“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında keçmiş Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasını özündə ehtiva edən 10 noyabr tarixli bəyanatda daha bir neçə məsələnin həlli nəzərdə tutulur ki, bunlardan biri də hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsidir. Əvvəla onu demək lazımdır ki, Azərbaycan hətta torpaqları isğal altında olduğu vaxtda belə bütün öhdəlikləri yerinə yetirib və dövlətimiz hər zaman "hamının-hamıya dəyişdirilməsi" prinsipi ilə çıxış edib. Pozuculuq edən, üzərinə götürdüyü öhdəliklərdən yayınan isə hər zaman Ermənistan tərəfidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, əsirlərin, girovların dəyişdirilməsində pozuculuq edən və proseslərin inkişafını yubadan Ermənistan tərəfidir:
“Mütləq qaydada vurğulamaq lazımdır ki, bu pozuculuq sadəcə hərbi əsir və girovlarla, ya da cəsədlərin mübadiləsi ilə bağlı deyil. Məsələn, elə ən son verilən mina xəritələrinin dəqiqliyi 25 faizdir. Həmçinin, UNESCO tərəfindən artıq yaradılan missiyanın gəlişini də Ermənistan gecikdirir.
Rusiyanın vasitəçiliynə, sülhməramlıların fəaliyyətindən Azərbaycan ictimaiyyətinin narazı olduğu aşkardır. Hətta Müdafiə Nazirliyi bununla əlaqədar bəyanat verdi və dövlətimiz də rəsmi olaraq mövqeyini bildirdi. 31 avqustda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və erməni həmkarı Ararat Mirzoyan danışıqların yekunlarına dair birgə mətbuat konfransı keçirib. Lavrov əvvəlcə deyib ki, Rusiya müxtəlif səviyyələrdə rəsmi Bakıya siqnallar göndərir ki, Azərbaycanda saxlanılan erməni hərbçilər ilkin şərt irəli sürülmədən Ermənistana qaytarılsın. Lavrov həm Rusiyanın üçtərəfli razılaşmaya sadiq olduğunu bildirir, həm də erməni diversantların Ermənistana verilməsini istəyir. Rusiya xarici siyasət idarəsinin rəhbəri Lavrov bildirir ki, Rusiya iki ölkə arasında etimad tədbiri məsələsində fəal iştirak edəcək. Amma məsələn necə olur ki, Azərbaycana ən son təqdim olunan mina xəritələrinin dəqiqliyi 25 faizdir?”.
Politoloq Ermənistanın hal-hazırkı davranışlarının bu dövlət təcavüz siyasətindən əl çəkmədiyini, hələ qonşuluq siyasətinə hazır olmadığını göstərdiyini vurğulayıb:
“Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə 9 noyabrda imzalanan bəyanatı pozur və Azərbaycana diversant qruplar göndərirsə, o zaman Lavrovun özünün də ifadə etdiyi kimi etimad tədbirlərinin gücləndirilməsi işinə Rusiyanın daha ciddi yanaşması vacibdir. Çünki Lavrov özü də prosesə hərtərəfli kömək etməyə hazır olduqlarını təsdiqləyir.
Üçtərəfli bəyanatda da ehtiva olunduğu kimi bütün hərbi əməliyyatlar dayandırılıbsa, deməli, 10 noyabr bəyanatının imzalanmasından hətta bir saat keçsə belə ondan sonra saxlanılan şəxslər birmənalı olaraq terrorçudur. Bu məqamda onu da vurğulamaq lazımdır ki, Lavrovun bu açıqlaması saxlanılan erməni diversantlarının taleyini Azərbaycanın həll etdiyini məsələsini, reallığını da ortaya qoyur. Yəni 10 noyabr bəyanatından sonra saxlanılan insanların taleyi, onların aqibəti Azərbaycanın müstəqil qərar qəbuletmə mexanizmini əsas tutaraq Azərbaycan dövlətinin qərarından asılıdır. Onların aqibəti ilə bağlı qərar verən ölkə bir digər dövlət deyil, məhz Azərbaycandır. Bu məsələdə Rusiya da daxil olmaqla yekun sözü üçüncü bir dövlət, tərəf deyil, məhz Azərbaycan dövləti deyir. Ermənistanın hər vəchlə həmin ermənilərin əsir olduğunun Rusiya tərəfindən təsdiqlənməsinə çalışmaqlarına baxmayaraq Lavrovun Azərbaycan həbsxanalarında saxlanılan ermənilərin Azərbaycana 9 noyabrdan sonra keçdiklərini bildirməsi ilə təsdiq etdi ki, onlar əsir hesab olunmur”.
Ş.Həsənova bildirib ki, Azərbaycanın proseslərə nəzarət etməsi fonunda Ermənistanın yeni cəhdləri də fiaskoya uğrayır:
“Ümumilikdə, yeni nazir Mirzoyanın Moskva səfəri Ermənistanın ümidlərini, gözləntilərini doğrultmadı. Ermənilər Lavrovun bəyanatlarından razı qalmadılar. Həmçinin, Qondarma Qarabağ rejiminin yaradılmasının 30 illiyi ilə bağlı Xankəndi şəhərində bayram tərdbirləri keçirilməli idi ki, "prezident” Arayik Arutyunyan geri addım ataraq qondarma rejimdə heç bir bayram tədbiri olmayacağını bildirdi. Azərbaycan prosesi hərtərəfli özü idarə edir, ermənilərin ümidləri, gözləntiləri isə hərtərəfli puç olur. Ermənistan anlamalıdır ki, siyasi və söz oyunları onlara heç nə qazandırmayacaq, reallığı qəbul etməli, hazırda tərəflərin imzaladığı bəyanatların icrasının zamanı olduğunu dərk etməlidirlər”.
Aygül Qarayeva Demokrat.az


