“Hər bir yaşayış məskəninin tarixi mənsubluğu orada yaşayan xalqlarının mədəniyyət abidələri ilə ölçülür. Şuşa Azərbaycan şəhəridir. Bu qədim şəhərdə ermənilərə xas olan, o xalqın orada yaşamasını ifadə edən heç bir nişanə yoxdur. Məhz azərbaycanlıların əzəli şəhəri olduğu üçün işğaldan əvvəl də Şuşanın hansı hissəsinə baxsan, orada azərbaycanlıların tarixinin, milli mədəniyyətin, musiqisinin həkk olunduğunun şahidi olursan. Ona görə də, Şuşaya qayıdışımız mədəniyyətimizin qayıdışından başlanır”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib.
Prezidentin Şuşaya səfəri və səsləndirdiyi fikirlərlə bağlı danışan deputat qeyd edib ki, erməni vandallığına məruz qalmış tarixi abidələr, o cümlədən Üzeyirin, Bülbülün, Natəvanın, Vaqifin abidələrinə doğma Şuşada yenidən nəfəs qaytarıldı:
“Vaqif Məqbərəsi bərpa olunaraq özünün əvvəlki görkəmini aldı. Şuşaya qayıdışımız “Xarıbülübül” Musiqi Festivalı ilə başlandı və Vaqif Poeziya Günləri ilə davam edir. Bu o deməkdir ki, Şuşa azərbaycanlıların tarixi şəhəridir və artıq tariximiz, mədəniyyətimiz özünə qayıdır. 30 avqustda Vaqif Poeziya günlərinin açılışında Prezident İlham Əliyevin geniş nitqində həm Şuşanın Azərbaycan üçün, həm də strateji baxımdan əhəmiyyəti ilə bağlı vacib mesajlar səsləndirdi. Cənab Prezident qeyd etdi ki, Şuşa şəhərinin qurucusu Pənəhali xandır və şəhərin təməlini 1752-ci ildə Pənahəli xan qoyub və biz gələn il Şuşanın 270 illiyini qeyd edəcəyik. Bu o deməkdir ki, Şuşanın tarixi ilə bağlı bütün faktlar azərbaycanlılara aiddir. Dövlət başçısının ikinci mesajı isə ermənilərin Şuşa ilə bağlı fikirlərinə cavab xarakteri daşıyır. Onlar Şuşa ilə öz tarixi bağlılıqlarını ifadə etməyə heç bir mənbə və fakt tapmırlar. Buna görədir ki, Ermənistanın rəhbərliyi Cıdır düzündə araq içib təlxək kimi rəqs etdiyi halda, Azərbaycanın rəhbəri Cıdır düzündə Şuşanın tarixiliyini özündə əks etdirən “Xarıbülbül” Musiqi Festivalını keçirdi. İndi İsə Vaqif Poeziya Gülərini keçirir.
Digər bir mesaj isə ədalətin mövcudluğu ilə bağlıdır. Azərbaycanın müzəffər ordusu bu ədaləti bərpa etdi və bu gün Şuşa azaddır, yenidən öz sakinlərini gözləyir”.
Deputat vurğulayıb ki, ermənilər 30 il ərzində Şuşanın tarixini saxtalaşdırılmasına çalışsalar da, heç bir halda buna nail ola bilməyiblər: “Prezident separatçı qurumun şeytanları üçün tikintisinə başladığı şeytan yuvasını dağıtdığımızı qeyd etməklə separatçı ermənilər üçün Şuşada yer olmadığını bəyan etdi. Sovet ideologiyasına görə xanlıqların təbliğinə qadağa qoyulduğu bir dövrdə Qarabağ xanının vəziri olmuş dövlət xadimi və şair Molla Pənah Vaqifə məqbərənin qoyulması Ulu Öndərin heç nədən çəkinməyərək Şuşanın Azərbaycan şəhəri olduğunun bəyan etməsi və o vaxtlar da Şuşaya olan ermənilərin iddiaların məhv edilməsi demək idi”. Deputat bildirib ki, Şuşa AXCP və Müsavat cütlüyünün xainliyi nəticəsində ermənilərə verildi, amma müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz bu tarixi Azərbaycan şəhərini sahiblərinə geri qaytardı:
“Biz bu gün şəhərə yeni ruh veririk. Şuşanın ermənilərə verilməsi Ermənistanın Dağlıq Qarabağla coğrafi bağlantısını yaratdı və digər ərazilərimizin də işğal olunmasına yol açdı. Şuşa yenidən qurulur və dünyanın ən gözəl şəhərinə çeviriləcəkdir. Şuşada məscidlər, tarixi abidələr bərpa olunur. Tarixini və milli mədəniyyətini özündə əks etdirməklə hazırlanmış şəhərin baş planına uyğun yaşayış massivləri, otellər, kongres zalı, sanatoriya və digər vacib infrastruktur yaradılacaq. Şuşa heç vaxt erməninin olmamışdır. Hətta işğal altında olduğu 28 il ərzində də ermənilər nə qədər Şuşada milli mədəniyyətimizi və tariximizi dağıtmağa çalışsalar da, özününkiləşdirə bilmədilər. Şuşa sadəcə 28 illik əsirlikdə oldu, amma hər zaman ruhu Azərbaycanla döyünürdü. Şuşa həmişə Azərbaycanın olub və həmişə də olacaqdır. Şuşa sən azadsan! Biz qayıtmışıq! Qarabağ Azərbaycandır!”.
Aygül Qarayeva Demokrat.az


