Gündəm

Deputat: "Rusiya Ermənistanı silahlandırmaya da son qoymalıdır"

Deputat: Rusiya Ermənistanı silahlandırmaya da son qoymalıdır

“Erməni təxribatlarının sülhməramlıların nəzarəti olan ərazilərdə baş verməsi, yeni postların qurulması, Qarabağa canlı qüvvə və silah daşınması ilə bağlı məlumatlar Azərbaycan ictimaiyyətində haqlı olaraq ciddi narazılıq doğurur. Sülhməramlı missiya öz öhdəliyini düzgün yerinə yetirməli, ermənilərin pozucu fəaliyyətinə imkan verməməlidir. 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 4-cü bəndində də qeyd olunduğu kimi, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma təəssüf ki, biz nəinki paralel çıxarmanı görmədik, əksinə burada erməni postlarının yerləşdirildiyini müşahidə edirik”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

O, Rusiyanın üçtərəfli razılaşmanın tərəfi kimi məsuliyyət daşıdığını və bu məsuliyyətə uyğun addımlar atmasının lazım olduğunu qeyd edib:

“Prezident İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində də bəyan etdi ki, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilə bilməz. Bu, 10 noyabr üçtərəfli bəyanatına ziddir. Dövlət başçımızın da qeyd etdiyi kimi, Laçın dəhlizi bizim gözümüzün önündədir. Biz Laçın dəhlizi ilə Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələri də izləyirik. Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik və rəsmi Bakı haqlı olaraq, tələb edir - buna son qoyulmalıdır!

Ümumiyyətlə, Rusiya Ermənistanı silahlandırmaya da son qoymalıdır. “Rusiyadan gözləntimiz odur ki, üçtərəfli anlaşmanın bütün müddəaları yerinə yetirilsin. Çünki bu razılaşmanı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzaladılar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir” deyən Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hazırda əsas prioritet kommunikasiyaların açılmasıdır. Rəsmi Bakı haqlı olaraq bu məsələdə paralel açılmanın tərəfdarıdır. Prezident burada Ermənistanla digər nəqliyyat layihələrinin ola biləcəyini qeyd etməklə əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha diqqətə çatdırdı. Kommunikasiyaların açılması Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi deməkdir. Bu baxımdan bütün tərəflər səyləri bu istiqamətdə birləşdirməlidir”.

Aygül Qarayeva Demokrat.az

D
demokrat.az