Gündəm

Bu adama görə məsuliyyəti hansı kanal daşımalıdır?

Bu adama görə məsuliyyəti hansı kanal daşımalıdır?

Əsas məsələ belə məsuliyyətsiz insanlara şans verən internet TV kanallarıdır.

Mirşahinin İsfəndiyar Vahabzadə haqda şərhindən bir hissəni təqdim edirəm. Söhbət İsfəndiyarın nə dediyindən getmir, harada dediyindəndi.

...Yəni İsfəndiyar Vahabzadə öz ampluasında olub. Bu dəfə də istisna olmadı. Ona görə də mən məsələyə bir az başqa bucaqdan baxıram: Belə məsuliyyətsiz çənə gimnastlarını efirə buraxan platformaların daşımalı olduğu məsuliyyət prizmasından. Kimin kanalında danışıb bu məsuliyyət çatışmazlığından əziyyət çəkən “zorən diplomat?” Bu adama görə məsuliyyəti hansı kanal daşımalıdır? Nə vaxta qədər həvəskar teletribunların belə təşəbbüskar “aqillərə” yaratdığı şəraitin ağrısını bizim başımız çəkəcək? Nə vaxta qədər virtual məkan “minalanmış sahə” kimi ölkəmizə, xalqa təhlükə saçacaq? Bu müstəvidə - SOSİAL ŞƏBƏKƏLƏRDƏ - qayda yaratmağa nə vaxt başlayacağıq?

Məni düzgün başa düşün! Sosial media, intermet TV-lər ölkədə məsuliyyət böhranı yaradır!

“Jirinovski məsələsi” deyil problem! Başıpozuq, qaydasız, başsız efir məsələsidi! Yayım maşınlarının sükanı arxasında oturan məsuliyyətdənkənar qeyri-peşəkarlar məsələsidi! İsfəndiyar Vahabzadənin çıxışlarında özünəməxsus təxribat elementləri həmişə olub. O, təkcə bu dəfə, təkcə Rusiya və ruslarla bağlı həddini aşmayıb ki! Keçmiş səfir buna qədər Azərbaycanın dövlət kursunu zərbə altına alan fikirlər də söyləmişdi. Sosial şəbəkələtdə hüquq-mühafizə orqanları ciddi təhqiqat aparsaydı, o və onun kimilər uzaq olduqları məsuliyyətə çoxdan cəlb edilərdi!

Təkrar edirəm: mən İsfəndiyar Vahabzadənin son çıxışını, fikirlərinin uzaq gedən sədasını, yaratdığı rezonansı bir kənara qoyuram. Əsas məsələ belə məsuliyyətsiz insanlara şans verən internet TV kanallarıdır. Bu tribunaların daşıdığı məsuliyyət hansısa sabiq səfirin məsuliyyətindən daha çoxdur! Söhbət bir avantüristin Gerasimi Mumuyla səhv salan təfəkküründən yox, Azərbaycanın informasiya təhlükəsizliyindən gedir! Biz hara baxırıq? Nədən danışırıq?

Dostlar, Jirinovski də, Vahabzadə də təfərrüatdı! Başlıcası yayıma görə məsuliyyətdi! Qaçaqmal tv-ləri öz dayaz beyinləri, qeyri-peşəkarlıqları, əsassız iddiaları ilə ölkədə vəziyyətin gərginləşməsinə çalışırlar! Özü də mənə söz azadlığı, düşüncə azadlığı kimi mövzularda vəz oxumağa cürət etməsin heç kim. Bilirsiniz də sonda nə olur?! Günlərin bir günü söz azadlığının atası, məsələn, növbəti Bayden çıxır ortaya və deyir: “Öz ölkənizi özünüz qoruyun! Biz getdik!”

... “Vahabzadə böhranı” Rusiya-Azərbaycan böhranı deyil! Məsuliyyət böhranıdı! Ağız sərhədini qoruya bilməyənlərin məsuliyyət böhranı!

... Jirinzadə və ya Vahabovski isə bu böhranın adicə fəsadıdır!

Sənan Nəcəfov Demokrat.az

D
demokrat.az