Soçidə olduğu kimi Brüssel görüşündə də Azərbaycan şərtləri diqtə edən tərəf kimi iştirak edəcək”

“Soçidə olduğu kimi Brüssel görüşündə də Azərbaycan şərtləri diqtə edən tərəf kimi iştirak edəcək”

“Azərbaycan tərəfi siyasi dialoqa hər zaman açıq olduğuna görə, Brüssel görüşünün müsbət nəticələrlə yekunlaşacağına ümidvardır. Rəsmi Bakı hər zaman olduğu kimi danışıqların Brüssel raundunda da güclü tərəf kimi çıxış edir. Bu baxımdan, şübhə yoxdur ki, Soçidə əldə etdiyimiz diplomatik zəfəri Brüsseldə də davam etdirəcəyik. Təəssüf ki, Ermənistan tərəfi Brüsseldə danışıqların qeyri-konstruktiv mühitdə baş tutması üçün hər növ təxribatlara əl atmaqdadır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib. Analitik sərhəddə qəsdən törədilən hərbi avantüraların bunu bir daha təsdiqlədiyini qyd edib:

“Yaxud da bir neçə gün əvvəl Ermənistan parlamentarilərinin Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Məhz bu səbəbə görə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Stokholmdakı görüşü baş tutmadı. Bu təxribat əməli Ermənistanın məqsədli şəkildə sülhdən və danışıqlar prosesindən yayınmaq cəhdlərini göstərir. Ermənistan hələ də "münaqişə" məfhumunu aktual saxlamağa çalışır. Mütəmadi olaraq törədilən hərbi-siyasi təxribatlar İrəvanın bu məkrli niyyətindən xəbər verir. Təxribatların məhz indiki məqama təsadüf etməsi Brüsseldə danışıqların predmetini dəyişdirmək məqsədinə xidmət edir. İrəvan status məsələsinin masaya qoyulmasına can atır. Bu məqsədlə, sərhəddə süni gərginliklər yaradaraq münaqişənin hələ də bitmədiyi görüntüsünü yaratmağa çalışır. Digər tərəfdən, 44 günlük müharibənin nəticəsinə uyğun olaraq regiondakı təsir rıçaqlarından məhrum olan bəzi Qərb dairələri də eskalasiyanın genişlənməsində maraqlı tərəf kimi çıxış edirlər. Onlar münaqişə və status kimi klassik terminlərə söykənərək regiona yenidən qayıtmağı məqsəd güdürlər. Belə bir məqamda Brüssel görüşünün müsbət nəticələnəcəyini gözləmək bir qədər sadəlöhvlük olardı”.

C.Əhmədli əlavə edib ki, Azərbaycan hər zaman dialoqun tərəfdarı olduğu üçün bu görüşün təşkilinə də müsbət yanaşır və dövlətimizin başçısı Brüssel danışıqlarında da xalqımızın milli maraqlarını layiqincə müdafiə edəcək: “Soçidə olduğu kimi Brüssel görüşündə də Azərbaycan şərtləri diqtə edən tərəf kimi iştirak edəcək. Qeyd edim ki, Azərbaycan hərbi sahəsində olduğu kimi siyasi masada da güclü tərəfdir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az