“Avqustun 11-də baş verən hadisələr regionda çox mürəkkəb proseslərin getdiyindən xəbər verir. Azərbaycan Müdafiə Nazirliyi sərt şəkildə bəyanat verərək, 10 noyabrda imzalanmış üçtərəfli bəyannamənin 4-cü bəndinin yerin yetirilməməsindən narahatlığını ifadə etdi. Həmin bəndə əsasən Ermənistan silahlı qüvvələrinin qalıqları Qarabağ ərazisindən çıxarılmalı idi. Lakin nəinki bu qüvvələr ərazidən çıxarılır, hətta rus sülhməramlı hərbçilərinin yaratdığı şəraitlə erməni silahlıları yenidən Qarabağ ərazisində yerləşdirilməkdədir. Bununla bağlı danılmaz faktlar var”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Emənilərin rus sülhməramlıların nəzarəti altında post qurmasını tənqid edən deputat Rusiya-Ermənsitan müdafiə nazirlərinin görüşünün Azərbaycan ictimaiyyətində narazılıq yaratdığını da bildirib:
“Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, həmçinin Laçın və Kəlbəcər rayonlarının ərazisində erməni postları qurulmaqdadır. Bu isə 10 noyabr sənədi ilə ziddiyyət təşkil edir. Rusiyalı sülhməramlılar buna görə çox böyük məsuliyyət daşıyırlar. Müdafiə Nazirliyinin sərt bəyanatında baş verən hadisələrə görə bütün məsuliyyəti Ermənistan tərəfinin daşıdığı da diqqətə çatdırılıb.
Digər tərəfdən, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ermənistanın yeni müdafiə nazirini qəbul etdi. Bu görüş zamanı Ermənistan ordusunun müasirləşməsinə Rusiyanın ciddi dəstək verəcəyi ifadə olundu. Həmçinin Şoyqu Ermənistanı Rusiyanın əsas hərbi-starteji müttəfiqi kimi dəyərləndirdi. Bu da təbii olaraq Ermənistanda revanşizm hisslərini gücləndirən haldır. Bu, 10 noyabr və 11 yanvar üçtərəfli bəyannamələrinin həyata keçirilməsi üçün ciddi maneədir. Bu hallar heç şübhəsiz Azərbaycan ictimaiyyətini narahat edir”.
Deputat Qarabağdakı ermənilərin sülhməramlıların yaratdığı şəraitlə İran ərazisindən gələn silah-sursatlarla təmin olunmasını iki dövlət arasındakı münasibətlərə kölgə saldığını bildirib:
“İranın Azərbaycandakı səfiri də Xarici İşlər Nazirliyinə çağrılaraq, İran ərazisindən Qarabağa təyinatı məlum olmayan yüklərin daşınması ilə bağlı xəbərdarlıq edib. Bu proses Azərbaycanın icazəsi olmadan baş verir və bununla da, İranın Ermənistana dəstəyi öz əksini tapmış olur. Bu, qəbuledilməz haldır. Bu, Azərbaycanla İran arasındakı ənənəvi qonşuluq, dostluq münasibətlərinə uyğun gəlmir. Baş verən hadisələr iki dövlət arasındakı münasibətlərə kölgə salır. Üçüncü ölkədən Qarabağa ermənilərə dəstək üçün yük maşınlarının hərəkət etməsi ilə bağlı dəqiq sübutlar, faktlar var. Hətta yük maşınlarının Qarabağa giriş edərkən nömrələrinin Ermənistan qeydiyyatlı nişanları ilə dəyişdirilməsi ilə bağlı da məlumatlar var”.
Deputat qeyd edir ki, baş verən bu hadisələrə paralel olaraq Nikol Paşinyanın sülh danışıqlarına hazır olduğunu bildirməsi və ATƏT-in Minsk qrupunu prosesə dəvət etməsi vaxt qazanmaq cəhdləridir:
“Bu hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu və ATƏT-in Minsk qrupundan yeni təkliflər gözlədiyini elan edib. Bu, Ermənistanın növbəti təxribat addımıdır. Hər kəsə məlumdur ki, ATƏT-in Minsk qrupu öz fəaliyyətini başa vurub. Bu təşkilat münaqişənin həllinə heç bir kömək etmədi, əksinə həmsədrlər işğalçının yanında yer almaqdan çəkinmədilər. 44 günlük müharibə bu cür həqiqətləri bütün reallığı ilə üzə çıxardı. Belə olan halda Minsk qrupundan hansı təklifi gözləyə bilərik? Yoxsa statusla bağlı təkliflər irəli sürəcəklər? Bəlkə, Ermənistanın baş naziri bunu nəzərdə tutub, amma bilməlidir ki, artıq status məsələsi yoxdur və müzakirə predmeti deyil. ATƏT-in Minsk qrupunun sülh danışıqları üçün ortaya qoya biləcəyi təklifi yoxdur. Bəlkə də, Ermənistanın baş naziri bu cür açıqlama ilə özünün sülhpərvər obrazını formalaşdırmağa çalışıb və ya bununla vaxt qazanmağa çalışır ki, öz çirkin təxribatlarını, oyunlarını həyata keçirə bilsin. Görünür, Ermənistan hökuməti revanşist hissləri oyatmağa, bölgədə yeni münaqişəni alovlandırmağa çalışır, amma belə hallar bizim üçün qəbul olunmur və biz bu cür provakasiyalara getmirik. İki dövlət arasında olan şərtlərə Azərbaycan diqtə edir. Ermənistan həqiqətən sülh danışıqlarına başlamaq istəyirsə, Azərbaycanın öz şərtlərini bildirib, papağını qarşısına qoyub düşünsün”.
Aygül Qarayeva Demokrat.az


