“Zəfər gününün Azərbaycan xalqı və dövləti üçün önəmi həddindən artıq böyükdür. 8 Noyabr Azərbaycan xalqının və dövlətinin tarixinə qızıl hərflərlə yazılmışn bir tarixi hadisədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Xəyal Bəşirov deyib. Politoloq vurğulayıb ki, Azərbaycan uzun illər bu münqaişənin həllinə beynəlxalq hüququn prinsipləri əsasında nail olmağa çalışsa da, çox təəssüflər olsun ki, qarşı tərəf illərlə buna uyğun nümayiş sərgiləmədi:
“Təəssüflər olsun ki, biz bu münaqişəyə sülh və danışıqlar yolu ilə nail ola bilmədik. Azərbaycan xalqının və dövlətinin bu istiqamətdə gözləntisi öz müsbət nəticəsini vermədi. Bu da bir daha sübut etdi ki, 30 ilə qədər bir müddətdə Azərbaycan xalqına beynəlxalq aləmdə, beynəlxalq hüquqda haqqı verilmədi, ədalət bərqərar olmadı. Ancaq vədəsi, zamanı yetişdikdə, Azərbaycan xalqı haqlı olduğu kimi, güclü olduğunu da sübuta yetirdi. Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında dəmir yumruq altında birləşərək, öz gücü və iradəsi əsasında bu münaqişəni həll etdi”.
X.Bəşirov qeyd edib ki, Azərbaycan bu qələbə sayəsində müstəqilliyinin bütövlüyünə nail oldu:
“İlk növbədə Azərbaycan bu tarixi qələbə ilə beynəlxalq aləmdə ədalətin bərpasını qoydu. Çünki dünya xəritəsinə nəzər yetirsək, bu cür süni şəkildə yaradılmış münaqişələr çox zaman həllolunmaz səviyyəyə gəlib çıxır və belə münaqişələrin həlli düyünə çevrilir. Amma Azərbaycan dövləti bu addımı ilə yeni etalon, yeni nümunə ortaya qoydu. Həmin o düyünü kəsməklə, bu, məsələni beynəlxalq hüququn prinsipləri əsasında həll etdi. Dünyanın ən nəhəng təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etdi. Azərbaycan BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş və icrası Ermənistanın təxribatları nəticəsində mümkünsüz vəziyyətə gəlmiş həmin o sənədlərin icrasını həyata keçirdi. Eyni zamanda, bu qələbə ilə regionda sülhün və təhlükəsizliyin təməlini qoydu. Habelə, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti regionun siyasi və coğrafi xəritəsinin yenidən ədalətli bərpasına nail oldu. Düzdür, bu gün bir sıra problemlər yenə də mövcuddur. Amma ümid edirəm ki, həmin problemlərin həllinə də Prezident İlham Əliyevin uzaqgörən siyasi rəhbərliyi altında sülh və diplomatik yolla nail olunacaq”.
Aynurə Demokrat.az


