Hadisə

"Azəriqaz"ın vəzifəli şəxsinin istintaqı başa çatdı

Azəriqazın vəzifəli şəxsinin istintaqı başa çatdı

“Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər Rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı müəyyən olunmayıb.

İttihama görə, Xəzər Rayon Texniki Qaz İstismarı Xidmətinin rəis müavini vəzifəsində çalışan Bağırov Ramil İxtiyar oğlunun və “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qaz İstismarı Departamentinin Xəzər Rayon Texniki Qaz İstismarı Xidmətinin Qaz Paylayıcı Stansiyasının operatoru vəzifəsində işləyən Kərimov Mətləb Niyazi oğlunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər üzrə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış ilkin araşdırma zamanı Ramil Bağırovun Mətləb Kərimov ilə cinayət əlaqəsinə girərək, sonuncu vasitəsilə Xəzər rayonu ərazisində yerləşən ticarət obyekti və yaşayış evlərinin yaxınlığından keçən qaz boru xətlərinin yerinin dəyişdirilməsi üçün vətəndaşlardan ümumilikdə 5700 manat məbləğində pul vəsaitini rüşvət qismində almalarına dəlalət edən kifayət qədər şübhələr müəyyən olunub.

İstintaq orqanı tərəfindən Mətləb Kərimovun barəsində Cinayət Məcəlləsinin 308.1-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Cinayət işində adı keçən Ramil Bağırovun cinayət işi ayrıca icraata götürülüb.

Cinayət işi üzrə Həsənov Hacı Əbülfət oğlu zərərçəkmiş qismində tanınıb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az