Mədəniyyət

“Heç vaxt düşünməmişdim ki, övladım olsun, indi tək də qalsam peşman deyiləm”

“Heç vaxt düşünməmişdim ki, övladım olsun, indi tək də qalsam peşman deyiləm”

“Bu gün Rəmişin mənsiz keçirdiyi ilk doğum günüdür. Mən onun məzarına təkcə doğum günündə deyil, hər gün gedirəm. Dünyasını dəyişdiyi gündən bu günə qədər bir gün də olmayıb ki, getməyim. Yayda da, payızda da, hətta qışda da gedəcəyəm. Gedib onun yanında otururam, elə bilirəm ki, yanımdadır. Amma evə gələndən sonra yenə də darıxıram. Evdə olanda onsuzluğu hiss edirəm. Bütün dərdimi məzarı üstündə ona deyirəm, nədənsə dillənmir” Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmişin) ömür gün yoldaşı Gülü xanım deyib. O daha sonra əlavə edib.

“Xarici ölkədə yaşayan Rövşən adlı bir dostu var, o Rəmişə 75 illik yubiley keçirdi. Allah ondan razı olsun, yaxşı ki, o bu yubileyi etdi. Ondan sonra Rəmişin doğum gününü qeyd etmədik. 77 yaşına keçəndə çox qəmli-qüssəli idi. Elə bil ki, hiss edirdi sonuncu ayıdır, ömrünün sonunu yaşayır. Heç kimlə danışmırdı, özünə qapanmışdı. Xoşbəxt insanam ki, onun xanımı olmuşam, Rəmiş mənim canım, ürəyim olub. Heç övlad istəmirdim, elə bilirdim ki, Rəmiş mənim balamdır. Övlad məhəbbətini də, dost məhəbbətini də, ata məhəbbətini də ondan almışam. Heç vaxt düşünməmişəm ki, kaş övladımız olardı. Bu gün tək qaldığım üçün, övladımın olmamağı üçün heç bir peşmanlıq yaşamıram. Bir dənə onu deyirəm ki, Rəmişim niyə getdi? Rəmişi istəyirəm, istəyirəm onu qucaqlayım, sinəmə sıxım, tellərindən öpüm (ağlayır).Yuxularıma gəlir, üzünü göstərmir, sadəcə olaraq səsini eşidirəm. Bu ağır günlərimdə məni sevimli aktrisamız Kübra Əliyeva tək qoymur. Hər zaman maraqlanır, mənə deyir ki, Gülü üsyan etmə. 1982-ci ildən biz ailəvi dostuq. O mənim anamdır, böyük bacımdır. Mən onun evinin içi olmuşam, balaları mənim gözümün qabağında böyüyüb. Xalq artisti Qədir Rüstəmovun qızı Sevil xanım, oğlu Mehdi, Təyyar Bayramov, klarnet ifaçısı Hacı Həmidoğlu mənimlə əlaqə saxlayırlar. Məndən soruşurlar ki, nə istəyiniz var? Daha Rəmiş yoxdur, o gedib nə istəyim qalsın?! Bütün istəklərim onunla getdi! İstəyim odur ki, tezliklə Rəmişin yanına gedim. O dünyanı istəyirəm, Rəmişsiz bu dünyanın dadı-duzu yoxdur. Allah öz əcəli ilə məni onun yanına aparsın (ağlayır). Hər zaman Rəmişin yanında olmuşam, ondan bir gün də ayrı qalmamışam. Kaş indi də Rəmişin yanında olardım. O mənim fikrimdə ölməyib, sadəcə olaraq evini dəyişib, məni bu evdə saxlayıb, özü başqa evə köçüb. Evə gəlib Rəmişi axtarıram, qəbir üstündən gələndən sonra hamıdan, hər şeydən, həyatdan küsürəm” deyə Gülü xanım deyib.

Xalq artistinin xanımı sonda ölkə başçısına da təşəkkür edib. “Allah bizim prezidentimizi, birinci xanımımızı ölkəmizin başından əskik etməsin. Bizim çox gözəl dövlətimiz və onu idarə edən başçılarımız var. Dövlət xəstələrin, evsizlərin, şəhid ailələrinin, qazilərimizin qayğısına qalır. Mənim ömrüm prezidentimizə qurban olsun. Onu dünyalar qədər çox istəyirəm. Rəmiş xəstə olanda onu xəstəxanaya yerləşdirdilər, 2 ay 5 gün xəstəxanada yatdı. Rəmişin 2 ay 5 gün artıq yaşamağının səbəbkarı bizim gözəl Mehriban xanım oldu. Rəmişin son arzusu Ağdamı görmək idi. Çox əfsuslar olsun ki, Ağdam alınanda Rəmişin vəziyyəti çox ağır idi. İllərlə oturub duz-çörək kəsdiyi dostlarını belə tanımamağa başlamışdı. Məndən başqa heç kimi tanımırdı, ürəyimə dammışdı ki, artıq son günləridir” deyə sənətkarın xanımı bildirib.

D
demokrat.az