Aşqabad sammitinin yekun bəyanatını imzalayan ölkələr arasında Qırğızıstan, Qazaxıstan və Tacikistan da var. Bu dövlətlər MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridir. Sirr deyil ki, Ermənistan KTMT üzvü olan bu qurumdan dəfələrlə siyasi, əksər hallarda isə hərbi yardım istəyib. Lakin bu gün maraq doğuran suallardan biri KTMT üçün İrəvanın yoxsa, Bakının önəmli olmasıdır?
Suallımızı cavablandıran politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında vurğulayıb ki, KTMT-də yeganə hərbi güc Rusiyaya məxsusdur. Politoloq əlavə edib ki, bu təşkilat yalnız və yalnız Rusiyanın mövcudluğu ilə əhəmiyyət kəsb edir: “Burada ancaq Rusiyanın siyasi xətti yürüdülür. Hamıya bəllidir ki, nə Belarus, nə Qazaxıstan, nə Tacikistan, nə də ki, Qırğızıstan özü-özlüyündə beynəlxalq miqyasda hansısa hərbi əməliyyatlarda iştirak edə bilməzlər. Bu, yalnız Rusiyanın icazəsiylə mümkündür. Rusiya isə artıq öz mövqeyini müəyyənləşdirib. Rusiya prezidenti bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və KTMT kimi onlar bu işə qarışa bilməzlər. Burada anlaşılır ki, KTMT Qarabağın Azərbaycan torpağı olduğunu bilir və heç vaxt onlar Ermənistanın işğalçı siyasətini müdafiə etməyiblər, etməyəcəklər də”.
Aynurə Demokrat.az


