“Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” kanalına verdiyi müsahibədə Ermənistanla münasibətlər, sərhəddəki hadisələr, həmçinin rus sülhməramlılarının məsuliyyət zonasında baş verənlərlə bağlı mühüm fikirlər səsləndirdi. Bu fikirlər sülhməramlı missiyasını üzərinə götürən və faktiki olaraq Ermənistanın müttəfiqi olan Rusiyaya, eləcə də bu ölkənin müdafiə nazirinin Ermənistan ordusuna dəstəklə bağlı açıqlamalarına mesaj idi”. Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirib. O, Prezidentin səsləndirdiyi fikirlərin Rusiya və İrana ciddi mesaj olduğunu, Azərbaycanın prosesləri nəzarətində saxladığını qeyd edib:
“Dövlət başçısı baş verənlərə tənqidi münasibət göstərərək bildirdi ki, Azərbaycan tərəfi narahat doğuran məsələləri diplomatik formada çatdırmağa çalışırdı, lakin artıq elə bir vəziyyət yaranıb ki, narahatlığımızı açıq şəkildə çatdırmağı vacib hesab edirik. Bu, sülhməramlıların fəaliyyətlərinə aid olmayan işlər görmələri, o cümlədən Laçın dəhlizinə nəzarət məsələləri ilə bağlıdır. Sülhməramlıların məsuliyyət zonası hesab edilən bu dəhlizdən Ermənistandan canlı qüvvə və texnikalar daşınır. Prezident həmçinin İrana da mesaj göndərərək, oradan gələn yük maşınlarının Azərbaycana məlumat verilmədən Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə yüklər daşıdığını qeyd etdi. Dövlət başçısı Laçın dəhlizinə nəzarət etdiyimizi, Qarabağa gedən-gələn yüklərdən xəbərdar olduğumuzu qeyd etdi. Prezident bu mesajlarla iki ölkənin – Rusiya və İranın Azərbaycanla münasibətlərdə daha səmimi və obyektiv olmalarının vacibliyini çatdırdı. Dövlət başçısının digər mesajı Qarabağ ərazisində qalan və sayı təxminən 20-25 min olan erməni əhalisinə idi. Prezident onları haqlı olaraq “yollarını azmış, terrorçu qrupların təsiri altında olan insanlar” kimi dəyərləndirdi. Dövlət başçısı növbəti dəfə onların Azərbaycan cəmiyyətinə inteqrasiya olmalarında maraqlı olduğunu qeyd etdi. Həmçinin, növbəti dəfə Ermənistana müraciətlə Azərbaycanın mövqeyini çatdırdı. Biz bölgədə sülhün, sabitliyin təmin olunmasında maraqlıyıq. Eyni mövqeyi Ermənsitandan da gözləyirik. Ermənistanda faşist, revanşist düşüncə olsa, buna qarşı adekvat tədbirlər görüləcək. Prezident bu fikirlərin davamını Kəlbəcər və Laçına səfəri zamanı da səsləndirildi. Dövlət başçısı sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi ilə bağlı açıq şəkildə bildirdi ki, Azərbaycan harada lazımdırsa, orda dayanıb və bu, belə davam edəcək”. Son vaxtlar Ermənistan tərəfinin artan təxribatlarının arxasında prosesləri yubatmaq cəhdi olduğunu qeyd edən politoloq, Azərbaycanın bu kimi hallara hazır olduğunu vurğulayıb: “Ermənilər tərəfindən sərhəddə, o cümlədən sülhməramlıların fəaliyyət zonasında müəyyən təxribat halları olur. Ermənistanın bu təxribatlarda marağı vəziyyəti mümkün qədər gərginləşdirmək və 10 noyabr anlaşmasına əsasən öhdəliklərini yerinə yetirməyi yubatmaq və vaxt qazanmaqdan ibarətdir. Bu isə heç bir şəkildə Azərbaycanı qane etmir. Digər tərəfdən, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyir. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasından əvvəl alternativ olaraq dəmiryolu xəttinin işə salınmasını istəyir, lakin bu variant da bizim üçün keçərli deyil. Çünki Zəngəzur dəhlizinin fəaliyyəti 10 noyabr üçtərəfli bəyanatında ayrıca bir bənd kimi göstərilib. Azərbaycan Ermənistanın bu cür təxribat hərəkətlərinə hazırdır və cavab verir. Lakin biz bu mərhələdə məsələləri Ermənistanla deyil, daha çox Rusiya ilə həll etməliyik. Ermənistan sərhəddə və Qarabağdakı təxribatlarını mümkün qədər Rusiyaya yansıdaraq, bəlkə də, onun nəzarəti altında həyata keçirir. Paralel olaraq Rusiya tərəfinin verdiyi açıqlamalar da Azərbaycan cəmiyyətində ciddi narazılıq doğurur. Həm Rusiya müdafiə nazirinin Ermənistan ordusunun yenidən qurulmasına dəstəklə bağlı səsləndirdiyi fikirlər, həm xarici işlər nazirinin açıqlamaları təbii olaraq tərəfimizdən etirazlar qarşılanır. Düşünürəm ki, üçtərəfli İşçi Qrupunun avqustun 17-dəki görüşü prosesləri “ölü nöqtə”dən çəkməyə cəhd kimi qiymətləndirilə bilər. Həmçinin, Ermənistan baş naziri Nikol Paşinyanın bir neçə gün əvvəl kommunikasiyaların açılmasını, sülh danışıqlarını məqbul hesab etmələri ilə bağlı açıqlamalar verməsi müsbət irəliləyiş kimi dəyərləndirilə bilər. Ermənistan manevr edib, kənar qüvvələri, xüsusilə ATƏT-in Minsk qrupunu proseslərə cəlb etməyə çalışır. Lakin bu cəhdlər əbəs yerədir. Azərbaycanın hazırkı əsas məsələsi sülhməramlıların nəzərdə tutulan funksiyalarını dəqiq olaraq yerinə yetirmələri ilə bağlı tələb irəli sürməkdir. Bu baş verməsə, ermənilərin Laçın dəhlizindən, İran və başqa dövlətlərdən Azərbaycanın nəzarətindən kənar yüklərin daşınması davam etsə, Azərbaycan Rusiya ilə bu məsələləri müzakirə edərək, yeni addımlar ata bilər. Azərbaycan Laçın dəhlizinə, Ermənistanla sərhədə özünün sərhəd-buraxılış və Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq bölmələrini yerləşdirmək hüquna malikdir. Proseslər bizi qane etməyən istiqamətdə irəliləsə, Azərbaycan bu addımları ata bilər”. Aygül Qarayeva Demokrat.az