Gündəm

"Azərbaycanlı sülhməramlıların Əfqanıstandakı fəaliyyəti fədakarlıq və insanlıq nümunəsidir"

Azərbaycanlı sülhməramlıların Əfqanıstandakı fəaliyyəti fədakarlıq və insanlıq nümunəsidir

“Azərbaycanlı sülhməramlı hərbçilərinin Əfqanıstandakı fəaliyyəti, göstərdiyi fədakarlıq və insanlıq nümunəsi hər bir azərbaycanlını qürurlandırır. NATO rəhbəri də bu cür fəaliyyətə görə Azərbaycana təşəkkürünü bildirdi. Bu, bir daha Azərbaycan xalqının böyüklüyünü, yüksək mənəvi dəyərlərə sahib olduğunu göstərir”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat Qarabağdakı rus sülhməramlıların fəaliyyətindəki qanunsuzluq fonunda azərbaycanlı sülhməramlılarının Əfqanıstandakı fəaliyyətinin nümunəvi olduğunu bildirib:

Azərbaycanlı sülhməramlıların Əfqanıstandakı fəaliyyəti fədakarlıq və insanlıq nümunəsidir

“Biz hazırda həm də Qarabağda rus sülhməramlı qüvvələrin fəaliyyətini izləyirik. Zaman-zaman onların fəaliyyəti ilə bağlı xoşagəlməz halların şahidi oluruq. Bu baxımdan, rus sülhməramlıların Qarabağda uğurlu fəaliyyət göstərdiklərini deyə bilmərik. Onların məsuliyyət zonası olan ərazilərdən Azərbaycan mövqelərinə atəş açılır. Rus sülhməramlıların vəzifəsi nəzərdə tutulan ərazilərdə birgə yaşayışı, sülhü təmin etməkdir. Həmçinin azərbaycanlıların həmin ərazilərə qayıtması üçün şəraitin yaradılmasını təmin etməlidirlər. Lakin biz rus sülhməramlılarının fəaliyyətinin birtərəfli olduğunu, ermənilərə dəstək istiqamətində addımların atıldığının – onlar tərəfindən evlərin tikildiyini, su daşındığının şahidi oluruq. Sülhməramlıların məqsədi və vəzifəsi aydındır, onların fəaliyyətində birtərəfli yanaşma olmamalı idi. Ən əsası, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması onların əsas vəzifəsidir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, sülhməramlılar bu fəaliyyəti uğurla həyata keçirə bilmədi. Azərbaycan xalqının sülhməramlıların vəzifələrini uğurla həyata keçirəcəyinə dair ümidi, inamı vardı. Lakin biz bu gün onların fəaliyyətinə təəssüflənirik. Azərbaycanlı sülhməramlılar tərəfindən Əfqanıstanda qadınlara göstərilən hörmət, azyaşlı uşaqlara diqqət, onların təhlükəsiz ərazilərə aparılması sülhməramlılarımızın hansı dəyərlərə sahib olduğunu sübut etdi. Azərbaycanlı sülhməramlılar “sülhməramlı” dedikdə hansı fəaliyyətin, anlayışların nəzərdə tutulduğunu göstərdi. Bu, Azərbaycan xalqının, sülhməramlıların dəyərlərini, peşəkarlığını bütün dünyaya sübut etdi”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az