Gündəm

Politoloq: “Azərbaycan Minsk qrupunun fəaliyyətinə heç vaxt imkan verməməlidir”

Politoloq: “Azərbaycan Minsk qrupunun fəaliyyətinə heç vaxt imkan verməməlidir”

“44 günlük Vətən müharibəsində Azərbaycan yalnız Ermənistanın ordusunu deyil, eyni zamanda Rusiyanın yaratdığı müdafiə xətlərini, bütün hərbi texnikasını alt-üst etdi”.

Bu sözləri Demokrat.az-a açıqlamasında siyasi elmlər doktoru, politoloq Sabir Məmmədli deyib. Politoloq qeyd edib ki, son günlər sərhəddə baş verən proseslər onu deməyə əsas verir ki, istənilən halda Ermənistanda Zəngəzur dəhlizinin açılmasına mane olan revanşist qüvvələr var:

“Onlar hər vəchlə bunun reallaşmasına imkan vermək istəmirlər. Bundan başqa, burada Qərb dairələrinin də marağının olduğu açıq-aydın görünür. Çünki Qərb tərəfi bu məsələyə müdaxilə edərək, Rusiyanı bğlgədən sıxışdırıb çıxarmağa çalışırlar. Düzdür, ABŞ belə hadisələr də guya kənardan seyirçi mövqe tutduğunu göstərsə də, ancaq faktiki olaraq Ermənistanın tərəfini vermir və əl altdan onlara dəstək verir. Təbii ki, Qərb ölkələrinin istəyi Minsk qrupunu yenidən bölgəyə daxil etmək və öz maraqlarını Minsk qrupu vasitəsilə həyata keçirtməkdir. Bununla da, vasitəçilik adı ilə Azərbaycana təzyiq və təsir imkanı əldə etməyə çalışırlar. Ona görə də, fikrimcə, Azərbaycan Minsk qrupunun fəaliyyətinə heç vaxt imkan verməməlidir”.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə kənar oyunçular olmasa, münasibətlər sülh istiqamətində normallaşmağa doğru gedə bilər: “Ermənistan və erməni cəmiyyəti yaxşı başa düşür ki, revanşist düşüncəsi ilə yaşasalar gələcəkləri olmayacaq. Erməni siyasiləri, hətta şərhçiləri də vurğulayırlar ki, Ermənistanın gələcəyi Türkiyə ilə münasibətlərin normallaşmasından asılıdır. Çünki Ermənistanın təhlükəsizliyini və gələcək təminatını Rusiya yox, məhz Türkiyə təmin edə bilər. Hesab edirəm ki, Azərbaycan tez bir zamanda sərhədlərin delimitasiya və demarkasiyasına çalışmalıdır. Hətta, buna Ermənistan razılıq verməsə belə, Azərbaycan ordusu addım-addım sərhədlərini bərpa etməlidir. Ermənistan nə qədər səs-küy salsa da, beynəlxalq aləmdə giley-güzar törətsələr də, Azərbaycan öz sərhədlərin möhkəmləndirməlidir”.

S.Məmmədli əlavə edib ki, Rusiya açıq şəkildə dəhlizin açılmasının əleyhinə olduğunu büruzə verməsə də, ermənilərin əliylə pərdəarxasında bir oyun aparır: “Düzdür, Zəngəzur dəhlizinin açılması məsələsində guya Rusiya seyirçi mövqedə olduğunu göstərir. Ancaq Rusiyanın bu dəhlizin açılmasında marağı yoxdur. Əgər dəhliz olarsa, bu, Rusiyanın tarixən güddüyü məqsədlərin əleyhinə olar. Ermənistanda revanşist qüvvələr də Paşinyanı bu dəhlizin yaradılmasına doğru addım atacağı təqdirdə, onu cəzalandıracaqlarını bildiriblər. Təbii ki, onu devirmək istəkləri Paşinyanı qorxuya salıb. Görünən odur ki, Ermənistan baş naziri də revanşist qüvvələrdən kifayət qədər çəkinir. Hətta, bu məlum bəyanatların şərtlərini yerinə yetirməyə çalışsa da, bu istiqamətdə addım ata bilmir. Həm də Ermənistanın ictimai abu-havası da buna imkan vermir. Ona görə də, o, bütün vəchlə bu prosesi uzatmağa çalışırlar. Fikrimcə, baş verən təxribatların əsas məqsədi də budur. Hesab edirəm ki, Zəngəzur dəhlizinin açılması məsələsi bir qədər də uzanacaq”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az