Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VIII Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca önəmlidir. Bakı Forumunda dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçilərinin, eləcə də digər nüfuzlu qonaqların iştirak etməsi tədbirin əhəmiyyətini göz önünə sərgiləyən faktlardır. Hibrid formatda təşkil edilən tədbirə, ümumilikdə 300-ə yaxın qonaq canlı və onlayn qaydada qoşulacaq və noyabrın 6-na kimi qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək. Sayca 8-ci olan Forumun gündəliyində yer alan məsələlər kifayət qədər əhatəlidir. Panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq. Göründüyü kimi, artıq Bakı Forumu dünya ictimaiyyətinin gündəliyində olan təxirəsalınmaz məsələlərin müzakirə edildiyi nadir, fəal beynəlxalq platforma kimi mühüm rol qazanıb.
Sanballı, dünya siyasətində xüsusi çəkisi olan bir kontingentin cəmləşdiyi Bakı Forumuna azalmayan maraq, dünyanın tanınmış isimlərinin tədbirə qoşulması, ilk növbədə Azərbaycana olan maraqdan, Prezident İlham Əliyevin nüfuzuna göstərilən sayğıdan qaynaqlanır.
Diqqət etsək görərik ki, Prezident müharibədən öncə, həmçinin müharibə zamanı ölkəmizin dünyadakı maraqları naminə yerinə yetirdiyi müqəddəs işi bir an olsun axsatmır. 44 günlük Vətən savaşının ildönümü ərəfəsində Prezidentin son bir illik fəaliyyəti vurğulamağa əsas verir ki, həyata keçirilən informasiya strategiyası daha əzmlə aparılmaqda, ölkədə, regionda və dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyi və müvafiq mesajları daha effektiv şəkildə beynəlxalq ictimaiyyətə çatdırılmaqdadır. Bunun üçün ən uğurlu tribuna Bakı Forumu kimi mühüm beynəlxalq tədbirlərdir və ötən 1 ildə Prezident bu qəbildən olan platformalarda postkonflikt dövrdə regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri, ermənilərin vandallığı və bunun mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun informasiyalar çatdırmaqdadır.
Bakı Forumunda da eyni mənzərənin şahidi oluruq.
Prezidentin çıxışında önə çıxan istiqamətlərdən biri COVID-19-la mübarizəni, digəri isə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması, Ermənistanın işğalçılıq siyasəti, bu təcavüzün acı nəticələri, Azərbaycan torpaqlarında törədilən vandalizm, eləcə də rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə, işğal faktının tam aradan qaldırılması ilə bölgədə yaranan real vəziyyəti əhatə edirdi. Məlumdur ki, Forum “COVID-19-dan sonrakı dünya” başlığı altında keçirilir və Prezident İlham Əliyev çıxışında ölkəmizin pandemiya ilə mübarizədə dünyaya təqdim etdiyi pozitiv nümunəni faktlarla ortaya qoydu.
Azərbaycan ilk gündən ölkə daxilində tibbi infrastrukturun pandemiya ilə səmərəli mübarizə məqsədlərinə uyğunlaşdırılması üçün addımlar atıb və qısa zamanda buna nail olub. Bu sahədə görülən işlərin miqyası kifayət qədər əhatəlidir və buna misal kimi 13 yeni xəstəxananın açılmasını, 4 min əlavə çarpayının yaradılmasını, tibbi ləvazimatların alınması və s. göstərmək mümkündür.
Prezident çıxışında pandemiyanın nəzarətə götürülməsi, effektiv tədbirlər vasitəsilə virusun geniş yayılmasına imkan verilməməsi istiqamətində atılan addımları, əldə olunun uğurlu nəticəni, həyat keçirilən sosial yardım paketlərini vurğuladı. Dövlət büdcəsindən ayrılan vəsait (2.9 milyard dollar həcmində) pandemiyadan əziyyət çəkən vətəndaşların ehtiyaclarının ödənilməsinə istiqamətləndirilib, həmçinin biznes sahəsinə dövlət dəstəyi həyata keçirilib.
Bu gün Azərbaycan o ölkələrdəndir ki, ilk olaraq vaksinasiya kampaniyasına start verib. Prosesin uğurla həyata keçirilməsini görmək üçün 18 yaşdan yuxarı ölkə əhalisinin 60 faizinin iki doz vaksinasiya olunması faktına diqqət çəkmək kifayətdir və bu, dünyada ən yaxşı göstəricilərdən biridir.
Azərbaycan həm də o ölkələrdəndir ki, beynəlxalq səviyyədə pandemiya ilə mübarizəyə ciddi töhfələr verib. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində yardımın ayrılması, 30-dan artıq ölkəyə yardım göstərilməsi ölkəmizin bu istiqamətdə nə qədər önəmli rol oynadığını isbatlayan tutarlı faktlardır. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ilə COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində dayanıb. Faktlara diqqət edək:
- Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü 2021-ci il dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilib;
- 2021-ci il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib;
- Azərbaycan ÜST-ün istifadəsində olan COVİD-19-la bağlı göstərilən tibbi xidmətlərin məlumat bazasının yaradılması təşəbbüsünü irəli sürüb.
Bütün bu tədbirlərdə Azərbaycan Prezidenti vaksin ayrı-seçkiliyinə, millətçiliyinə qarşı açıq mövqe ortaya qoyub. Danılmaz faktdır ki, ölkəmiz bu istiqamətdə ən fəal mübarizə aparan ölkələrdən biridir və bu problemə son qoyulması üçün ardıcıl təşəbbüslərin müəllifidir. Bütün bu faktlara çıxışında yer ayıran Prezident İlham Əliyev mötəbər tədbirdə pandemiya ilə mübarizə sahəsində Azərbaycan nümunəsini təqdim etdi.
Bakı Forumunda Prezident İlham Əliyevin çıxışının digər istiqaməti 44 günlük Vətən müharibəsindən sonrakı dönəmi əhatə edirdi. Postmünaqişə dövrünə düşməsi baxımından ilk olan Forumda Ermənistan və Azərbaycan arasındakı konfliktin həll edilməsinin bütün aspektləri beynəlxalq auditoriyaya hərtərəfli çatdırıldı.
Prezident Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etməsini, beynəlxalq ictimaiyyətin laqeyd münasibətini təsadüfən vurğulamadı. Ortada 27 illik açı tarix var. Bu dövr ərzində BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası üçün heç bir addım atılmadı, ATƏT-in Minsk Qrupu münaqişəni həll etməkdən çox, uzanmasına yönələn fəaliyyət sərgilədi. Hansı ki, BMT qətnamələri erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. BMT ilə yanaşı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər təşkilatlar analoji təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pisləyən və işğala son qoyulmasını tələb edən qərar və qətnamələr qəbul etmişdilər. Azərbaycan öz gücünə torpaqlarını azad etməsəydi, münaqişənin hələ uzun illər həll olunmayacağı dəqiq idi.
“Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”-, deyə vurğulayan Prezident 2021-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəblərinə də toxundu. Bura Ermənistanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları, Azərbaycana qarşı ardıcıl təxribatları, Ermənistan Baş nazirinin, rəsmi şəxslərinin yeni iddiaları əks etdirən çıxışları və s. daxildir.
Ermənistanın Azərbaycan xalqına qarşı həyata keçirdiyi düşmənçilik siyasətinə, işğaldan azad olunmuş əraziləri tamamilə, ağlagəlməz vəhşiliklə dağıtmasına rəğmən rəsmi Bakı posmünaqişə dövrünün ilk günündən konstruktiv təkliflərlə çıxış edib. Bakı Forumunda Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini bəyan etdi: “Biz indi postmünaqişə dövründəyik. Ermənistana bir sıra təkliflər irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq. Çünki biz müharibə haqqında danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik. Əfsuslar olsun ki, bu təklif hələ cavabını almayıb”. Dövlət başçısı deyib ki, indi hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq: “Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq, sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir və demək olar, bir ildir onlar susurlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər”.
Bu, Ermənistana, yaranan yeni reallıqla bağlı olan qüvvələrə verilən növbəti mesajdır. Azərbaycanın davamlı sülh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmaması, demarkasiya və delimitasiya işlərinə başlanmaması Ermənistana yaxşı nəsə vəd etmir.
Beləliklə, qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsinə həsr olunan Bakı Forumu Azərbaycanla bağlı gerçəklərin yayılması, təbliği, həmçinin beynəlxalq aləmə önəmli mesajların ötürülməsi baxımında müstəsna rola malikdir. Dünyanın aparıcı beyin mərkəzlərinin, isimlərinin nümayəndələrinin, müxtəlif ölkələrin sabiq prezidentlərinin, baş nazirlərinin, yüksək vəzifəli şəxslərinin, tanınmış ictimai-siyasi xadimlərinin, diplomatların, politoloqların müzakirələrdə iştirakı, Azərbaycan həqiqətlərini bir daha eşitməsi münaqişədən sonra yürüdülən informasiya siyasətinə mühüm töhfədir.
Elman Babayev Əməkdar jurnalist Demokrat.az


