Mədəniyyət

Dövlətçilik tariximizin, milli adət-ənənələrin və mədəniyyətimizin təbliği üçün nələri etməliyik? — RƏYLƏR

Dövlətçilik tariximizin, milli adət-ənənələrin və mədəniyyətimizin təbliği üçün nələri etməliyik? — RƏYLƏR

Hər bir xalqın qarşısında əsrlər, minilliklər boyu formalaşmış yüksək milli-mənəvi dəyərləri, adət-ənənələri var. Bu gün qarşımızda milli məfkurəmizin pak və sağlam niyyətlərlə qorumaq, bütövlükdə cəmiyyətin inkişafına təsir göstərmək, onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi mühüm missiya durur. Bu məsuliyyətli missiyanı Azərbaycanda məhz ulu öndər Heydər Əliyev öz çiyinlərinə götürmüş, xalqımızın milli-mənəvi dəyərlərini sevərək öz varlığında yaşadıb, əməllərində bu dəyərləri müqəddəs, toxunulmaz bir xəzinə kimi qoruyaraq, əbədiyaşarlığını təmin edə bilmişdi. Tarixçi alimlərimizin tədqiqatları bir daha sübut edir ki, Azərbaycanın 5 min illik dövlətçilik tarixi var. Sirr deyil ki, tarixin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Qeyd edək ki, adət və ənənələrimiz bizi başqa xalqlardan fərqləndirən mühüm əlamətlərdir. Bunlar bizim yüksək mənəvi dəyərlərimiz kimi nəsillərdən-nəsillərə ötürülüb, varlığımıza hopub. Bundan sonra da xalqımız tərəfindən bu dəyərlərin yaşadılması labüd məsələlərdən biridir. Çünki adət və ənənələr hər bir millətin həyatında əvəzsiz rol oynayır. Bu tarixi adət-ənənələri yaşatmaqla xalqımız özünü hər zaman təsdiq edəcək və yaşayacaq. Bəs müasir dövrdə Azərbaycan xalqının milli adət-ənənələrinin, milli dövlətçilik tarixinin yenidən dəyərləndirilməsi zərurət varmı?

Azərbaycan xalqının milli adət-ənənələrinin, milli dövlətçilik tarixinin yenidən dəyərləndirilməsi üçün zərurətin yarandığını deyən tarixçi-alim Faiq Ələkbərli Demokrat.az-a açıqlamasında vurğulayıb ki, hələ 1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələ öz aktuallığını qoruyub saxlayıb. Onun sözlərinə görə, ötən 30 il ərzində bir çox məsələlərdə olduğu kimi, dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, ümumiyyətlə, elm və mədəniyyətimizin təbliği məsələsində müəyyən işlər görülüb:

Dövlətçilik tariximizin, milli adət-ənənələrin və mədəniyyətimizin təbliği üçün nələri etməliyik? — RƏYLƏR
“Ancaq fikrimcə, bu, yetərli deyildi. Hər halda, qonşu dövlətlərlə və post Sovet məkanına daxil olan bir çox ölkələrlə, o cümlədən Baltikyanı ölkələrlə, Ukrayna, Gürcüstan və başqaları ilə müqayisədə bəzi irəliləyişlərimiz olsa da, bəzi problemlərimiz də az deyildi. Hər halda, bizim bu problemlərimizin qaynağı da bütöv bir xalqa çevrilə bilməməyimizdir. Ən azından biz Quzey Azərbaycan olaraq, 10 milyonluq Azərbaycan xalqı kimi özümüzü ifadə etsək də, 35-40 milyonluq Güney Azərbaycan xalqı da vardır. Mənə elə gəlir ki, biz milli dövlətçilik tariximizin yenidən yazılmasında və onun təbliğində bu məsələni də nəzərə almalıyıq. Yəni, bizim dövlətçilik tariximiz 10 milyon xalqın tarixi deyil. Ən azı 55-60 milyonluq xalqın dövlətçilik tarixidir. Bu anlamda dövlətçilik tariximizin yenidən yazılması, yenidən dəyərləndirilməsi, milli metodologiyaya əsaslanan milli tarix kitablarımızın ortaya qoyulmasına ciddi şəkildə zərurət yaranmışdır. Əlbəttə, bizim müstəqilliyimizin bərpasından keçən 30 il ərzində müəyyən işlər görüldü. Yəni, milli dövlətçilik tariximizin yazılması, eyni zamanda adət-ənənələrimizin təbliği və yenidən adət-ənənələrimizə məhz Azərbaycan xalqının, Azərbaycan türklərinin prizmasından baxışı müəyyən mənada ortaya qoymağa başladı. Fikrimcə, hələlik bunu yetərincə ifadə edə bilməmişdik. Məsələn, əgər Azərbaycanın dövlətçilik tarixindən söhbət gedirsə, bu gün mövcud olan yeddi cildlik Azərbaycan tarixi kitabı buna, yəni bizim dövlətçilik tariximizin əsl mahiyyətini açmağa imkan vermir. Hətta, mən deyərdim ki, müəyyən mənada mövcud olan yeddi cildlik Azərbaycan tarixi Azərbaycan xalqı, Azərbaycan türklərinin əsil mahiyyətini, onun gerçək simasını dövlət başçılarının, tanınmış şəxsiyyətlərin əsil mahiyyətini ifadə etmir. Həmin yeddi cildlik kitabda biz istədiyimiz bir Azərbaycan dövlətçilik tarixindən bəhs etməyimiz bir az çətindir sözün açığı. Çünki həmin yeddi cildlikdə, eləcə də digər bu kimi kitablarda çox təəssüflər olsun ki, Şah Abbas, Ağa Məhəmməd Şah Qacar, Nadir şah Əfşar, Abbas Mirzə və başqa Azərbaycan türklərinin şəxsiyyətləri, onların dövlətləri başqa prizmadan, başqa metodologiya əsasında verilir. Bu anlamda biz hələ milli dövlətçilik tariximizi yetərincə ortaya qoya bilməmişik”.

F.Ələkbərli diqqətə çatdırıb ki, orta məktəb Azərbaycan tarixi kitablarında müəyyən irəliləyişlər var:

“Ancaq hər halda biz konseptual şəkildə Azərbaycan xalqının, türklərinin milli dövlətçilik tarixini ifadə etməkdə çətinlik çəkirik. Mənə elə gəlir ki, bu məsələ tez bir zamanda həll olunmalı və biz milli dövlətçilik tariximizi artıq həm də 44 günlük Vətən müharibəsndən sonra əldə etdiyimiz Zəfərin də mahiyyətinə uyğun olaraq yenidən dəyərləndirmələr aparmalıyıq. Yəni, bir çox məsələlərə baxışımız, milli metodologiyaya əsaslanmalıdır. Eləcə də biz adət-ənənələrimiz məsələsində, xüsusilə, Novruz bayramı ilə bağlı məsələlərdə, hələ də müəyyən suallar qarşımızda dayanır. Mənim düşüncəmə görə, bir tərəfdən bizim həm Zərdüştə, həm də Dədə Qorquda sahib çıxmağımız çox da doğru deyil. Bizim üçün Dədə Qorqud oğuzların, yaxud da Oğuz ayələrinin, Dədə Qorqud boylarının, müdriklərinin, böyüklərinin, dövlət adamlarının, yəni bu ənənənin üzərində adət-ənənələrimizi inkişaf etdirməliyik, eləcə də Novruz bayramını. Ancaq onu Zərdüştlüklə, atəşpərəstliklə izah etməyi qətiyyən doğru hesab etmirəm. Çünki əslində oradakı elementlər oğuzların və ya qıpçaqların ənənələr ilə bağlıdır. Nəinki Zərdüştlüyün, atəşpərəstliyin ənənələri ilə. Bax, bu məsələlərdə milli adət-ənənələrimizin hansı mahiyyətdən, prizmadan dəyərləndirilməsinin də biz hər bir incəliyini bilməliyik. Sözün açığı, Çar Rusiyası və Sovet Rusiyası dönəmində, eləcə də Azərbaycanımızın güneyi ilə də bağlı deyə bilərəm ki, 1925-ci ildə burada Böyük Britaniyanın əli ilə Pəhləvilərin hakimiyyətə gəlməsi, daha sonra islam rejimin meydana gəlməsi və s. Məhz bu dönəmdə Azərbaycan türklərinin şüuru çox qarışdırılır. Xüsusilə, bir çox ziyalılarımızın, mütəfəkkirlərimizin də ziddiyyətli baxışlar ortaya qoyması adət-ənənələrə baxış bucağını dəyişdi. Hər halda, bu ciddi məsələdir. Şübhəsiz ki, bunun üzərində işlədilər, çox ciddi şəkildə. Bəzi ziyalılarımızın şüuru dolandırmağa çalışdılar. Onlar Sovet Rusiyasına, İrana xidmət etməyə yönəldilər. İndi isə hələ Güney Azərbaycanda İran rejimi öz mahiyyətinə uyğun olaraq şüarlarını dolaşdırmağa davam edir. Bütün bunun nəticəsində istəsək də, istəməsək də bunu təxminən son iki əsrə yaxındır ki, adət-ənənələrimiz də, dövlətçilik tariximiz kimi dolaşdırıldı. Yanlış yorumlar, yanlış şərhlər və çox təəssüflər olsun ki bu bir çox kitablarda öz əksini tapdı. Bu məsələnin də yenidən dəyərləndirilməsinə, yeni milli ruhlu kitablarımızın yazılmasına ehtiyac var. Altmış milyonluq Azərbaycan xalqının mahiyyətini ifadə edəcək kitablar, filmlər, musiqilər təbliğat olunmalı, meydana çıxmalıdır. Bu məsələdə də milli adət-ənənələrimizin mahiyyətini ancaq Azərbaycan xalqının öz mayasından, öz ruhundan gələn dəyərlər əsasında qurmalı və cəmiyyətimizə çatdırmalıyıq. Çünki son iki əsrdə Azərbaycan xalqının, Azərbaycan türklərinin birliyini, bütövlüyünü parçalayarkən təkcə bizə maddi, fiziki zərbə vurmadılar. Bizi təkcə maddi, fiziki anlamda iki yerə parçalamadılar. Bizi həm də şüurumuzu, düşüncəmizi parçaladılar. İnsanlarımızda yarımçıqlıq kompleksi yaratdılar, bütövlük ruhu, birlik, bütöv dövlətə sahib olma ruhunu, adət-ənənələrimizi bir çox şeylərimizi param-parça etdilər. Əllərindən gələn yəni assimilyasiya siyasətini apardılar. Əlbəttə, əsas mərkəzi nüvə var ki, əlləri çatmadı. Həmin nüvənin əsasında Azərbaycanın quzeyində dövlətçilik ənənəmizə bərpa etdik 1918-ci ildə, daha sonra 1991-ci ildə yenidən müstəqilliyimizi bərpa etdik. Azərbaycanın güneyində də bu hərəkat davam edir: bütövlük, milli dirilik hərəkatı. Məsələn, Azərbaycanın quzeyi dövlətçilik məsələsində ənənəni qoruyub saxladı. Əsas gücü buna verdisə, Azərbaycanın güneyində isə daha çox milli adət-ənənələrimizi, dilimizi Azərbaycan türkcəsinin farsa qarışsa belə böyük varlığını saxladı. Eyni zamanda, Novruz bayramı ilə bağlı adət-ənənələrimizi, digər milli mərasimlərinin, Azərbaycan güneyi geyimindən tutmuş bir çox mərasimlərdə öz varlığını qoruyub saxladı. Şübhəsiz ki, bunu Azərbaycan güneyində və quzeyində birgə şəkildə davam etdirir, eləcə də elm və mədəniyyət məsələsində də. Həm Azərbaycanımızın quzeyində, həm də güneyində bax bu birlik davam etməli, yeni kitablar, əsərlər meydana çıxmalıdır.”.

Tarixçi-alim Boran Əzizli saytımıza açıqlamasında vurğulayıb ki, adət-ənənələr min illər ərzində formalaşır. Alim qeyd edib ki, hər 50-100 ildən bir kimlərinsə, bu adət-ənənənin müəyyən hissəsinin xoşuna gəlməyib dəyişdirərsə, onda 500 ildən sonra bu millətdən əsər əlamət qalmaz:

“Bilirsiniz ki, adət-ənənə min illərdən bəri gələn bir evə bənzəyir. Hər 50-100 ildən bir bu evin bir kərpici kiminsə xoşuna gəlməyib dəyişdirsə, onda o əvvəlki adət-ənənədən əsər-əlamət qalmaz. Bizimlə dünyanın müxtəlif xalqları arasında hər hansısa bir fərq olmaz. Çünki xalqları fərqləndirən özünəməxsus əsas cəhətlər onun adət-ənənəsi, mentaliteti ilə müəyyənləşir. Bu cəhətdən də hesab edirəm ki, adət-ənənələr çox mühafizəkar olmaqla, ona hədsiz dərəcədə ehtiyatla yanaşılmalıdır. Əlbəttə, biz də 7 və 8-ci əsrdəki bir adət-ənənə hesab eləmirəm ki, tam qalıb. Amma biz müasirliyin də əleyhinə deyilik”.

Dövlətçilik tariximizin, milli adət-ənənələrin və mədəniyyətimizin təbliği üçün nələri etməliyik? — RƏYLƏR
B.Əzizli qeyd edib ki, ancaq bu müasirlik xalqın adət-ənənəsinin əleyhinə olmamalıdır:

“Müasirlik deyərkən, bizim milli mentalitetimizə yad olan əxlaqın, müəyyən yaşam tərzinin, prinsiplərinin həyatımıza qəbul olunmasını qəbul edə bilmirəm. Cırıq şalvar və s. kimi geyimləri nəzərdə tutmuram. Bu baxımdan, mən yeni texnikalara sahib olmaq, onun dərindən öyrənmək və dünyada gedən əsas hüquq və azadlıqları əldə tutmağı və sairəni nəzərdə tuturam. Eyni zamanda, bizim torpağı nurla dolmuş Cümhuriyyət qurucu babalarımız müasirlik deyəndə məhz bunu nəzərdə tutublar. Buna görə də, biz islam imanlı, türk qanlı müasir gənclik formalaşdırmalıyıq. Bütün bunlar hər birimizi maraqlandıran məsələdir. Qeyd edim ki, Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə bağlı bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Ululardan bizə yadigar qalan bir çox adət və ənənələr var ki, onlar kiçik dəyişikliklərə uğrasalar da özlərini qoruya biliblər. Bu gün də sözügedən adətlər, məişət və mədəniyyət hadisələri xalqımızın ümummilli dəyəri olaraq öz yerini qoruyub saxlamalıdır”.

Aynurə Pənahqızı Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Dövlətçilik tariximizin, milli adət-ənənələrin və mədəniyyətimizin təbliği üçün nələri etməliyik? — RƏYLƏR
Demokrat.az

D
demokrat.az