Media

“Jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq”

“Jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq”

“ “Media haqqında” qanun layihəsi milli informasiya məkanının inkişafına töhfə olacaq”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib. Millət vəkili vurğulayıb ki, müasir dövrün tələbləri media haqqında qanunun da təkmilləşməsini zəruri edir:

“1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlara cavab vermir. Bu mənada geniş ictimai müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunan yeni qanun layihəsi həm də məsuliyyətli medianın inkişafına təkan verəcək sənəd kimi xarakterizə oluna bilər. Mən sənədin əsas müddəaları ilə tanış oldum və əminliklə deyə bilərəm ki, “Media haqqında” qanun layihəsi Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Ən vacib məqamlardan biri yeni qanun layihəsində media subyektlərinin dəqiq təsnifatının verilməsi və bu hüquqi sənədin jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış etməsidir. Eyni zamanda “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elementlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”.

Deputat qeyd edib ki, Media Reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də bu, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək:

“Təbii ki, reyestr isə həm də məlumatları vahid bazada toplayır və pərakəndəliyin qarşısını alır. Çünki dağınıq və səpələnmiş məlumatlar medianın inkişafına dəstək layihələrinin həyata keçirilməsinə və bu istiqamətdə səmərəli fəaliyyətin təşkil edilməsinə mane olur. Media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdıracaq. Ümid edirəm ki, yeni qanun ölkəmizdə jurnalistika peşəsinin nüfuzunun daha da artmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq. İctimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcək. Ən ciddi problemlərdən biri “copy-paste” jurnalistikasından xilas olmaq üçün də qanunda konkret tələblər qoyulub.

“Vətəndaş jurnalistikası” adlandırılan və peşə yox, daha çox hobbi kimi həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil. Qanunda nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanın təhlükəsizliyini təmin etməyə imkan verəcək”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az