Tanınmış vəkil Aslan İsmayılov Azərbaycan Respulikasının Baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. Demokrat.az-ın xəbərinə görə, müraciətdə deyilir: “Cənab Baş prokuror! Dəfələrlə Sizə KİVDF ilə bağlı aparılan cinayət işində qanun pozuntularına yol verildiyi, əsas günahkar şəxslərin məsuliyyətdən kənarda qaldığı barədə müraciətlər edib işin istintaqına nəzarət etmənizi xahiş etmişəm. Artıq cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır və cinayət işinin materialları hamıya bəllidir. İş materialları göstərir ki, şübhələrim əsaslı olub və cinayət işinin təşkilatçıları və əsas icraçıları məsuliyyətdən kənarda qalıb. Sadəcə, bir neçə faktı diqqətinizə çatdırıram. İş üzrə on milyonların mənimsənilməsində birbaşa təşkilatçı olan Prezidentin keçmiş köməkçisi Əli Həsənova “gözün üstə qaşın var” deyən olmayıb. Məhz buna görə Əli Həsənov tək sizə yox, bütün Azərbaycan xalqına hörmətsizlik edib jurnalistlərin sualına “qoz kimiyəm” deyir. “Verso-M” tikinti şirkətinin sahibi, on milyonlar mənimsənilən tikinti işlərini həyata keçirən Mehrac Babayev bu günlərdə dəbdəbəli tədbirlər keçirir. Əli Həsənovun tapşırığı ilə onun çirkli işlərində şəriki olan "Xəmsə" restoranının sahibi, KİVDF-nin yeyinti məqsədilə keçirilən bütün tədbirlərinin təşkilatçısı Mürvət Həsənli mətbuatın ulduzuna çevrilib. Bu şəxslər o qədər toxunulmazdırlar ki, iş üzrə şahid kimi də dəvət olunmayıblar. Hörmətli Kamran müəllim! Sizi şəxsən tanıdığımdan, savadınıza, dürüstlüyünüzə inandığımdan çox arzulayıram ki, siz də sələfiniz Zakir Qaralovun aqibətini yaşamayasınız. O, haqq etdiyini, nəfsinə qurban olduğunu yaşayır. Zənnimcə Siz o aqibətə layiq deyilsiniz. Ona görə də Baş prokuror səlahiyyətini layiqincə yerinə yetirir”.
Demokrat.az


