“Son vaxtlar Ermənistanın təxribatlarının sayının artması beynəlxalq ictimaiyyətin diqqətini Qarabağa və Ermənistana yönəltmək cəhdləridir. Məlumdur ki, Ermənistan 44 günlük müharibədən sonra özünə gələ bilməyib. Digər tərəfdən həm müxalifət, həm də xalq dəhlizlərin, yeni xətlərin açılması ilə bağlı Paşinyana sərt reaksiya göstərir. Ermənistan hər vəchlə çalışır ki, siyasi vəziyyəti gərginləşdirərək, 10 noyabr birgə bəyanatına əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün vaxt qazansın”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov bildirib.
O, Ermənistanın müharibədən nəticələrini aradan qaldıra bilmədiyini və vaxt qazanaraq, öhdəliklərini yerinə yetirməkdən imtina etdiyini qeyd edir:
“Ermənistanın vaxt qazanmaq cəhdləri Azərbaycanın xeyrinə deyil. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı açıqlamasında hazırda yeganə düşmənin zaman olduğunu bildirib. Proseslər sürətlənməli, nəzərdə tutulan işlər görülməlidir. Paşinyan isə vəziyyəti gərginləşdirməklə beynəlxalq ictimaiyyətə sülh müqaviləsinin mümkünsüzlüyü fikrini çatdırmağa çalışır. Ermənistan tərəfi iki dövlət arasında əməkdaşlığın qurulmasının çətin olduğunu, Azərbaycanın Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə təminat verə bilməyəcəyini iddia etməyə çalışır. Qarşı tərəfin bütün təxribatlarında əsas məqsəd məhz budur.
Başqa bir məsələ budur ki, Ermənistandan Qarabağa canlı qüvvə və silah-sursatın daşındığı deyilir, bəs Ağdamda fəaliyyət göstərən Türkiyə və Rusiya birgə monitorinq mərkəzi buna niyə müdaxilə etmir? Onların əsas vəzifəsi əraziyə monitorinqi həyata keçirmək və mümkün qanunsuz proseslərə təsir etməkdir. Lakin son hadisələr bunu göstərmir. Onda demək bu mərkəzin faktiki fəaliyyəti yoxdur? Biz birgə monitorinq mərkəzi ilə bağlı məsələyə yenidən baxmalayıq. Monitorinqə müraciət etmək, bu sualları onlara vermək lazımdır. Monitorinq mərkəzi uçuş aparatları ilə, Laçındakı rus sülhməramlılarının nəzarət etdiyi sərhəd-buraxılış məntəqəsi isə kameralar vasitəsi ilə əraziyə nəzarət edir. Bəs həmin görüntülər hardadır? Düşünürəm ki, bütün suallar və məlumatlar həmin mərkəzlərə verilməli, lazımi cavab əldə olunmalıdır”.
Eskpert bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sülh danışıqlarına hazır olması ilə bağlı açıqlaması da vaxt qazanmaq cəhdlərinin bir hissəsidir:
“Paşinyan açıqlama verərək Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bildirir, lakin yenə ATƏT-in Minsk qrupunun fəaliyyətini gündəmə gətirir. Paşinyan da anlayır ki, sülh müqaviləsi imzalanacağı halda Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmi şəkildə qəbul etmiş olacaq. Ona görə də, Paşinyan hər vasitə ilə vaxt qazanmaq niyyətindədir. Həm Şuşa istiqamətində mövqelərimizin atəşə tutulması, həm də Laçın və Kəlbəcər rayonunda erməni postlarının qurulması ilə Ermənistan təcavüzkar siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir. Ermənistan məsələlərin Minsk qrupu çərçivəsində həll olunmasını gündəmə gətirmək istəyirlər, lakin Azərbaycanın bu məsələdəki mövqeyi bəllidir. ATƏT-in Minsk qrupu öz fəaliyyətini başa çatdırıb. Bu təşkilatın fəaliyyəti necə olub, bunu hər kəs bilir. Ermənistan isə Minsk qrupunun fəaliyyətini gündəmə gətirməklə üzərinə götürdüyü öhdəlikləri yetinə yetirmək fikrində olmadığını göstərir”.
T.Qasımov Azərbaycanın Ermənistana təsir mexanizmi kimi Laçın dəhlizini bağlamalı olduğunu vurğulayıb:
“Ermənistan üzrəinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, Azərbaycan da Laçın dəhlizini bağlamalıdır. Bununla da, Qarabağda yaşayan ermənilərin, erməni icmasının Ermənistanla münasibətləri kəsilməlidir. Bu günədək Zəngəzur dəhlizi fəaliyyətə başlamalı idi, lakin bu istiqamətdə işlər görülməyib, hələ də danışıqlar prosesi davam edir. Bu baxımdan, Azərbaycanın ən yaxşı siyasi silahlarından biri Laçın dəhlizidir. Azərbaycan Ermənistana ultimatum və ardınca üçtərəfli bəyannamənin bəndlərinin yerinə yetirilməsi üçün müəyyən vaxt verməlidir. Həmin maddələr həyata keçirilməyənədək Laçın dəhlizi bağlı qalmalıdır. Laçın dəhlizinin bağlanması Qarabağ ermənilərinin oksigeninin bitməsi deməkdir. Ona görə də təklif edirəm ki, Azərbaycan tərəfindən Laçın dəhlizinin bağlanması məsələsi yenidən gündəmə gətirilsin”.
Aygül Qarayeva Demokrat.az


