"O səs Rusiya" verilişinin iştirakçısı olmuş tanınmış azərbaycanlı müğənni Emil Kadırov Xocalı soyqırımının 27-ci ildönümü günündə Rusiya Federasiyasının Yekaterinburq şəhərində konsert proqramı ilə çıxış edəcək.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, sözügedən konsert 26 fevral 2019-cu il saat 19:00-da Sverdlovsk Dövlət Akademik Filarmoniyasında təyin olunub.
Emil Kadırovun konsertini Xocalı soyqırımının anım gününə təyin etməsi Rusiyada yaşayan azərbaycanlıların ciddi narazılığına səbəb olub.
Əldə etdiyimiz məlumata görə, Rusiyada yaşayan soydaşlarımız bu gün konsert keçirilən məkanın önündə etiraz aksiyası planlaşdırır.
Məsələ ilə bağlı fikir öyrənmək üçün Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və Yekaterinburq şəhərindəki baş konsulu İlqar İskəndərov əlaqə yaratmaq cəhdlərimiz baş tutmayıb.
Xatırladaq ki, Rusiya vətəndaşı olan Emil Kadırov 2016-cı ilin yayında Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunan “Jara- İsti günlər” adlı beynəlxalq musiqi festivalında qonaq olub. O, tez-tez Bakıya səfərlər edir.
Zaur Hacılı Demokrat.az


