Bu gün 50 nəfər Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov şuşalıları salamlayaraq qeyd edib ki, bu gün şəhərin tarixində önəmli gün kimi qalacaqdır:
“Əminəm ki, 29 illik həsrətdən sonra Şuşanı görmək sizlər üçün böyük bir hadisədir. Ali Baş komandan İlham Əliyevin “Dəmir Yumruq” əməliyyatı və Ordumuzun şücaəti sayəsində azad olunan Şuşa şəhərinə qayıdan ilk sakinlər sizlər olmusunuz və müəyyən müddətdən sonra bütün Şuşa sakinləri öz doğma şəhərlərinə qayıda biləcəklər”.
Məftun Abbasov bildirib ki, erməni vandallarının şəhərə vurduqları ziyanı hər bir küçədə, evdə görmək mümkündür. Buna baxmayaraq, şəhərin Baş planına uyğun olaraq, şəhərdə bərpa və yenidən qurma işləri tam gücü ilə davam edir, küçələr və parklar yenilənir, şəhərin həyat əhəmiyyətli infrastrukturu dəyişdirilir, tarixi abidələr bərpa olunur, yararsız vəziyyətə düşən ərazilər yenidən qurulur. Bu baxımdan Şuşanın tarixi libasının qorunması şərti ilə müasir şəhərə çevrilməsi prosesinə başlanıb.
Daha sonra Şuşa sakinləri Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və Ermənistan Silahlı Qüvvələrinin 1992-ci ildə Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər.
Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.
Vasif Həsənli Demokrat.az - Şuşa


