Gündəm

Bu qədər zabitin bir helikopterdə uçuş etməsi qanunauyğundurmu? — Ekspertlərdən AÇIQLAMA

Bu qədər zabitin bir helikopterdə uçuş etməsi qanunauyğundurmu? — Ekspertlərdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğradı. Çox təəssüf ki, qəzada 14 rütbəli hərbçimiz həlak oldu. Bu gün hər kəsi maraqlandıran əsas suallardan biri bu sayda yüksək rütbəli zabitin hərbi təlim zamanı bir yerdə uçuş etməsidir.

Məsələ ilə bağlı ehtiyatda olan zabit İlham Tumas Demokrat.az-a açıqlamasında bildirib ki, hərbi təlimlərin öz qayda-qanunları var.

Ekspertin sözlərinə görə, hərbi təlimlərdə bir sıra qarşıya qoyulan tapşırıqlar və taktikalar olur: “Hərbi təlimlər müxtəlif cür olur. Biz deyə bilmərik ki, niyə rütbəli hərbçilərin hamısı bir helikopterdə olub. Bu, istisna deyil. Bir yerdə də ola bilərlər, ayrı da. Bu təlimin taktikasından asılıdır. Çünki təlimlərin xüsusiyyəti, tipi və qarşıya qoyulan özünəməxsus vəzifələri olur. İlkin hansı tapşırıq yerinə yetirilməlidir, sonrakı vəzifə nədirsə, o icra olunmalıdır. Ola bilsin ki, burada müəyyən əməliyyat icra olunmalı imiş ki, onlar bir yerdə olublar. Çünki hərbi təlimlərin öz qayda qanunları, xüsusiyyətləri var”.

Hərbi ekspert Ədalət Verdiyev isə Demokrat.az-a açıqlamasında bildirib ki, bu helikopterlər 24 nəfər heyətin daşınması üçün nəzərdə tutulub: “Heyətin kimdən ibarət olmasına artıq komandanlıq qərar verir. Hesab edirəm ki, burada normativlərin aşılmasına yol verilməyib. Qeyd edim ki, həmin helikopterlər Vətən müharibəsində kifayət qədər özlərini sübut ediblər. Bu qəzalar elədir ki, bundan heç kim sığortalanmayıb”.

Aynurə Demokrat.az

D
demokrat.az